Ulu Öndər Azərbaycanın uğurlu inkişaf strategiyasının müəllifidir ŞƏRH
İctimai-siyasi və sosial-iqtisadi həyatının uğurlu dövrünü yaşayan Azərbaycanın yüksək göstəriciləri və nəticələri ilə dünya dövlətləri sırasında yer alması Ulu Öndər Heydər Əliyevin müdrik siyasətinin nəticəsidir. Müasir dövrümüzdə ölkəmizdə bütün sahələrdə əldə olunan nailiyyətlərin kökündə düşünülmüş siyasət, möhkəm siyasi iradə və xalq-dövlət birliyinin real əsasları dayanır. Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyası Azərbaycanın dünyanın inkşaf etmiş ölkələri sırasında nüfuzu, çəkisi olan dövlətə çevirib. Müstəqil dövlətimizin uğurlarından qürurla söz açarkən, bu nailiyyətlərin təməlinin qoyulduğu zamanın Azərbaycan tarixinin silinməz salnaməsi olduğunu qeyd etməliyik. Həmin tarix müstəqilliyini bərpa etmiş dövlətimizi təhlükələrdən xilas etdi və bugünki dünyada nüfuz qazanmış müstəqil Azərbaycanın adını zirvələrə yüksəltdi. Bu tarix, 1993-cü ilin 9 iyununda başlanmışdır.
O dövrdə siyasi hakimiyyətdə olanların səriştəsizliyi üzündən vətəndaş müharibəsinə rəvac verildi, milli dövlətçiliyimiz ikinci dəfə məhv olmağın bir addımlığına gətirildi. Belə bir zamanda xalq milli dövlətçiliyi qorumaq və vətəndaş müharibəsinin ağır fəsadlarından qurtulmaq üçün Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Heydər Əliyev 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəldi və Ulu Öndərin bu QAYIDIŞI Vətənin xilası, xalqın qurtuluşu idi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Böyük Şəxsiyyət Heydər Əliyev özü ilə bərabər Azərbaycana siyasi müdriklik gətirdi. "Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz", - Heydər Əliyev deyirdi.
İyunun 18-də Heydər Əliyev yaranmış vəziyyətlə əlaqədar xalqa müraciət etdi və hamını təmkinli olmağa, milli birliyə, vətəndaş həmrəyliyinə çağırdı. Parlamentin 24 iyun tarixli iclasında Milli Məclis Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul etdi. Bu, artıq bütün hadisələrin dövlətin nəzarəti altına götürülməsi, xalqın iradəsinə tabe edilməsi demək idi.
Ölkəmizdə baş verən hadisələr sonralar daha müsbət məcralara yönəldi və müasir müstəqil Azərbaycan Respublikasının tarixində son dərəcə əlamətdar gün olan 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Ulu Öndər Heydər Əliyev xalqın 98,84 faiz səsini qazanaraq Prezident seçildi. Ulu Öndər Heydər Əliyev 10 oktyabr 1993-cü ildə keçirilən andiçmə mərasimində deyirdi: "Belə bir yüksək məsuliyyətli vəzifəni öz üzərimə götürərkən, birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm".
Ümummilli Lider ölkəmizin ən yeni tarixində böyük bir epoxanı özündə təcəssüm etdirən, müstəqil dövlətin iqtisadi-siyasi, sosial, mədəni, elmi əsaslarını yaradan, gələcək inkişafı müəyyənləşdirən inkişaf strategiyasının müəllifi oldu. 1994-cü ilin 20 sentyabrında nəhəng neft müqaviləsi – "Əsrin müqaviləsi" imzalandı. Dünyanın ən aparıcı dövlətlərinin ən qabaqcıl şirkətlərinin bu kontraktda iştirakı isə ölkəmizin regionda əhəmiyyətini və nüfuzunu artırdı. Azərbaycan iri regional layihələrdə, Avropanın və bütövlükdə, dünya enerji təhlükəsizliyi sisteminə qoşuldu.1998-ci il oktyabrın 11-də Azərbaycanda növbəti prezident seçkiləri keçirildi. Ulu Öndər Heydər Əliyev xalqın yüksək fəallığı şəraitində keçən seçkilərdə səslərin 76,1 faizini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi. Azərbaycan xalqının Ulu Öndər Heydər Əliyevə ikinci dəfə böyük etimad göstərməsi təbii ki, səbəbsiz deyildi. Heydər Əliyevin ikinci dəfə seçkilərdə bu cür böyük üstünlüklə qələbə qazanması qədirbilən xalqımızın Ulu Öndərə, onun möhkəm siyasi iradəsinə və yüksək nüfuzuna, idarəçilik bacarığına olan dərin inamından qaynaqlanırdı.
1993-cü ildən başlayaraq, dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünki uğurları üçün ən etibarlı təməl oldu. Bu gün Azərbaycan regionun, Avropanın və ümumilikdə, dünya ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi əhəmiyyət kəsb edən bir ölkəyə çevrilmişdir. Beynəlxalq təşkilatlar regiondakı bütün layihələrdə Bakının mövqeyini nəzərə alırlar. Ölkəmiz sosial-iqtisadi inkişafın tempinə görə dünya dövlətləri arasında liderlər sırasındadır. Cənab Prezidentin "Şadam ki, Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır, davam etdirilir, zənginləşir və ölkəmiz uğurla inkişaf edir" - deməsi çox böyük əsaslara söykənir. 2003-cü ildən bu günə qədər keçən dövr Azərbaycan sürətli inkişaf dövrünü yaşamış və dünyada analoqu olmayan iqtisadi templərlə inkişaf etmişdir. 2003-cü ildə və ondan sonrakı illərdə verilmiş bütün vədlər real əməldə öz əksini tapmışdır. Həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində, Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətinə çevrilib. Təkcə onu demək kifayətdir ki, ölkəmizin iştirakı olmadan regionda heç bir strateji layihə reallaşdırılmır. Həqiqətən də, Azərbaycan son 19 ildə bütün istiqamətlər üzrə böyük uğurlara imza atıb.
Bu gün Azərbaycan yeni iqtisadi və sosial çağırışların, nüfuzlu beynəlxalq qurumların tədbirlərinin keçirilməsi üçün əsas məkan kimi tanınır, dünyaya özünü demokratik ənənələrə sadiq, hüquqi və sosial dövlət kimi təqdim edir. Ölkəmizin bütün sahələrdə böyük uğurlar qazanması, maliyyə imkanlarının artması, ölkəmizin transmilli layihələrin təşəbbüskarı və əsas iştirakçısı kimi çıxış etməsi, müasir tələblərə cavab verən infrastrukturun yaradılması və s. Azərbaycanın beynəlxalq aləmdəki mövqelərini getdikcə daha da möhkəmləndirir. Azərbaycan Prezidentinin əməli fəaliyyətinin, iradəsinin nəticəsidir ki, Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib, qlobal əhəmiyyətli iqtisadi zonalar yaradılıb. Cənub Qaz Dəhlizinin, TANAP layihəsinin istifadəyə verilməsi uğurlu hadisələr sırasındadır. Cənab Prezidentin vurğuladığı kimi, bunlar dünyada da çox böyük əks-səda yaradan layihələrdir. Enerji siyasətinə gəldikdə isə, Cənab Prezidentin qeyd etdiyi kimi, bunun təsiri təkcə ölkəmizdə hiss olunmur, Azərbaycanın təşəbbüsü ilə bölgədə, Avrasiya məkanında həyata keçirilən layihələr önəm daşıyır. Uğurlu daxili və xarici siyasət sayəsində dövlətçilik ənənələri möhkəmlənib və iqtisadiyyat dinamik inkişaf edib.
Əldə olunan möhtəşəm nailiyyətlər Azərbaycanı güclü və qüdrətli dövlətə, Zəfər qazanmış ölkəyə çevirib. Bu gün işğaldan azad olunan ərazilərimizdə abadlıq-quruculuq işləri görülür. Görülən işlər, ölkəmizin beynəlxalq tədbirlərə ev sahibliyi etməsi Azərbaycanı dünyanın diqqətində olan ölkəyə çevirib. Müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin başladığı işlərin onun siyasi varisi - ölkə başçısı tərəfindən uğurlu davamı gələcəyə doğru inamla addımlayan Azərbaycanın daha yüksək zirvələr fəth edəcəyindən xəbər verir.
NATİQ ALLAHVERDİYEV
Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB