"Paşinyanın irəli sürdüyü bu sərsəm şərtə..." - DEPUTAT ŞƏRH ETDİ

"Sirr deyil ki, Brüsseldə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə 5 saat davam edən gərgin müzakirələrin gündəliyi Azərbaycanın təqdim etdiyi 5 baza prinsip əsasında qurulmuşdu. Bilirsiniz ki, görüşdən sonra Aİ Şurasının Prezidenti cənab Şarlı Mişel bəyanat yaydı və açıqlamada ilk diqqət çəkən məqam, səslənən tezislərin faktiki olaraq Prezident İlham Əliyevin bir müddət öncə irəli sürdüyü 5 şərtə əsaslanması ilə bağlı oldu". Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, Şarl Mişelin qeyd etdi ki, yaxın günlərdə Azərbaycan və Ermənistan arasında birgə sərhəd komissiyasının iclası olacaq və iclasda sərhədlərin delimitasiyası ilə bağlı proseslər, habelə, vəziyyətin stabilləşməsi məsələləri müzakirə olunacaq: "Bildiyiniz kimi, bu məzmunu Azərbaycanın irəli sürdüyü baza şərtləri tam əhatələyir. Təsadüfi deyil ki, aprelin 6-dan bəri prosesi ləngidən Ermənistanın baş nazri nəhayət ki, müvafiq komissiyanın yaradılması barədə akt imzaladı".

Deputat sözlərinə belə davam edib: "Bilirsiz ki, eyni məzmunlu sənədi Azərbaycan Prezidenti də imzaladı və bu da cənab Mişelin açıqlamada da deyildiyi kimi, liderlərin gələcək sülh müqaviləsi üzrə müzakirələri davam etdirərək prosesləri irəliyə aparmaq niyyətlərinə əməli dəstək oldu.

Yekun bəyanatda əks olunan digər vacib məqam liderlərin nəqliyyat xətlərinin açılmasının vacibliyini vurğulayaraq Azərbaycanın qərbi ilə Naxçıvanı birləşdirəcək müntəzəm nəqliyyat kommunikasiya xətlərinin açılması və tranzit imkanları barədə prinsipləri razılaşdırması ilə bağlıdır. Qeyd edilir ki, yaxın günlərdə Baş nazirin müavinləri nəqliyyat kommunikasiya xətləri və beynəlxalq daşımalarla bağlı, gömrük məsələləri ilə bağlı işləri davam edəcəklər.

Bildiyiniz kimi, Zəngəzur dəhlizləri anlayışı cənab İlham Əliyevin ideyasıdır və ilk olaraq 10 noyabr bəyanatında əks olunmuşdu. Lakin İrəvan sonradan bu öhdəliklə bağlı mövqeyindən yayınırdı. Azərbaycan Prezidenti isə dəfələrlə, qətiyyətlə bu dəhlizin mütləq açılacağını bildirərək hətta, irəli sürdüyü 5 baza şərtdə də bu məsələyə yer vermişdi. Bu mənada, cənab Mişel əslində Azərbaycan Liderinin qeyd edilən mövzuda qələbəsini elan etmiş oldu. Görüşdə diqqət çəkən digər məqam, Ermənistan tərəfin irəli sürdüyü 6-cı şərtlə bağlı vəziyyət oldu. Düzdür, Paşinyanın irəli sürdüyü bu sərsəm şərtə Azərbaycan tərəfinin münasibəti aydın idi, lakin Brüssel görüşündə məsələyə dair reaksiyalar beynəlxalq ictimaiyyətdə maraq doğururdu. Şarl Mişel də bu kontekstdə çox maraqlı bir ifadə işlətdi və qeyd etdi ki, "hər iki liderin diqqətinə Qarabağdakı etnik erməni əhalisinin hüquqları və təhlükəsizliyi məsələsini" çatdırıb. Gördüyünüz kimi, cənab Mişel "Dağlıq Qarabağ" yox inzibati vahidimiz olan Qarabağ, "Qarabağ xalqı yox", "Qarabağdakı etnik erməni" ifadəsi işlətməklə beynəlxlaq hüquqa əsaslanaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətini ifadə etdi. Heç şübhəsiz ki, bu Paşinyan 6 şərtinin gündəlikdə olma ehtimalını heçə endirdi. Bu o deməkdir ki, proseslərin gedişatı məhz Prezident İlham Əliyevin müəyyən etdiyi xəttə uyğun davam edəcək".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə