Azərbaycan bölgədə öz sözünü deməkdədir - MÜSAHİBƏ

SİA Milli Məclisin deputatı Ramil Həsənin yap.org.az-a verdiyi müsahibəni təqdim edir:

- Ramil müəllim, dünyanın diqqətini yenidən azad Qarabağa, azad Şuşaya yönəldən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı başa çatsa da, onun ünvanladığı mesajlar, postmünaqişə dövrünün reallıqlarının təqdimatına töhfələri geniş müzakirə olunmaqdadır. Bununla bağlı sizin fikirlərinizi bilmək istərdik...

- Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Azərbaycanın həyatında yeni inkişaf mərhələsi başlayıb. 30 il düşmən tapdağı altında qalaraq yerlə-yeksan edilən, erməni vəhşiliklərinin şahidi olan torpaqlarımızın dirçəliş mərhələsində atılan davamlı addımların, uğurlu irimiqyaslı lahihələrin, planların icrasından böyük qürur hissi keçiririk. İşğaldan azad edilmiş ərazilərimizdə kompleks tədbirlər həyata keçirilir ki, bu da soydaşlarımızın Böyük Qayıdışının tezliklə reallığa çevriləcəyini şərtləndirir. Tarixi sahibinə qayıdan torpaqlarımızın əvvəlki simasına, şöhrətinə qaytarılması, ənənələrin bərpası prioritetdir.

2022-ci il dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə «Şuşa İli» elan edildi. Bu, azad Qarabağımızın, azad Şuşamızın dirçəldilməsinə xidmət edən mühüm addımlardan biridir. “Şuşa İli” çərçivəsində keçirilən tədbirlər, görülən işlər bu qədim şəhərin tarixinin, ümumilikdə Qarabağın dünyaya təqdimatında əhəmiyyətli rol oynayır. Bərpa-quruculuq işləri Azərbaycan xalqının öz torpaqlarına bağlılığının, ən əsası qurucu xalq olduğunun təsdiqidir.

Azərbaycanın döyünən ürəyi olan Şuşanın tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də ölkəmizin çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə bu qədim şəhərimiz ötən il dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Həmçinin bu ilin mart ayında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının Türkiyənin Bursa şəhərində keçirilən iclasında Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi barədə qərar qəbul olundu. Atılan hər iki mühüm addım Qarabağın tacının təqdimatında əhəmiyyətli rol oynayır.

Şübəhsiz ki, “Şuşa İli” çərçivəsində Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən təşkil olunan və üç gün davam edən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı da bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Beşinci festivala xarici ölkələrdən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilər, rəqs kollektivləri, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivləri qatıldılar. Əlbəttə ki, "Xarıbülbül" musiqi festivalı bu il beynəlxalq status qazandı. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın festivalın açılışında iştirakları, musiqi festivalına verilən önəm, ənənələrin bərpası istiqamətində uğurla həyata keçirilən dövlət siyasəti bir daha təsdiqləyir ki, mədəniyyət olaraq deyil, həm də mədəniyyət diplomatiyası baxımından əhəmiyyətlidir. Əsas hədəflərdən biri Azərbaycan incisini, sahibi olduğumuz torpaqları bir daha dünyaya çatdırmaq, bu torpağın mirvarisi kimi dəyərləndirilən Şuşamızı tərənnüm etməkdədir ki, Azərbaycan dövləti bu məqsədə yüksək səviyyədə nail olmaq üçün Qarabağımızda irimiqyaslı layihələri gerçəkəşdirir, “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri ənənəsi bərpa edilib. Bu nöqteyi-nəzərdən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı tarixi sahibinə qayıdan torpaqlarımızın canlanmasını, dirçəlməsini, Böyük Qayıdışın reallığa çevrilməsini açıq və aydın şəkildə dünyaya göstərən bir mesaj kimi də qəbul olunmalıdır.

- Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşadan müraciəti hansı məqamlara işıq saldı və hədəfləri müəyyənləşdirdi?

- Ölkə Prezidenti İlham Əliyevin Şuşadan vermiş olduğu mesajlar dosta böyük qiymət və məhəbbət, düşmənə isə göz dağıdır. Azərbaycan dövlətinin sülh müqaviləsinin imzalanması istiqamətində atdığı addımlar ölkəmizin bölgədə sülhə, təhlükəsizliyə, sabitliyə xidmət edən irimiqyaslı layihələrin həyata keçirilməsində qalib ölkə kimi rolunu, liderliyini nümayiş etdirən konkret addımlardandır. Dünya dövlətləri, bölgə ilə bilavasitə marağı olan ölkələr Azərbaycan dövlətinin, ölkə başçısı İlham Əliyevin mövqeyini ciddi şəkildə təhlil edirlər və bu reallığın fərqindədirlər ki, ölkəmizin mövqeyi ilə hesablaşmadan bölgədə hər hansı bir addımın atılması mümkünsüzdür.

- Rize-Artvin Hava Limanının təntənəli açılış mərasimi Azərbaycan-Türkiyə birliyini bir daha dünyaya təqdim etdi. Açılışı Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə etməsi dünyaya bu mesajı ünvanladı- Biz hər zaman bir yerdəyik...

- Dövlət başçısı İlham Əliyev qardaş ölkəyə işgüzar səfəri çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğanla birgə Rize-Artvin Hava Limanının açılış mərasimində iştirak etdilər. Prezident İlham Əliyev açılış mərasimində çıxış edərək bir daha iki dost, qardaş ölkənin hər zaman bir yerdə olduğunu bəyan etdi. Daim Azərbaycanın yanında olan Türkiyə bu qardaşlığını həm 44 günlük Qarabağ savaşında, həm də postmünaqişə dövründə nümayiş etdirir. Türkiyə Prezidenti Rəcəb Tayyb Ərdoğanın Qarabağın dünyaya açılan qapısı kimi dəyərləndirilən Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirakı ilə dünyaya verdiyi mesajlar cənab İlham Əliyevin Rize-Artvin Hava Limanının açılışında iştirakında da ünvanlandı. Azərbaycan və Türkiyə, qardaş ölkələrin Liderləri daim bir-birinin yanındadırlar. Azərbaycan və Türkiyə Prezidentlərinin tədbirlərdə birgə iştirakları, əl-ələ, çiyin-çiyinə dayanmaları bütün dünyaya qardaşlıq mesajlarını ünvanlayır. Ötən il 15 İyun-Milli Qurtuluş Günündə Şuşada Azərbaycan və Türkiyənin müttəfiqlik münasibətlərinin təsdiqi olan sənədin imzalanması bir daha bu reallığı dünyaya təqdim etdi ki, biz dostuq, qardaşıq və rəsmi şəkildə müttəfiqik. Prezident İlham Əliyevin qeyd etdiyi ki, biz yüz illərdir qardaşıq. Bu qardaşlığı rəsmi şəkildə beynəlxalq sənədə köçürərək bir daha rəsmi şəkildə də dünyaya çatdırdıq.

İşğaldan azad edilmiş ərazilərimizin bərpa-quruculuq işlərində də bu qardaşlığı, müttəfiqliyi görürük. Türkiyə şirkətlərinin fəal iştirakı birliyimizin təqdimatıdır. Regionun inkişafında iki qardaş, biri-birinə etibar edib və etimad göstərən Azərbaycan və Türkiyə şirkətlərinin əməkdaşlığının genişlənməsi üçün yeni imkanlar yaranır.

- Ramil müəllim, ümumilikdə postmünaqişə dövrünün reallıqları fonunda Azərbaycanın beynəlxalq münasibətlər sistemində roluna bir baxış keçirməyinizi istərdik...

- Postmünaqişə dövrünün reallıqları fonunda Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi daha da möhkəmlənir. Artıq dünya dövlətləri bu həqiqəti qəbul edirlər ki, bölgədə yeni güc, qüvvə yaranıb. Azərbaycan sözün əsl mənasında parlayan ulduz kimi bölgədə öz sözünü deməkdədir. Azərbaycan uzun illərdən sonra işğal altında olan torpaqlarını düşmən tapdağından Müzəffər Ali Baş Komandanın qətiyyəti, Ordumuzun gücü, qüdrəti, xalqımızın dəmir yumruq kimi birliyi sayəsində azad etdi. Şəhidlərimizin qanı, canı bahasına yazılan Zəfər tarixi Azərbaycanı dünyaya qalib ölkə, xalqımızı yenilməz, məğrur xalq kimi təqdim etdi. Bölgədə irimiqyaslı və meqa layihələrin həyata keçirilməsi bu gerçəkliyə də işıq salır ki, əməkdaşlıqda maraqlı olan tərəflərin sayı çoxdur, bu istiqamətdə Azərbaycan və Türkiyə ilə hesablaşmalıdırlar. Atılan hər bir addımdan, möhkəmlənən mövqeyimizdən, postmünaqişə dövrünün reallıqlarının qəbulundan şərəf duyuruq. İki dost, qardaş, müttəfiq Azərbaycan və Türkiyənin münasibətlərinin yeni istiqamətlər üzrə inkişafı bölgədə sülhə, təhlükəsizliyə, sabitliyə xidmət etməklə yanaşı, dayanıqlı iqtisadi tərəqqinin təminatçısıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...