Dövlətin apardığı uğurlu siyasət dünya üçün yeni bir modeldir - DEPUTAT ŞƏRH ETDİ

"Azərbaycan dövlətinin Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yürütdüyü siyasətin prioritet sahəsi əlbəttə ki, şəhid ailələri üzvlərinə və müharibə əlillərinə dövlət qayğısının ən yüksək səviyyədə həyata keçirilməsidir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov bildirib.

Onun sözlərinə görə, ölkə prezidenti İlham Əliyev birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birgə hər zaman şəhid ailələri ilə, qazilərlə görüşlər keçirirlər, onları narahat edən məsələlərin həlli istiqamətində Azərbaycan dövləti tərəfindən çox böyük işlər görülür və görülməkdədir: “Elə bu günlərdə Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan yaşayış kompleksinin açılış mərasimində ölkə başçısı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və ölkəmizin birinci vitse-prezidenti Mehriban xanım Əliyeva iştirak etdilər. Vətən uğrunda mübarizə aparan, Füzulinin azad olunmasına görə medallarla təltif olunmuş cəsur döyüşçü şəhid Mahir Məmmədovun ailə üzvləri ilə görüşdülər və bir daha Azərbaycan Prezidenti xüsusi qeyd etdi ki, Azərbaycan dövlətinin bütün qurumlarının qarşısında duran bir nömrəli vəzifə şəhid ailələrinə və müharibə əlillərinə diqqət və qayğının göstərilməsidir. Bu dövlət qurumlarının qarşısında duran bir nömrəli vəzifə kimi müəyyənləşdirilmişdir.

Eyni zamanda Azərbaycan dövləti tərəfindən bir sıra vacib işlər görülmüşdür. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, nəqliyyat vasitələri ilə təminatı, məşğulluğun təmin olunması, reabilitasiya işlərinin aparılması bir sözlə bütün bunlar Azərbaycan dövlətinin həyata keçirdiyi çox böyük işlərdir. Düşünürəm ki, bu sahədə Azərbaycan dövlətinin apardığı uğurlu siyasət dünya üçün yeni bir modeldir, yeni bir nümunədir. Son illərdə təkcə həssas qrupa daxil olan insanların mənzil şəraitinin yaxşılaşdırılması proqramı 5 dəfə artırılmışdır. Ümumilikdə 2021-ci ildə 3 min nəfər fərdi ev və yaxud mənzillərlə təmin olunmuşdur. Postmüharibə dövründə 3 min 500 ailə mənzillərlə təmin olunmuşdur. Ümumilikdə 12 min 500 ailə yeni mənzillərlə və ya fərdi evlərlə təmin edilmişdir. Eyni zamanda 7 min 400-ə yaxın nəqliyyat vasitələri ilə təmin olunmuşdur. 11 min nəfər özünəməşğulluq proqramına cəlb edilmişdir. 93 min nəfərə 106 mindən çox xidmət göstərilmişdir. Onların sosial ödənişləri artıq təmin edilmişdir. Eyni zamanda ən müasir və bahalı protezlərlə təminat proqramı çox yüksək səviyyədə həyata keçirilir. Qazilərimizin sağlamlığına qovuşması üçün həm ölkə daxilində, həm də xarici ölkələrdə tibbi xidmət göstərilir. Xüsusən də qardaş Türkiyədə onların müalicəsi həyata keçirilir. Bütün bunlar bir daha onu göstərir ki, ölkə Prezidenti cənab İlham Əliyev, o cümlədən Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva şəxsən şəhid ailələri və müharibə əlilləri ilə görüşür, onlara hər zaman dəstək olurlar”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə