Ermənistanın xülyası sivil nə varsa məhv etməkdir - ŞƏRH EDİLDİ

"Cənab Prezident işğaldan azad edilmiş ərazilərlə bağlı görəcəyi möhtəşəm planları açıqladı. Bu planların mərkəzində həmin torpaqların minalardan təmizlənməsi, infrastrukturun bərpa edilməsi, yaşayış məskənlərinin salınması və nəticədə oranın tarixi sakinləri olan məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıtması dayanır". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, bu məsələlər barəsində cənab Prezident dəfələrlə, o cümlədən Vətən müharibəsindən əvvəl də gələcəyə yönələn planlar haqqında söyləmişdi: "Bu gün beynəlxalq konfransda Azərbaycan öz məramını ortaya qoydu. Əsas məsələ isə odur ki, Azərbaycan təkcə deklarasiya etmir, həm də onu real şəkildə həyata keçirir.

Ermənistan 30 il ərzində həmin torpaqları viran qoydu və tamamilə infrastrukturu, yaşayış məskənlərini məhv etdi. Ermənistanın xülyası sivil nə varsa məhv etməkdir. Azərbaycan isə ondan fərqli olaraq, sivilizasiya yaratmağı, insanların rahat yaşayışını təmin etməyi və dövlətin öz vətəndaşı üçün qayğısını ortaya qoydu".

Deputat sözlərinə belə davam edib: "İl yarım ərzində azad olunmuş ərazilərdə çox böyük işlər görülüb. Həmçinin, torpaqlarımızın əhəmiyyətli hissəsi minalardan təmizlənib. Bu asan məsələ deyil. Rusiya iqtisadçılarının hesablamalarına görə, Ermənistan işğal etdiyi ərazilərə təqribən 400 milyon dollarlıq mina basdırıb. Bunun təmizlənməsi isə böyük vəsait və vaxt tələb edir.

Bərpa ediləcək şəhərlərin baş planı artıq təstiq edilir. Zəngilanın Ağalı kəndinin sakinləri az bir zamanda geri qayıdacaqlar. Şuşa isə Azərbyacanın qürur və milli kimlik məsələsidir. Şuşada aparılan işlərə bütün Azərbaycan ictimaiyyəti şahiddir. Şuşa nəinki Azərbaycanın, həmçinin dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək.

Dövlət Başçımız həmişə görülən və görüləcək işlər barədə ictimaiyyəti məlumatlandırır. Hər kəs, sanki quruculuq işlərinin bir başa canlı iştirakçısı olur".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə