Ulu Öndərin arzusu yerinə yetirildi ŞƏRH

Ulu Öndərin arzusu yerinə yetirildi ŞƏRH

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ötən dövr ərzində milli dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər əldə etmiş, özünün hüquqi-siyasi, sosial-iqtisadi dayaqlarını möhkəmləndirmiş, iqtisadi potensialına, demokratik inkişaf səviyyəsinə, beynəlxalq aləmdə tutduğu mövqeyə görə regionun şəksiz lider dövlətinə çevrilmişdir. Əldə edilmiş nailiyyətlər ölkə daxilində milli birliyin möhkəmlənməsinə, dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə səbəb olmuş, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı daha da ruhlandırmış, ölkəmizin milli maraqları ətrafında sıx birləşmələri üçün zəmin yaratmışdır.

Azərbaycan Respublikasının hər bir uğuru, dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, bütün həmvətənlərimizin də qəlblərində böyük qürur və iftixar hissi doğurur. Bunu aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayında iştirak etmək üçün Şuşaya gələn qonaqların hamısı etiraf edirlər.

Ümummilli liderimizin ideya və prinsiplərinə sadiq qalan Azərbaycan Prezidenti İlham Əliyev də Ulu Öndərin bu siyasətini uğurla davam etdirir. Dövlətimizin başçısının Azərbaycan həqiqətlərinin daha geniş coğrafiyada dünya ictimaiyyətinə çatdırılması, diaspor quruculuğu işinin təkmilləşdirilməsi sahəsində qarşıda duran vəzifələri tam icrası üçün bütün səy və imkanlarından istifadə edir.

Vətən müharibəsində Azərbaycan xalqı da, dövləti də Qarabağın işğaldan azad olunması üçün var qüvvəsini ortaya qoydu. İllər boyu qurulan güclü ordu, yetişən vətənpərvər nəsil düşmən çəpərinə çevrildi. Əsgər və zabitlərimiz döyüş tapşırıqlarını şərəflə yerinə yetirdi. Strateji yüksəklikləri götürərək daha əlverişli mövqelərə sahib oldular. Otuz il ərzində Ermənistan rəhbərliyi “güclü ordusu” haqqında uydurmalar ortalığa atanda, “yenilməz Ermənistan ordusu” barədə miflər yaradanda Azərbaycanda dünya standartlarına uyğun ordu yaradılıb və bu ordunun gücü döyüş meydanında göründü. Baxmayaraq ki, biz 30 il səbrlə gözləmiş, danışıqlar prosesinə sadiq qalmışdıq. Bütün bunlar münaqişənin dinc yolla, müharibəsiz həllinə hesablanmışdı və Azərbaycan hər dəfə status-kvonun dəyişdirilməsinin vacibliyini vurğulayanda məqsəd münaqişənin fəal hərbi əməliyyatlar mərhələsinə keçməsinin qarşısını almaq idi. Ancaq ermənilərin illərlə qoruyub saxladığı həmin status-kvo bir neçə günün içində darmadağın oldu. Təmas xətti yarıldı və rəşadətli Azərbaycan ordusu torpaqlarımızı düşmən tapdağından xilas etdi.

Ölkə başçısı qürurla, fəxarətlə “Azərbaycan Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayı, “Zəfər qurultayı” keçirilməsini böyük fəxr hissi ilə bəyan etdi. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir”-söylədi. Prezident 2003-cü ildə seçkiqabağı platformasında verdiyi sözə-vədə əməl edərək: “Mən hər bir azərbaycanlının prezidenti olacağam”. 19 il sonra dünyanın 65 ölkəsində yaşayan azərbaycanlıların qarşısında, özü də azad Şuşada çıxış etdi.

Şuşa Zirvəsində dövlət başçısı Qarabağda qazanılan ədalətli qələbəmizdən bəhs edərkdən bir daha xatırlatdı ki, Azərbaycan xalqı 30 il davam edən mənasız danışıqlar əvəzinə öz gücünü ortaya qoydu, ədaləti, beynəlxalq hüququ bərpa etdi. Bütün dünyaya sübut etdi ki, biz böyük xalqıq və Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində deyildi. Amma onu da qeyd etdi ki, ötən illərdə beynəlxalq təşkilatlar Ermənistanın işğalçılıq siyasətini pərdələmək və Azərbaycanı bu acı vəziyyətlə barışdırmaq məqsədi güdürdü.

Dövlət başçısı Şuşa Zirvəsində bir daha xatırlatdı ki, 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Zəngəzurun Azərbaycandan qoparılıb Ermənistana verilməsi, ondan iki il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin İrəvanı Ermənistana bağışlaması, bu da sənədlərlə təsdiq olunan faktdır. Bütün bunlar xalqımızın başına gətirilən dəhşətli müsibətlərdir və bu faktları hər yerdə erməniçiliyin gözünə soxmaq lazımdır. Ümumiyyətlə qəbul etmək lazımdır ki, müharibə bitsə də, hələ də mənfur düşmənimiz olan Ermənistan öz radikal əməllərindən geri çəkilmək istəmir. Bununla yanaşı, bir çox xarici ölkələrdə fəaliyyət göstərən erməni lobbisi həyasızcasına bəyanatlarla çıxışlar edib, Ermənistanın qərbdəkilərə necə bir aciz və yazıq bir ölkə olduqlarını göstərməkdədilər.

Ancaq reallıq odur ki, dünya birliyi Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkildə tanıyır və dəstəkləyir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açıq bəyan edib ki, “Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil və heç vaxt olmayacaq... Azərbaycan bu mövqedən bir addım belə geri çəkilməyəcək. Yəni, Azərbaycanın ərazi bütövlüyü məsələsində... heç bir güzəşt olmayacaq”.

Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin qorunması və bərpa edilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıtması üçün bütün mümkün vasitələrdən istifadə edəcək.

Elşən Səfərov

YAP Ağcabədi rayon təşkilatının məsləhətçisi

Bütün xəbərlər Facebook səhifəmizdə