"Prezident İlham Əliyevin Zəfər Qurultayı adlandırdığı Dünya Azərbaycanlıların V Qurultayında demək olar ki, gündəmdə olan ən aktual məsələlər nəzərdən keçirildi. Bu məsələlərdən ən mühümü sülh və hərb məsələsidir. Çünki Azərbaycan xalqı, eyni zamanda qonşu dövlətlər Ermənistanın dağıdıcı siyasəti ucbatından 30 ildir dinc həyata həsrət qalıb". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.
Onun sözlərinə görə, nə qədər yola gətirməyə çalışsaq da, Ermənistanın ab-havası sülhlə qətiyyən uzlaşmırdı: "Onlar yalnız əsassız ərazi iddialarını həyata keçirməyə çalışırdı. Prezident İlham Əliyev daim onlara xatırladırdı ki, nəyin bahasına olursa-olsun biz qələbə əldə edəcəyik və əgər sülhə razı olmasanız, biz müharibə yolu ilə torpaqlarımızı geri qaytaracağıq.
İndi artıq Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Biz yenə də Ermənistana sülh təklif edirik.
Şuşada keçirilən bu qurultay tarixi əhəmiyyət daşıyır. Çünki biz zəfərdən sonra yeni dönəmə qədəm qoyuruq".
Tofiq Abbasov sözlərinə belə davam edib: "Quruculuq işlərində yeni hədəflərimizi müəyyən edir, yeni prioritetlər nəzərdən keçiririk. Buna görə də bizə sülhün bərqərar olması lazımdır. Qurultayda Prezident bütün iştirakçıların nəzərinə çatdırdı ki, ermənilər sülhə qismən razı olsalar da, təxribatlar törətməyə davam edirlər. Əlbəttə ki, bu təxribatlar da onlara nə üçünsə lazımdır.
Yaddan çıxarmamalıyıq ki, 24 aprel ermənilər üçün qondarma əlamətdar gündür. Ona görə də onlar bu qondarma soyqırımla bağlı həmişə əllərini silaha atırlar, azərbaycanlılara qarşı problemlər yaradırlar. Amma bunların heç bir mahiyyəti yoxdur. Çünki Azərbaycan öz qələbəsini qazanıb. Ermənistan da gərək sülhə razı olsun. Artıq Nikol Paşinyan da başa düşür ki, başqa çıxış yolu yoxdur. Çünki sülh əslində erməni xalqının da xeyrinədir. Biz bilirik ki, Ermənistan əhalinin qaçması ilə üzləşib. Əgər onlar sona qədər bu miqrasiyaya davam edəcəklərsə, o zaman bu ölkənin müqəddəratı çox acınacaqlı olacaq.
İlham Əliyev qurultayda Azərbaycanın silahlandığını, özünü gücləndirdiyini qeyd etdi. Çünki biz dəfələrlə ermənilərin təcavüzü ilə qarşılaşmışıq. Buna görə də Azərbaycan daxilində proseslər tənzimlənir. Prezident bildirib ki, biz dünyaya nəinki qaz, neft, kimyəvi məhsullar, hətta təhlükəsizlik ixrac edirik".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB