Jirinovski hər zaman özünü olmadığı kimi göstərirdi - ŞƏRH EDİLDİ

"Mən ilk dəfə Jirinovski ilə Kremlin Qurultaylar Sarayında tanış oldum. Həmin vaxtlardan etibarən Jirinovski Azərbaycan əleyhinə çıxışlar edirdi. Azərbaycan siyasətçilərindən biri olan Zərdüşt Əlizadə Jirinovskiyə "Ermənilərə kömək etməkdə məqsədin nədir?" deyə ağıllı bir sual verdi. Jirinovski isə cavabında "Nə ermənilər? Qarabağ Rusiyanındır" dedi. Bundan sonra Azərbaycan nümayəndə heyəti ilə Jirinovski arasında böyük bir mübahisə yarandı". Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Cümşüd Nuriyev sözlərinə belə davam edib: "İkinci dəfə 1992-ci ilin aprel ayının 28-də Bağdad şəhərində Jirinovskini gördüm. Daha sonra isə 1994-cü ildə Parlament Nümayəndə Heyətinin Moskvada həm dövlət duması, həm də Federasiya Şurası ilə işlər apardığı zamanlar Jirinovski ilə işləməli olmuşdum. Çünki Jirinovski daha çox Azərbaycan əleyhinə danışırdı və mən də dövlətin maraqlarını qorumaq üçün həmin komissiyada işləyirdim. Sonralar yalnız virtual olaraq ona cavab vermişəm".

Politoloq qeyd edib ki, Jirinovski hər zaman özünü olmadığı kimi göstərirdi: "O, çox peşəkar kəşfiyyatçı idi. Eyni zamanda, 6 dildə sərbəst şəkildə danışırdı. Jirinovski Rusiya dövlətinin sözçüsü idi. Ömrünün axırına qədər də Rusiya həyata keçirəcəyi bütün layihələri Jirinovskinin dili ilə bəyan edirdilər. Digərləri bu missiyanı öz üzərinə götürmək istəsə də, bacarmadılar. Daha çox Rusiya dövləti üçün çalışan Jirinovskinin fəaliyyətinin 70%-i Azərbaycanın ziyanına olub. Bütün hallarda Jirinovski Rusiyanın siyasi tarixində öz dəsti-xətti olan biri olub".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə