Hər bir azərbaycanlının ürəyi Şuşa ilə döyünür - ŞƏRH EDİLDİ

“Bu gün Şuşada Zəfər qurultayı öz işinə başlayır. Qurultayın rəsmi açılış mərasimindən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair hesabat verilməsi, “Post-müharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr”, “Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri” mövzularında müzakirələrin təşkili planlaşdırılır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, Şuşada beynəlxalq tədbirlərin keçirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi qələbənin möhkəmləndirilməsi, Azərbaycan həqiqətlərinin dünyada təbliği, erməni vəhşiliyinin ifşası baxımından xüsusi əhəmiyyət daşıyır: “Hansı ölkədə yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının ürəyi Şuşa ilə döyünür. Bu gün nəinki Azərbaycanda yaşayan vətəndaşlarımız, dünyanın müxtəlif dövlətlərindəki soydaşlarımız Şuşanı görmək arzusundadırlar”.

Deputat sözlərinə belə davam edib: “Tədbirdə qurultay iştirakçıları Şuşa ilə yaxından tanış olacaq, orada aparılan quruculuq və abadlıq işlərini görəcəklər. Şuşa haqqında aydın və dəqiq təəssüratları yaranacaq. Eyni zamanda, erməni vəhşiliyinin əyani şahidi olacaqlar.

Qurultayda 65 ölkədən 400 diaspor nümayəndəsinin iştirakı tədbirin əhəmiyyətini daha da artırır. Qurultayda eyni zamanda Azərbaycan diasporunun qarşısında duran mühüm vəzifələr, gələcək hədəf və məqsədlər barədə geniş fikir mübadiləsi və müzakirələr aparılacaq. Zəfər qurultayı Azərbaycan diasporunun fəaliyyətinin daha da güclənməsinə, koordinasiya işlərinin daha yüksək səviyyədə qurulmasına da ciddi töhfə verəcək”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə