Həmsədrlər nə üçün gəldiklərini heç özləri də bilmirdi - ŞƏRH EDİLDİ

“ABŞ və Fransa Qarabağla bağlı ATƏT Minsk qrupunun həmsədrliyi çərçivəsində Rusiya ilə əməkdaşlıqdan imtina edib. Təbii ki, bu, ATƏT Minsk bir qrupunun ləğv olunması deməkdir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, əslində ATƏT-in Minsk qrupunun fəaliyyətini Azərbaycanın 2020-cı ilin payızında apardığı 44 günlük Vətən müharibəsində münaqişəni sonlandırmaqla əhəmiyyətsiz etmişdi: “Müharibədən sonra Minsk qrupun həmsədriləri sonuncu və axırıncı dəfə Bakıya gəlmişdilər. Bakıya gələndə həmsədrlər nə üçün gəldiklərini heç özləri də bilmirdi.

Cənab Prezidentin həmsədrlərə “biz sizi çağırmamışıq” deməsi onları çıxılmaz vəziyyətə salmışdı. Çünki onlar üçün görməyə bir iş qalmamışdı. Onların 28 ildə görməli olduqları və görmədikləri işini Azərbaycanın müzəffər ordusu görmüşdü”.

Azər Badamov sözlərinə belə davam edib: “Artıq regionda yeni reallıq yaratmışıq. Yəqin ki, Minsk qrupu yaratdığımız yeni reallığı 28 ildə görmək istəmədi və ona görə də turist səfərləri ilə məşğul olurdu. Amma biz hamını yaratdığımız yeni reallığı qəbul etməyinə məcbur etdik.

İndi bölgədə ancaq uzunmüddətli sülhün təmin olunmasına xidmət edəcək addımların atılması, bir birinin dövlət müstəqilliklərini və ərazi bütövlüklərini tanıdıqlarını rəsmi şəkildə elan etməklə qonşuluq münasibətlərini yaradılması dövrüdür. Əgər bu işdə hər hansı bir beynəlxalq təşkilat töhfə vermək istədiyini bildirərsə biz onu ancaq alıqışlayarıq”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə