Avropa İttifaqının niyyətinin səmimi olduğuna inanmıram - MÜSAHİBƏ

“Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyevin SİA-ya verdiyi müsahibəni təqdim edirik:

- Avropa İttifaqının təşəbbüsü ilə Brüsseldə cənab İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş baş tutub. Brüssel görüşü Azərbaycan üçün nə ilə yadda qaldı?

- Brüssel görüşü ümumiyyətlə, bütün MDB ölkələrində izlənirdi. Burada söhbət dünyanın əhəmiyyətli bölgələrindən biri olan Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin təmin olunmasından gedir. Ona görə də bütün dünya bu görüşü gözləyirdi. Brüssel görüşündə Azərbaycan demək olar ki, qarşısına qoyduğu hədəflərə çatdı. Görüşdə əldə olunmuş razılıqların nə zaman və necə icra olunacağı məsələsi məlum deyil. Avropa İttifaqının Prezidenti Şarl Mişel bəyan etdi ki, bu məsələdə Azərbaycan daha çox konstruktiv mövqedədir. Eyni zamanda, Azərbaycanın mövqeyi bölgədəki təhlükəsizlik və sülh mənafelərinə cavab verir. Lakin bu uğurların əldə olunması sülh sənədinin tam şəkildə icra olunması demək deyil.

- Bu görüşdə Avropa İttifaqının fəallığı nə ilə bağlıdır?

- Avropa İttifaqının bu məsələdə fəallaşması müxtəlif səbəblərə görə ola bilər. Kaş ki, bu fəallıq bölgədə sülh və təhlükəsizliyin təmin olunması ilə bağlı olardı. Mən xüsusilə indiki şəraitdə Avropa İttifaqının niyyətinin səmimi olduğuna inanmıram. Bu sadəcə olaraq Rusiyanın müəyyən hərəkətlərindən qorunmaq cəhdidir. Bəllidir ki, Rusiya ilə Ukrayna müharibəsinin başa çatmaması digər bölgələrdə də münaqişənin yaranmasına səbəb ola bilər. Avropa İttifaqının fəallığı Rusiyanı bu bölgədə gərginlik yaratmaq, sabitliyi pozmaq cəhdlərindən yayındırmaqdır. Əgər məqsəd həqiqətən də sülhü təmin etməkdirsə, onda güclü bir iradə nümayiş etdirməlidir. Amma Ermənistanda Brüsseldən qayıdan kimi razılaşmanın ziddinə olan müəyyən addımlar atmağa başladığının əlamətləri görünür. Avropa İttifaqı ən azından öz imzalarına hörmət əlaməti olaraq gərək prinsipiallığını göstərsin.

- Bəs Brüsselin fəallaşmasını nəzərə alan Moskva Bakı və İrəvanla əldə etdiyi üçtərəfli anlaşmaların icrasını sürətləndirə bilərmi?

- 2021-ci ilin noyabr ayının 26-da Paşinyan ilə Azərbaycan Prezidentinin görüşü baş tutdu. Əvvəlcə Avropa strukturlarının vasitəçiliyi ilə görüşün baş tutması nəzərdə tutulsa da, Rusiya onu qabaqladı. Rusiya açıq-aşkar Moskvadan qabaq başqa strukturun Azərbaycan Prezidenti ilə erməni rəhbərliyini görüşdürməsini istəmədi. Soçidə baş tutan bu görüşdə üç istiqamətdə müəyyən razılaşmalar olsa da, onların heç biri yerinə yetirilmədi. Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması ilə bağlı Rusiyanın maneçilik törətməyəcəyinə o qədər də əmin deyiləm. Bir neçə gündən sonra Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Moskvada görüşəcək. Bu görüşdən sonra Moskvanın bu məsələyə necə baxdığını öyrənəcəyik.

- Həmsədrlərin Azərbaycana yanaşmada olan ikili mövqeyi nədən qaynaqlanır?

- Bu ikili mövqeyin səbəbi Azərbaycanın və ya Ermənistanın problemlərini həll etmək deyil, özlərinin geosiyasi planlarını həyata keçirməkdir. Məsələn, Amerika, Fransa və ya Rusiya Fərruxda baş verən hadisələrlə bağlı demək olar ki, eyni mövqe tutdular. Hər üçü də Azərbaycana qoşunları geri çəkməklə bağlı müraciət etdilər. Halbuki Azərbaycan heç bir təmas xəttini pozmayıb. Ora bizim öz ərazimizdir. Bu üç dövlət bütün başqa məsələlərdə bir-birlərini qırır, lakin sırf bu məsələdə eyni bir mövqedə dayanır. Demək ki, ikili standart mövcuddur.

- Gürcüstanın Cənubi Osetiya bölgəsindəki separatçı rejim Rusiyaya birləşmək haqqında referenduma hazırlaşır. Rusiyadan olan ayrı-ayrı siyasətçilər buna müsbət baxırlar, Kreml isə hələlik susur. Yəni Kremlin mövqeyi necə ola bilər, buna gedəcəkmi?

- Ukraynadakı proseslər Rusiyanın ssenarilərinə uyğun irəliləmədiyinə, əməliyyatlar uzandığına görə məğlub və dirənmiş vəziyyətdə görünür. Belə bir vəziyyətdə xalqın gözündə müəyyən istiqamətlərdə uğur görüntüsü yaratmaq onlar üçün bir taktika ola bilər. Ukrayna ilə müharibənin ən qızğın vaxtında Cənubi Osetiyada referendum keçirilməsinin kimə lazım olduğu ilə bağlı sual ortaya çıxır. Bu ya Rusiya cəmiyyətinin reaksiyasını öyrənmək, ya da yeni bir münaqişə ocağı yaratmaqla dünya birliyinin Ukraynadan diqqətini yayındırmaq üçün atılan bir addım idi.

Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə