Görüş gələcəkdə görüləcək işlərin başlanğıcı kimi qiymətləndirilməlidir - ŞƏRH EDİLDİ
“Dünən Brüsseldə keçirilən üçtərəfli görüş gələcəkdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına böyük töhfə verə bilər. Görüşlə bağlı açıqlamalara diqqət etsək görərik ki, görüş gələcəkdə görüləcək işlərin başlanğıcı kimi qiymətləndirilməlidir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Kamilə Əliyeva deyib.

Onun sözlərinə görə, anlaşma göstərir ki, Ermənistan Azərbaycan tərəfinin irəli sürdüyü baza prinsiplərini qəbul edib: “Bu görüşdə də söz sahibi olan Azərbaycan idi. Çünki Azərbaycan müharibədə böyük Zəfər qazanmışdı. Hər zaman qələbə qazanan ölkə danışıqlar masasında uduzan tərəfdən üstün olur. Ermənistan da məğlub olmuş dövlət kimi Azərbaycanın irəli sürdüyü şərtləri qəbul etmək məcburiyyətindədir.
Əslində Azərbaycanın Ermənistana təqdim etdiyi sülh sazişinə dair təkliflər paketində irəli sürülən 5 şərt beynəlxalq hüquq prinsiplərinə tam uyğundur. Burada əsas məqam kimi dövlətlərin biri-birinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərin toxunulmazlığını və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanınması göstərilir”.
Kamilə Əliyeva sözlərinə belə davam edib: “Brüssel görüşündə sülh sazişinin hazırlanması və bu saziş üçün bütün zəruri işlərin həll edilməsi haqqında qərar qəbul edilmişdir. İki ölkə arasında sülh sazişinin hazırlanmasına başlanması ilə bağlı ölkələrin xarici işlər nazirlərinə təlimat verilmişdir. Ən həssas məsələ olan sərhədlərin delimitasiyası ilə bağlı işçi qrupu, birgə komissiya yaradılması ilə bağlı razılığa gəlindi. Ümüd etmək olar ki, çox yaxın gələcəkdə əldə olunan müsbət işlərin şahidi olacağıq.
Avropa İttifaqı hər iki ölkə arasında nəqliyyat və kommunikasiyaların, o cümlədən, dəmir yolu və avtomobil yolunun açılmasında öz dəstəyini göstərməyə hazır olduğunu vurğuladı. Ümumiyyətlə, Avropa İttifaqı bölgədə sülhün və əmin-amanlığın yaranmasında çox maraqlıdır. Aİ bölgədə Azərbaycanı özünə çox yaxın tərəfdaş ölkə hesab edir.
Aİ Şurasının Prezidenti Şarl Mişel Prezident cənab İlham Əliyevlə şəxsi görüşlərində də Azərbaycanın Avropa üçün çox önəmli ölkə olduğunu dəfələrlə vurğulamışdı.
Ermənistanla münasibətlərin normallaşmasında ATƏT-in Minsk qrupunun fəaliyyətinin bərpa edilməsi təklifi bu görüşdə də gündəmə gətirilmədi. Görüşdən sonra Şarl Mişel tərəfindən verilən bəyanatda da göründü ki, iki ölkə arasında münasibətlərin tənzimlənməsi məsələsini Avropa İttifaqı öz üzərinə götürüb.
Azərbaycan tərəfi 10 noyabr 2020-ci il tarixdə imzalanmış üçtərəfli bəyannamənin bütün şərtlərini yerinə yetirib. Ermənistan isə hər zaman əsassız bəhanələr irəli sürərək bu şərtləri yerinə yetirməkdən imtina edirdi. Artıq Ermənistan bəyannamədə göstərilən bəndləri və Azərbaycanın 5 bənddən ibarət irəli sürdüyü şərtləri qəbul etməyə məcbur olacaq. Ermənistanın bu öhdəlikləri yerinə yetirməsi onun bir dövlət kimi mövcud olması üçün yeganə çıxış yoludur. Ümumilikdə Brüssel görüşünü Azərbaycanın dövlət və milli maraqlarına tam cavab verən bir görüşü kimi səciyyələndirmək olar”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB