Azərbaycanın dünya səviyyəsində qazandığı uğurlar Türkiyəyə baş ucalığı gətirir - ŞƏRH EDİLDİ
"Hal-hazırda Azərbaycan və Türkiyə arasında münasibətlər keyfiyyətcə yeni müstəviyə qalxıb. Vətən Müharibəsi dövründə Türkiyənin Azərbaycana siyasi və mənəvi dəstəyi mühüm əhəmiyyət kəsb edib". Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Onun sözlərinə görə, 2020-ci ilin 27 sentyabr tarixindən başlayaraq Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan siyasi bəyanatlarında beynəlxalq hüququn fundamental norma və prinsiplərinin bərqərar olması üçün çağırışlar edib: "Ötən ilin 15 iyununda imzalanan Şuşa Bəyannaməsi ikitərəfli münasibətləri strateji müttəfiqlik səviyyəsinə qaldırıb. Bunun nəticəsində Qarabağ və Şərqi Zəngəzurun təhlükəsizliyinin təmin olunmasında hər iki dövlət birgə iştirak edir".
Politoloq sözlərinə davam edərək belə qeyd edib: "İki ölkə arasında iqtisadi sahədə olan münasibətlər də inkişaf edir. Azərbaycan bütün iqtisadi layihələrini, nəqliyyat-kommunikasiya infrastrukturunu, karbohidrogen ehtiyatların Qərbə nəqli əməliyyatlarını Türkiyə vasitəsilə həyata keçirir. Bu da hər iki ölkənin iqtisadiyyatına mühüm təsir edir.
Eyni zamanda, Türkiyə ictimaiyyətinin də Azərbaycana olan sevgi və rəğbətini müşahidə edirik. Hər iki toplum arasında sıx münasibətlər var. Digər tərəfdən, Türkiyə Azərbaycan Silahlı Qüvvələrinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin artırılması istiqamətində təlim və seminarların təşkili mövzusunda işlər görür. Azərbaycanın dünya səviyyəsində qazandığı uğurlar Türkiyəyə də baş ucalığı gətirir.
Ümumilikdə, Türkiyə ilə Azərbaycan arasında olan münasibətlər digər dövlətlər üçün örnəkdir. Hər iki dövlət türk dünyasının inkişafı və yaxınlaşması işində birgə fəaliyyət göstərir. Ötən ilin sonlarında İstanbulda keçirilmiş Zirvə Görüşündə yeni regional təşkilatın formalaşması yeni imkanlar yaradın. Azərbaycan artıq Türkiyə ilə yanaşı regional inteqrasiya platformasında türkdilli dövlətlərin birgə fəaliyyətini təşviq edir".
Ləman Əlizadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB