Brüssel görüşü nə ilə yadda qaldı? - ŞƏRH EDİLDİ

"Mətbuatdan da xəbər verildiyi kimi dövlətimizin başçısı Avropa İttifaqının post-münaqişə dövründə oynaya biləcəyi rolu və bölgəmizə verə biləcəyi töhfələri qeyd etmişdir. Möhtərəm Prezidentimiz Şarl Mişelin 44 günlük Vətən müharibəsindən sonra Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması yolunda davam edən səylərini də qiymətləndirmişdir. O keçən ilin dekabrında keçirilmiş Üçtərəfli görüş zamanı müəyyən edilmiş Brüssel sülh gündəliyinin bölgənin gələcək taleyindəki əhəmiyyətini də vurğulamışdı. Bu mənada Prezidentimiz Brüssel sülh gündəliyinin davamı kimi dünən Ermənistan tərəfinin iştirakının bu görüşün nəticəyönlü olacağına gözləntilərin artacağını qeyd etmişdi. Sözsüz ki, bu görüşdə də ölkəmizin Avropa İttifaqı, eləcə də Avropa məkanı üçün əhəmiyyəti, xüsusən də enerji təhlükəsizliyində, Azərbaycanın bölgədəki əvəzsiz rolu vurğulanmışdı. Bu səbəbdən də Avropa İttifaqının Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiyi bildirilmişdi". Bu sözləri SİA-ya açıqlamasında deputat Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, bu görüşdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin öz "Tvitter" səhifəsində paylaşdığı "tvit" və görüşün əhəmiyyəti haqqında bildirdiyi fikirlər bir daha göstərir ki, Azərbaycan üçün çox vacib məsələlər bu görüşdə cənab Şarl Mişel tərəfindən xüsusi vurğulanıb: "Onun qeyd etdiyi kimi Azərbaycan Ermənistan arasında post-münaqişə dövründə etimad mühitinin yaradılması prosesində minalanmış ərazilərin xəritələrinin, birinci Qarabağ müharibəsində itkin düşmüş dörd min nəfər haqqında məlumatların verilməsinin, tezliklə sərhədlərin delimitasiya və demorkasiyasının müəyyənləşdirilməsi və nəqliyyat-kommunikasiya xətlərininn fəaliyyəti çox vacibdir".

Deputat sözlərinə belə davam edib: "Bildiyimiz kimi qeyd edilən məsələlər davamlı olaraq müharibə bitən gündən dövlət başçımız, eləcə Azərbaycanın XİN rəhbərliyi tərəfindən də səsləndirilir. Hər kəs bilir ki ötən dövr ərzində təcavüzkar Ermənistan və orada hakimiyyətdə olan revanşist qüvvələr bu təkliflərin gerçəkləşməməsi üçün davamlı olaraq müxtəlif təxribat etməyə çalışırlar. Buna baxmayaraq möhtərəm Prezidentimizin titanik fəaliyyəti, müdrik, uzaqgörən və güclü diplomatiyası sayəsində Avropa İttifaqı Şurasının Prezidenti görüşün nəticəsi olaraq bu təklifləri bir daha vurğulanmış və iki ölkə arasında gələcəkdə imzalanacaq sülh müqaviləsi üçün bu təkliflərin gerçəkləşməsinin əhəmiyyətini qeyd etmişdi. Hesab edirəm ki, bu görüşü ümidverici və irəliyə doğru addım adlandırmaq olar".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə