Ermənistan yenə də gah mıxa, gah nala vurur - POLİTOLOQ ŞƏRH ETDİ
"Brüssel görüşü Ermənistanın vəziyyətinə və mövqeyinə tam aydınlıq gətirməlidir. Brüsseldə Mişellə, Makronun iştirakı ilə keçirilən görüşdə yenə də Azərbaycan Prezidenti İlham Əliyev öz mövqeyini bildirdi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.
Onun sözlərinə görə, Ermənistan nə hə, nə yox demədi: "Eləcə də Prezidentimizin təkidi ilə qarşı tərəflər razılıq verdilər ki, YUNESKO faktaraşdırıcı missiyanı, öz mütəxəssislərini Ermənistana göndərsin. Qarabağdakı dağıdılmış ərazilərdə bizim yox olmuş mədəni-tarixi irsimizin izləri və kökləri məhv olmaq üzrə idi deyə həm də biz belə bir məsələni qaldırdıq ki, Ermənistanda da azərbaycanlıların əzəli torpaqları olub. Orada da bizim soydaşlarımız yaşayıblar və oradakı mədəni irsin də, tarixi irsin də müqəddəratına aydınlıq gətirilməlidir. Düzdür onlar bu haqda öz razılıqlarını bildirdilər. Ancaq sonradan yenə də bu işdə sabotaj, süründürməçilik və s. kimi bəhanələr ortaya çıxdı".
Tofiq Abbasov sözlərinə belə davam edib: "Ancaq əsas problem ondan ibarətdir ki, post-müharibə reallıqlarında Ermənistan meydandan qaçmasın. Çünki onun bütün revanşizm meylləri, ümidləri hamısı puç olub. Heç bir ehtimal yoxdur ki, Ermənistan burada vəziyyəti öz xeyrinə dəyişsin.
Ona görə də həm Makron, həm də Mişel nə Dağlıq Qarabağ adını, nə status məsələsini dilə gətirdilər. Prezidentimizin dediyi kimi Qarabağ məsələsi həllini tapıb və bununla onlar razılaşdılar.
İndi isə biz müəyyən vaxt ötdükdən sonra görürük ki, Ermənistan yenə də gah mıxa, gah nala vurur. Çalışır ki, təsadüflərdən istifadə etsin. Ancaq bu təsadüflər Ermənistana heç bir üstünlük vəd etmir və eləcə də bu yaxınlarda Fərrux zəfərimiz də oldu. Biz daha bir yüksəkliyi Qarabağ bölgəsində ələ keçirmişik. Çünki orda bizə təhlükələr var idi, çağırışlar gəlirdi və yerli quldur dəstələri və qeyri-qanuni bu silahlı dəstələrin hazırlıqları gedirdi. Onlar hamısı əlbəttə ki, Azərbaycan ordusunun bizim xüsusi təyinatlı missiyanı həyata keçirən birləşmələrimizin nəzarətindədir. Oradan ermənilərə heç bir imtiyazlı vəziyyət görünmür.
Odur ki, Brüssel görüşündə Ermənistanın rəhbəri gərək bu məsələlərə aydınlıq gətirsin ki, onlar sülhə doğru atılan addımları özləri üçün necə təsəvvür edirlər. Əgər bu yaxınlara qədər Zəngəzur dəhlizi ilə bağlı yenə də Ermənistan şantaja keçmişdisə, çalışırdı o əlində guya olan o işlək kartdan istifadə etsin. Onun da biz cavabını verdik və daha bir məsələ bizim xeyrimizə qurtardı.
Ona görə indi Brüsseldə Ermənistanın rəhbəri ilk növbədə gərək Azərbaycanın təqdim etdiyi 5 prinsipə öz münasibətini bildirsin. Ümumiyyətlə, gələcəkdə sülh müqaviləsi ilə bağlı öz qərarını açıqlasın. Təbii ki, burada Qarabağ bölgəsində hələ də tərksilah olunmamış o dəstələrin də gərək ərazilərimizdən çıxarılması təmin edilsin. Bu olmasa hələ qarşıdurma meylləri az-çox özünü göstərəcək və Azərbaycan Ordusu artıq məcburən Fərrux kəndində keçirdiyi əməliyyat kimi digər aktları da, aksiyaları da həyata keçirsin.
Bizim Avropa İttifaqı ilə inkişafda olan meylləri inkişafda olan münasibətlərimiz var və bu münasibətlərdən hər iki tərəf qazanc əldə edir. Eləcə də nəzərə alsaq ki, Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz ümumi kompleksinin 80 faizindən də artığını təşkil edir, öz üzərində daşıyır.
Odur ki, Azərbaycana mane olmaq yox, dəstək vermək lazımdır. Azərbaycan qarşı tərəflərdən, tərəfdaşlardan heç bir şey nə tələb, nə də xahiş edir. Biz öz üzərimizə düşən prosesləri görürük. Onların həllini təqdim edirik. Bu istiqamətlərin hamısında yüksək faydalılıq əmsalı göstəririk. Odur ki, Avropa İttifaqının, Avropa Şurasının rəhbərliyi, elə şəxsən prezident Mişel onlar hamısı Azərbaycanın dəyərini kifayət qədər bilirlər. Ona gərək dəstək göstərsinlər və Ermənistanı ilk növbədə artıq razılığa gətirsinlər ki, Ermənistan qeyri-müəyyən xətt yürütməsin".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB