Hərbi uğurlar ordumuzun inam və əzmini daha da artırdı - ŞƏRH EDİLDİ

“Aprel döyüşləri Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan ordusunun əks hücum əməliyyatı idi. Bu hücum əməliyyatında Azərbaycan ordusu 22 il 4 aydan sonra ilk dəfə olaraq düşməni ağır məğlubiyyətə məruz qoymaqla, Füzuli, Ağdam və Ağdərə rayonlarının ərazisində yerləşən 2000 hektardan çox ərazini azad etməklə bərabər ordumuz xalqımıza böyük bir qələbə sevinci bəxş etdi”. Bu sözləri SİA-ya açıqlamasınsa hərbi-ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, bunların qısa müddət davam etməsinə baxmayaraq ordumuz düşmənin onlarla tankını, artilleriya qurğusunu və digər zirehli texnikalarını məhv etməklə 300-dən çox hərbçisini öldürdü, 500-dən çox döyüşçüsünü isə ağır yaraladı: “Əməliyyatların əsas məqsədi Ağdərə, Suqovuşan və Füzuli, Cəbrayıl yollarına müşahidə imkanlarını təmin etməklə bərabər ətraf rayon və kəndlərimizin düşmən atəşi altından çıxarılması məqsədilə aparılmışdır”.

Ədalət Verdiyev sözlərinə belə davam edib: “Aprel döyüşləri Azərbaycanın Vətən müharibəsində qələbə əldə etməsi üçün mühüm əhəmiyyət kəsb etdi. Vətən müharibəsindən 4 il əvvəl əldə olunan Lələtəpə və Talış kəndi ətrafındakı yüksəkliklər ordumuzun əks hücumları üçün uğurlu bir kimi müharibə zamanı istifadə edildi.

Aprel döyüşləri nəticəsində Azərbaycan ordusunun qazandığı hərbi uğurlar gələcək böyük qələbəyə ordumuzun inam və əzmini daha da artırdı və sonrakı Vətən müharibəsində ordumuzun düşmənə qəti zərbələr endirməsində torpaqlarımızın işğaldan azad edilməsində böyük əhəmiyyət daşıdı”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə