Hərbi uğur Azərbaycan xalqının qələbəyə olan inamını artırdı - ŞƏRH EDİLDİ
“Vətən Müharibəsində qazandığımız şanlı qələbə öz başlanğıcını məhz 2016-cı ildə baş verən Aprel döyüşlərindən götürüb. Aprelin 2-dən başlayaraq 4 günlük müharibədə Azərbaycan ordusu hansı gücə malik olduğunu göstərib”. Bu sözləri SİA-ya açıqlamasında deputat Kamilə Əliyeva deyib.

Onun sözlərinə görə, ordumuz Lələtəpə də daxil olmaqla 10 min hektardan çox ərazini işğaldan azad edib: “Cocuq Mərcanlı kəndi ilə yanaşı, bir neçə kəndin yerli əhalisi öz doğma yurdlarına qayıdaraq təhlükəsiz yaşamaları təmin olunub. Qarabağa və Şərqi Zəngəzura böyük qayıdışın təməlinin də 2016-cı il Aprel döyüşləri ilə qoyulduğunu demək olar. Cocuq Mərcanlı kəndində böyük quruculuq və bərpa işləri həyata keçirildi, yeni və müasir kənd salındı. Bununla da kənd sakinləri öz doğma ocaqlarına döndülər”.
Deputat sözlərinə belə davam edib: “2016-cı ildə qazandığımız hərbi uğur Azərbaycan xalqının qələbəyə olan inamını artırdı. Elə həmin vaxtda da xalq ölkə başçısı İlham Əliyevin ətrafında sıx birləşdi. Bu Aprel döyüşləri Ermənistana dərs olmalı idi. Çünki o zaman Prezident İlham Əliyev Ermənistana mesaj verdi ki, torpaqlarımızı sülh yolu ilə tərk etməsələr, onların aqibəti bundan daha ağır olacaq. Təəssüf ki, ermənilər onlara verilən fürsəti dəyərləndirə bilmədilər. 2020-ci il sentyabr ayının 27-dən başlayaraq 44 gün ərzində Azərbaycan ordusunun verdiyi dərsi onlar heç vaxt unutmayacaq. Aprel döyüşləri Azərbaycanın hərb tarixinə şanlı səhifə kimi yazılıb”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB