Düşmən Azərbaycanın gücünü gördü - HƏRBİ EKSPERT ŞƏRH ETDİ

"Aprel döyüşləri Azərbaycan hərb tarixində özünəməxsus yer tutub. Torpaqlarımızın işğalından sonra Azərbaycan ordusu ilk dəfə idi ki, düşmən təxribatına bu şəkildə cavab verirdi". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Şair Ramaldanov deyib.

Onun sözlərinə görə, Aprel döyüşləri zamanı Azərbaycanda Talış istiqamətində yüksəkliklərdən və Lələtəpədən yaşayış məntəqələri mütəmadi olaraq atəşə tutulub: "Həmin bir neçə gün ərzində mülki əhali təhlükə altında idi. Belə olduğu halda, Azərbaycan ordusu bu istiqamətlərdə dinc əhalinin təhlükəsizliyini qorumaq məqsədilə düşmənə cavab vermək əmri aldı və bunu lazımi şəkildə bacardı. Aprel döyüşləri eyni zamanda, Azərbaycanın öz torpaqlarını azad edəcəyi barədə bir mesaj idi. Bu hadisələrdən sonra bütün Azərbaycan xalqı birləşərək torpaqlarımızı düşmən tapdağından azad etmək üçün dəstək göstərdi. Bununla da nəhayət, Azərbaycan qələbə çaldı".

Ekspert sözlərinə belə davam edib: "Bu döyüşlərdə xüsusilə gənclərin öz dəstəyini göstərdiyini qeyd etmək lazımdır. Digər tərəfdən Azərbaycan Ordusunun xidmətini göz ardı etməməliyik. Ordumuz real gücüylə qarşıya qoyulan tapşırığı yerinə yetirməyə nail oldu.

Həmçinin, Aprel döyüşlərinin əhəmiyyəti ondan ibarətdir ki, geosiyasi arenada hədəflərimizi gördük. Aprel döyüşləri başladığı anda beynəlxalq qurumlar, o cümlədən Rusiya məhz bu məsələdə Azərbaycana ola biləcək təzyiqləri göstərdi. Azərbaycan Respublikasının Prezidenti qarşıya hədəflər qoyaraq müdrik siyasət apardı. Bunun sayəsində də Azərbaycan ordusunun qarşılaşacağı riskləri aradan qaldırdı. Bundan sonra düşmən də Azərbaycanın gücünü gördü. Cənab İlham Əliyev də Aprel döyüşləri zamanı Azərbaycan ordusuna yüksək qiymət verərək onun torpaqlarımızı geri alacağına qadir olduğunu qeyd etmişdir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə