Qarabağ dünyanın mühüm turizm mərkəzlərindən birinə çevriləcək - DEPUTAT ŞƏRH ETDİ

“Artıq bu il ikinci dəfədir ki, cənab Prezident tərəfindən Qarabağda Novruz tonqalı alovlandırılır. Ölkə Başçısı ötən il Şuşada, cari il isə Suqovuşanda yandırdığı Novruz tonqalı ilə Qarabağa və milli adət-ənənələrə bağlılığımızı nümayiş etdirdi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, Müzəffər Ali Baş Komandan tonqal ətrafında əzəli torpaqlarımızın işğaldan azad olunmasının tarixi əhəmiyyətindən də ətraflı danışıb: “İki ildir ki, Azərbaycan xalqı bayram təbriklərində azad Qarabağı arzu etmir, azad Qarabağdan təbrik eşidir. Bu Azərbaycan ordusunun göstərdiyi böyük şücaətin nəticəsidir. İndi qarşıda duran əsas məsələ tezliklə məcburi köçkünlərin doğma torpaqlarında bayramlarımızı qeyd etmələrini təmin etməkdi. Bu arzumuzu da sürətli şəkildə reallaşdırmaq üçün abadlıq-quruculuq işləri dayanmadan həyata keçirilir.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Suqovuşanda Zəfər tonqalımızı alovlandırıb, çıxış edərək bir daha bütün xalqa çatdırdı ki, biz şəhər və kəndlərimizi bərpa edib, əvvəlkindən də gözəl diyara çevirəcəyik. Cənab prezidentin də qeyd etdiyi kimi, azərbaycanlılar qəhrəman, həm də qurub-yaradan bir xalqdır”.

Deputat sözlərinə belə davam edib: “Еrmənilər Qarabağda şəhər və kəndlərimizi viran qoyub, azərbaycanlılara məxsus tarixi-mədəni və dini abidələrimizə qarşı əsl barbarlıq etsələrdə, Azərbaycan hökuməti Qarabağda məhv edilən hər yeri bərpa edir. Qarabağda rəsmi fəaliyyət göstərmiş 67 məscidin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. İşğaldan azad olunan ərazilərimizdə hazırda geniş quruculuq işləri aparılır, yeni məscidlər tikilir. Onlardan biri də Suqovuşan qəsəbəsində təməli qoyulan məsciddir.

Turizm İnkişaf Konsepsiyası əsasında yaradılacaq turizm kompleksinin təməli qoyulub. Bu kompleks Qarabağın turizm əhəmiyyətinin daha da artmasına şərait yaradacaqdır. Azərbaycan hökuməti Qarabağda planladığı bütün işləri addım-addım reallaşdırır. Tezliklə Qarabağ dünyanın mühüm turizm mərkəzlərindən birinə çevriləcək”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə