Putin-Zelenski Bakıda görüşür? - DETALLAR - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycan daim dünyada sülhün və təhlükəsizliyin bərqərar olmasına xüsusi töhfələr verib". Bu fikirləri SİA-ya açıqlamasında Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil Kərimli bildirib.

Onun sözlərinə görə, bu siyasət bu gün də davam etdirilir: "Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlayan ilk günlərdən rəsmi Bakı öz mövqeyini ortaya qoyub və böhranın danışıqlar yolu ilə həll edilməsinə səy göstərib. Azərbaycan bölgənin əsas söz sahiblərindən biri kimi çalışıb ki, tərəflər arasında vasitəçi rolu oynasın, hətta bir neçə dəfə rəsmi təkliflər də səsləndirilib. Bu günlərdə Antalyada keçirilən danışıqlar da konkret olaraq nəticəsiz qaldı.

Görünür, danışıqların daha üst səviyyədə - Rusiya və Ukraynanın dövlət başçıları arasında aparılmasına ehtiyac var. Əlbəttə ki, hər şeydən əvvəl iki ölkə liderinin görüşməsinin özü böyük irəliləyiş və uğur olardı. Əgər bu görüş baş tutarsa, böyük ehtimalla müharibə dayandırılar və proses masa ətrafında davam edər. Putin Zelenski görüşünün harada keçiriləcəyi barədə müxtəlif təkliflər irəli sürülür. Hesab ediəm ki, görüş üçün ən əlverişli məkan Bakı olardı. Çünki, Azərbaycan proseslərdə neytral tərəfdir. Ölkəmiz həm Ruisya, həm də Ukrayna ilə yüksək münasibətlərə malikdir. Azərbaycan heç bir hərbi təşkilatın üzvü deyil. Biz Qoşulmama Hərəkatına sədrlik edən ölkə kimi tərəflər arasında dialoqun yaranmasına və sülhün əldə edilməsinə unikal töhvə verə bilərik. Yeri gəlmişkən, Bakının belə bir mötəbər görüşə ev sahibliyi etmək təklifləri dəfələrlə ən üst səviyyədə səsləndirilib.

Əgər tərəflər danışıqlar üçün Bakını seçərsə, heç şübhəsiz ölkəmiz həmişə olduğu kimi bu məsluliyyətli işin öhdəsindən də layiqincə gələcək. Azərbaycan yalnız və yalnız bölgəmizdə sülhün, təhlükəsizliyin bərqərar olmasında maraqlıdır. Bu istəklə ölkəmiz həm də sülhsevər və humanizm prinsiplərinə sadiq olduğunu sübut edir. Eyni zamanda, regionda yaranan siyasi-iqtisadi böhran bütün ölkələr kimi Azərbaycana da mənfi təsirlərini göstərməkdədir. Bu problemlərin aradan qaldırılması, qan tökülməsinin dayandırılması və sülh əldə edilməsi yeganə həll yoludur".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə