30 il əvvəl baş verən hadisələr insanlığın, bütün dünyanın qara səhifəsidir - DEPUTAT ŞƏRH ETDİ

“Ölkə Prezidenti cənab İlham Əliyev Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı sərəncam imzalayıb. Əlbəttə ki, bu sərəncam böyük bir əhəmiyyət daşıyır. Bu bizim zəfər qazanmış bir ölkə olmağımıza baxmayaraq, faciəmizi də unutmadığımızı və unutmayacağımızı göstərir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva bildirib.

Onun sözlərinə görə, öz ədalətimiz, Azərbaycan həqiqətləri uğrunda hər zaman mübarizə aparacağıq: “Bundan 30 il əvvəl baş verən hadisələr insanlığın, bütün dünyanın qara səhifəsidir. Həmin gecə Azərbaycanda, Xocalıda yaşanan dəhşət və vəhşət heç bir ölçüyə, müharibə qaydalarına, insan münasibətlərinə sığmayan hadisədir. Xocalı maştabında olmasa da təbii ki, bir qətliam olaraq qiymətləndirilə biləcək Ağdaban, Qaradağlı, Malıbəyli faciələrini də biz unutmuruq.

Qarabağda, hər bir bölgəmizdə baş verən hadisələr, əli yalın insanlarımıza qarşı vəhşicəsinə həyata keçirilən qətl hadisələrinin hər biri özlüyündə bir soyqırım cinayətidir. Çünki bu insanlar sırf etnik mənsubiyyətinə, azərbaycanlı, türk kökənli olduqlarına görə amansız şəkildə qətlə yetiriliblər. Onlara qarşı insanlığa sığmayan zorakılıq əməlləri həyata keçirilib. Düşünürəm ki, dünya bu məsələlərə cavabsız qalmamalıdır. Biz təbii ki, qatilin cavabını verdik. Tökülən qanlarımız yerdə qalmadı. 44 gün ərzində böyük bir döyüş yolu keçərək zəfər qazanıb, torpaqlarımızın bütövlüyünü təmin etdik.

Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin dəmir iradəsi, dəmir yumruğu, qəhrəman igidlərimizin və hər zaman prezidentinin, ordusunun yanında olan xalqımızın həmrəyliyi ilə biz bu zəfəri qazandıq. Amma Prezidentimizin də söylədiyi kimi biz baş verənlərin heç birini unutmuruq və unutmayacağıq. Hər bir zaman öz haqqımız uğrunda mübarizə aparacağıq. Azərbaycanlıların qanına əli batmış erməni cinayətkarları, caniləri, onların havadarları mütləq beynəlxalq hüquq qarşısında cavab verməlidirlər”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə