Azərbaycan-NATO əməkdaşlığında hansı mərhələ - ŞƏRH EDİLDİ

"Ümumiyyətlə, Azərbaycanla NATO arasındakı əlaqələrə ümumi çərçivədə baxsaq həmin əlaqələr uzun müddətə dayanır. Artıq demək olar ki, 90-cı illərin sonlarından başlayaraq Azərbaycan və NATO arasında əlaqələr inkişaf etməyə başlayıb". Bu sözləri SİA-ya açıqlamasında "Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi"nin rəhbəri Samir Hümbətov deyib.

Onun sözlərinə görə, Azərbaycan ümumiyyətlə NATO-nun çərçivəsində, yəni, NATO-nun bir çox tədbirlərində aktiv iştirakçılardan biridir: "Bunu nə ilə sübut etmək olar? Azərbaycan həm Əfqanıstanda, həm İraqda, həm Sudanda, həm Kosovada, həm də digər başqa yerlərdə NATO qoşunları tərkibində daha dəqiq desək NATO üzvü olan Türkiyə kontingenti tərkibində müəyyən bir qrupla təmsil olunur. Bu artıq uzun illərdir demək olar ki, 2000-ci ilin əvvəllərindən başlayaraq Əfqanıstanda, İraqda, hətta demək olar ki, 90-cı illərin sonlarından başlayaraq Kosovada və artıq bir neçə ildir Sudanda fəaliyyət göstərirlər. Bu əslində NATO Azərbaycan əlaqələrinə böyük dəstək kimi qiymətləndirilə bilər".

Samir Hümbətov sözlərinə belə davam edib: "Nəhayət, 14 dekabrda Azərbaycan Prezidenti cənab İlham Əliyevin Brüsseldə NATO-nun baş katibi ilə görüşü oldu. Bu görüş çərçivəsində Qarabağ məsələsinə, eyni zamanda NATO Azərbaycan əlaqələrinə də toxunuldu və tərəflər arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı bir məmnunluq dilə gətirildi.

Həmçinin Azərbaycan NATO əlaqələrinin inkişaf etdirilməsi məsələsi gündəmə gəldi. Ermənistanla Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bitməsindən sonrakı mərhələdə Laçın dəhlizi və yaxud da Zəngəzur dəhlizi ilə bağlı məsələlər gündəmə gəldi. Yəni, bütün bunlar hesab edirəm NATO baş katibi ilə müzakirə olunması onu göstərir ki, NATO-nun Azərbaycana marağı böyükdür və bu maraq mahiyyət etibarilə Azərbaycanın dünya birliyi tərəfindən xüsusən də NATO dövlətləri NATO hərbi alyansı tərəfindən daha çox ciddiyə alınmasının göstəricisi kimi qiymətləndirilə bilər və hesab edirəm ki, bundan sonrakı mərhələdə də bu proses davam edə bilər və edəcək. Bu ümumilikdə NATO Azərbaycan əlaqələrinin yüksək səviyyədə inkişafına təkan verəcək".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə