“İşğaldan azad edilən ərazilərin böyük turizm potensialı var“ - ŞƏRH EDİLDİ
“Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətdə qeyri-neft sektorunun inkişafı, neft-qaz amilindən asılılığın azaldılması, biznesin innovativliyinin və səmərəliliyinin artırılması, yüksək texnologiyalara əsaslanan rəqabət qabiliyyətli məhsul istehsalı və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi prioritet istiqamətlərdir. İndiyə qədər yaradılan Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ və Pirallahı sənaye parkları, Hacıqabul, Masallı, Neftçala, Sabirabad və Şərur sənaye məhəllələri də məhz həyata keçirilən bu iqtisadi siyasətə xidmət edib”. Bu sözləri SİA-ya açıqlamasında deputat Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, Ağdam Sənaye Parkı və Araz Vadisi İqtisadi Zonası sənaye parkı isə azad edilmiş ərazilərdə qeyri-neft sektorunun inkişafında mühüm rol oynamaqla, Azərbaycan iqtisadiyyatına böyük töhfələr verəcək: “Dövlət başçısı tərəfindən Ağdam Sənaye Parkında təməli qoyulan iki müəssisə də bu baxımdan xüsusi qeyd olunmalıdır. Ağdam Sənaye Parkının rezidenti “Smartpoint” MMC burada reallaşdıracağı layihə çərçivəsində alternativ və bərpaolunan enerji mənbələri ilə (əsasən günəş enerjisi) qidalanan işıq dirəkləri və digər qurğular, “Dadaş-N” MMC Sənaye Parkında həyata keçirəcəyi layihə çərçivəsində müxtəlif çeşidli sintetik xalçalar istehsal edəcək. Digər tərəfdən, işğaldan azad edilən ərazilərin böyük turizm potensialı var. Prezident tərəfindən Ağdam şəhərində “Park Forest Otel Ağdam” mehmanxanasının təməlinin qoyulub. Son illər Azərbaycanda turizmin inkişafı istiqamətində böyük işlər görülsə də, ölkəmizin ən böyük turizm potensialına malik Qarabağ bölgəsi işğal altında olduğundan bu proseslərdən kənarda qalmışdı. İlin dörd fəslində füsunkar təbiəti ilə qonaqları heyran edən, saf havası, müalicəvi suları, tarixi abidələri ilə dillərdə dastan olan bu diyar Müzəffər Ali Baş Komandanın qətiyyəti və Ordumuzun rəşadəti sayəsində artıq düşmən tapdağından azad edilib. Qarabağın işğaldan azad olunmasından qısa müddət ötməsinə baxmayaraq, bu tarixi torpaqlarımızın dirçəldilməsi prosesi sürətlə davam etdirilir. Bu prosesdə diqqət yetirilən əsas sahələrdən biri də işğaldan azad olunmuş ərazilərimizdə turizmin inkişaf etdirilməsidir”.
Deputat sözlərinə belə davam edib: “Strateji mövqeyinə görə Qarabağın giriş qapısı hesab edilən Ağdam rayonunda ən müasir standartlara cavab verən mehmanxananın inşası sürətlə dirçəldilən tarixi ərazilərimizin turizm potensialının inkişafına mühüm töhfə verəcək. Bu, həm də işğaldan azad edilən ərazilərimizdə, o cümlədən Ağdam rayonunda sosial layihələrin davamlı şəkildə həyata keçirilməsinin növbəti göstəricisidir.
Azad olunmuş ərazilərdə infrastruktur sürətlə bərpa olunur, yollar çəkilir, elektrik enerjisi və su təchizatı məsələləri həllini tapır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna səfərdə zamanı da “Ağdam-1”, “Ağdam-2” yarımstansiyaları və “Qarabağ” Rəqəmsal İdarəetmə Mərkəzi istifadəyə verilib: “O cümlədən Böyük Qayıdış konsepsiyası çərçivəsində Ağdamda 209 mənzildən ibarət yeni yaşayış kompleksinin təməli qoyulmasının xüsusi əhəmiyyət daşıyır. Otuz ilə yaxın müddətdə doğma yurd-yuvalarına qovuşmaq həsrəti ilə yaşayan ağdamlılar üçün bu yaşayış kompleksinin təməlinin qoyulması onları bu arzularına daha da yaxınlaşdırır. Bu mərasim, eləcə də növbəti mərhələdə 0,86 hektar ərazidə daha 4 yaşayış binasının inşası ilə bağlı layihələndirmə işləri aparılması ağdamlılarda bu arzularının da olduqca qısa müddətdə reallaşdırılacağına qəti inam yaradır. Dövlət başçısının da qeyd etdiyi kimi, Ağdam rayonunun bərpası ilə bağlı kompleks tədbirlərin görülməsi bizə imkan verəcək ki, qısa müddət ərzində Ağdamı yenidən quraq, yaradaq. Qısa müddət ərzində görülmüş işlər yaxın gələcəkdə konkret nəticələrə gətirib çıxaracaq. Ağdamın sürətli bərpası Qarabağın cənnətə çevriləcəyini bir daha təsdiqləyir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB