“Bu, Minsk qrupunun fəaliyyəti üçün sonun başlanğıcıdır” - DEPUTAT ŞƏRH ETDİ
“Prezident İlham Əliyev, Prezident Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş və ardınca Avropa İttifaqının bəyanatı Azərbaycanın siyasi-diplomatik qələbəsi olan Brüssel prosesinin davamı hesab olunmalıdır. Bəyanatda ümumiyyətlə, Qarabağ ifadəsinin olmaması, tərəf kimi, yalnız Azərbaycan və Ermənistan dövlətlərinin adının çəkilməsi post-münaqişə dövründə proseslərin rəsmi Bakının maraqlarına uyğun cərəyan etdiyini açıq formada göstərdi. Məlumdur ki, 44 günlük müharibə dövründə və son bir neçə ayadək hətta, Makronun özü açıq şəkildə mövcud reallığı qəbul etməyəcəkləri ilə bağlı bəyanat verdiyi halda, bu gün Fransa Prezidentinin Prezident İlham Əliyevin dəyişməz mövqeyinin əks olunduğu bir bəyanata imza atması beynəlxalq münasibətlər müstəvisində ciddi hadisədir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, habelə, bu görüş faktiki olaraq Minsk qrupunun fəaliyyəti üçün sonun başlanğıcı hesab edilə bilər: “Minsk qrupunu davamlı olaraq yenidən "dirçəltmək" istəyən rəsmi Parisin belə, artıq, bu təsisatın fəaliyyət dövrünün keçdiyi məzmunda mövqe sərgiləməsi bu görüşün digər vacib detalı oldu. Bildiyiniz kimi, Minsk qrupunun həmsədri olan Fransanın bu görüşün təşkilatçısı olmasına baxmayaraq, bəyanatda qrupun fəaliyyətinə toxunulmaması, habelə, Makronun həmsədr ölkənin yox, Avropa İttifaqının sədri qismində çıxış etməsi çox məqamlardan xəbər verdi. Qərbdə cənab İlham Əliyevin bu məsələyə dair mövqeyi aydındır, bilinir ki, Azərbaycan Minsk qrupunun bundan sonrakı mövcudluğuna etiraz etmir, sadəcə, institut profilini dəyişməlidir. Çünki, 44 günlük savaşda Azərbaycan münaqişəni hərbi-siyasi yolla həll etdiyi üçün artıq Minsk qrupu tərəfindən həll ediləcək münaqişə də yoxdur. Üstəlik, görüş sonrası bəyanatda "Qarabağ" mövzusunun tamamilə gündəlikdən çıxması və Avropa İttifaqının "Dağlıq Qarabağ münaqişəsi" terminindən ümumiyyətlə imtina etməsi ilə artıq, qərbdə də münaqişənin bitməsi ilə barışdıqlarını ortaya qoymuş oldular”.
Deputat sözlərinə belə davam edib: “Rəsmi Bakının mövqeyinə gəlincə, biz cənab İlham Əliyevin Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi, qətlə yetirilmiş soydaşlarımızın dəfn edildiyi kütləvi məzarlıqların dəqiq koordinatlarının bizə verilməsi, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsinə beynəlxalq dəstəyin artırılması və nəqliyyat dəhlizi açılması məzmunlu bütün tələblərinin ədalətli və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olması İrəvanı da, havadarlarını da əlavə öhdəliklərlə faktiki çıxılmaz duruma saldı.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB