Soyqırım aktının bütün dünyaya tanıdılması istiqamətində ciddi addımlar atılır - Aydın Hüseynov

“Xocalı soyqırımı bəşəriyyət tarixinin ən dəhşətli və qara səhifələrindən biridir. Xocalı soyqırımı təkcə azərbaycanlılara qarşı deyil, bütün insanlığa qarşı yönələn bəşəri bir cinayətdir və bu cinayəti törədənlər cəzalarını almalıdırlar”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Hüseynov deyib.

Onun sözlərinə görə, Xocalı soyqırımı bütün dünyanın gözü qarşısında baş verib və erməni dövləti və lobbisinin bu faktı gizlətməsi mümkün olmayacaq: “Təbii ki, dövlət başçısının tapşırığı və tövsiyələri əsasında bu soyqırım aktının bütün dünyaya tanıdılması istiqamətində ciddi fəaliyyət göstərilir və bundan sonra bu istiqamətdə daha ciddi fəaiyyət göstərəcəyik. Xocalı soyqırımının ildönümü hər il dövlət səviyyəsində keçirilir.

Bu il Xocalı soyqırımının 30-cu ildönümünün keçirilməsi ilə bağlı Cənab Prezident tərəfindən yanvarın 28-də sərəncam imzalanıb. Sərəncama əsasən Prezident Administrasiyasına Tədbirlər Planı hazırlanması və buna uyğun olaraq Xocalı soyqırımının 30-cu ildönümünün keçirilməsi ilə bağlı tapşırıq verilib. Təbii ki, atılan addımlar xalqımızın başına gətirilən bu faciənin unudulmmaması ilə yanaşı, eyni zamanda dünya ictimaiyyətinə çatdırılmasına xidmət edir”.

Millət vəkili vurğulayıb ki, Azərbaycan artıq qalib dövlətdir, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi, apardığı düzgün siyasət və yüksək sərkərdəlik bacarığı ilə Azərbaycan 44 gün müddətində öz torpaqlarını işğaldan azat etməklə Ermənistanı kapitulyasiyaya imza atmağa məcbur edib: “Azərbaycanın bu uğurlu hərbi-siyasi qələbəsi dünyanın hərb tarixinə yazılıb. Biz öz torpaqlarımızı işğaldan azad etməklə yanaşı, eyni zamanda Xocalıda xalqımızın başına gətirilən faciənin, insanlıqdan kənar əməllərin qisasını döyüş meydanında aldıq”.

A.Hüseynov “təbii ki, biz qalib dövlətik və bölgədə söz sahibiyik”,- deyə diqqətə çatdırıb: “Ermənistan aldığı bu psixoloji zərbədən yüz illərlə qurtula bilməyəcək. Amma işimizi bununla bitmiş hesab etməməliyik. İnformasiya savaşı davam edir və bu cəbhədə fəaliyyətimizi intensivləşdirməliyik. Cənab Prezident gənclərlə görüşündə də bu məsələni önə çəkdi və erməni lobbisinin dünya mediasında dezinformasiya yaymaqda davam etdiyini vurğuladı. Təbii ki, bu istiqamətdə biz bundan sonra da daha ciddi, koordinasiyalı və effektiv şəkildə fəaliyyət göstərməklə dövlət başçısının müəyyənləşdirdiyi yol xəitəsini uğurla həyata keçirmiş olarıq. Bu günə qədər Meksika, Kolumbiya, Çexiya, Peru, Bosnya və Herseqovina və digər ölkələr, eyni zamanda ABŞ-ın 20-yə yaxın ştatı Xocalı soyqırımını rəsmən tanıyıb. Həmçinin müxtəlif dövlətlərdə, beynəlxalq təşkilatlarda Xocalı soyqırımı ilə bağlı sənədlər qəbul edilib. Eyni zamanda bəzi media nümayəndələrimiz xarici mediada yazılarla çıxış ediblər. Bu barədə filmlər ərsəyə gətirilib və digər addımlar atılıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2009-cu ildən başlayan “Xocalıya ədalət!” beynəlxalq informasiya və təşviqat kampaniyası effektiv nəticələrlə yadda qalıb. Bütün bunlar Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrinin, aparılan diplomatik fəaliyyətin nəticələridir. Hesab edirəm ki, cənab Prezident tərəfindən bu barədə imzalanan son sərəncam da bu fəaliyyətin, uğurlu strategiyanın inkişaf etdirlməsinə xidmət edir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə