“Onlar biabırçı məğlubiyyətə imza atdılar“ - DEPUTAT ŞƏRH ETDİ

“Hazırda Avropa ittifaqında rəhbərlik edən Fransa prezidenti Emanuel Makronun təşəbbüsü ilə möhtərəm Prezidentimiz İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə görüş keçirilibdir. Əlbəttə bu görüşü çox yüksək dəyərləndirib. Çünki, Azərbaycan xalqı müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə 2020-ci ildə olan 44 günlük Vətən müharibəsində işğal altında olan torpaqlarımızı azad etsə də, sonrakı mərhələ üçün belə görüşlər çox önəmlidir. Çünki biz kiçik bir bölgədə qonşu kimi yaşayırıq. Ona görə də müharibədən sonra hər iki respublika arasında münasibətlərin və bölgə üçün sülhün, barışın formalaşması, bərqərar olması üçün belə görüşlər çox vacibdir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, bölgənin gələcək sülh təminatı, dayanıqlı sülhün, eləcə də dayanıqlı stabilliyin, təhlükəsizliyin qorunması üçün artıq yeni bir mərhələyə qədəm qoyub və bu sülhün, barışın, davamlı inkişafın qorunması, saxlanılması üçün bütün tərəflər səy göstərməlidir: “Möhtərəm Prezidentimiz bunu dəfələrlə vurğulayırdı ki, baxmayaraq ki, Ermənistan tarix boyu Azərbaycana və Türkiyəyə qərəzli düşmənçilik mövqeyində və ərazi iddialarında olubdur, amma biz torpaqlarımızı azad etdik. Biz Ermənistanı məğlub etdik. Onlar biabırçı məğlubiyyətə imza atdılar, erməni ordusu tamamilə darmadağın edildi. Azərbaycan ordusu tərəfindən Ermənistana elə bir zərbə vuruldu ki, bu qələbə, bu zəfər, bu zərbə təkcə Ermənistan üzərində deyil, dünya erməniliyi və işğalçı Ermənistanı dəstəkləyən qüvvələrin üzərində olan zəfər idi, onlara olan zərbə idi”.

Deputat sözlərinə belə davam edib: “Buna baxmayaraq, biz bütün nifrəti, düşmənçiliyi bu bölgədə tədricən sülhə, barışa, əməkdaşlığa çevirməliyik və bu nöqteyi-nəzərdən də möhtərəm Prezidentimizin iştirakı ilə Avropa İttifaqına sədrlik edən Fransa prezidenti Makronun, eləcə də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin və Paşinyanın iştirakı ilə videoformatda keçirilən konfransı çox vacib hesab edirik. Amma bununla bərabər möhtərəm Prezidentimiz bütün öz tələblərini, müharibədən sonra bütün beynəlxalq tədbirlərin yüksək tribunalardan səsləndirdiyi təklifləri, Azərbaycanın haqlı tələblərini və iradlarını yenə də səsləndirdi. Möhtərəm Prezidentimiz bu görüşdə də minalanmış ərazilərin xəritələrini tələb edib. O cümlədən, Ermənistan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası məsələsinin həllini qəti olaraq ortaya qoyub və eyni zamanda sülh müqaviləsinin imzalanmasının vacibliyini tələb edib. Əgər Ermənistan Azərbaycanla qonşuluq siyasətində yaşamaq istəyirsə, eləcə də Avropa İttifaqının qonşuluq siyasəti həqiqi mənada yenə də ikili standartlara əsaslanmayıbsa, Şərq tərəfdaşlığı həqiqətən də səmimi və etibarlı əməkdaşlıq əsasında qurulacaqsa bu məsələlər, bu şərtlər yerinə yetirilməlidir.

Təbii ki, möhtərəm Prezidentimizin səsləndirdiyi fikirlər Şuşa bəyannaməsində də öz əksini tapıb, Moskva görüşündə də bu var. Bu, 2021-ci ilin yanvar ayında Moskvada imzalanan sənəddə də var.

Ən qısa zamanda Zəngəzur dəhlizinin istifadəyə verilməsi də önəmli məqamlardandır. Erməni tərəfindən müəyyən sabotajlar var. Bu lahiyə təkcə Azərbaycanla Türkiyəyə lazım deyil, eyni zananda bütün region ölkələri bundan faydalana biləcək. Zəngəzur dəhlizi Azərbaycanla Türkiyə, eyni zamanda Avrasiya üçün çox əhəmiyyətli bir lahiyədir. Bugün bilirik ki, Avrasiyada bölgədə ciddi geosiyasi problemlər var. Rusiya-Ukrayna arasında gərginləşmiş münasibətlər bütün dünyaya sirayət edibdir və nəzərə alsaq ki, bu münasibətdən qaynaqlanan bir sıra yeni problemlər çıxıb. Xüsusilə neft-qaz təminatı ilə bağlı Avropanın enerji təminatı ilə bağlı ciddi tədbirlər yaşanıbdır. Təbii ki, logistik lahiyələrdə də yəni nəqliyyat logistik lahiyələrdə də problemin çıxmağı labüddür. Bu mənada alternativ dəhlizlərin, alternativ enerji lahiyələrinin, alternativ nəqliyyat logistik lahiyələrin olması bugün həqiqətən hədsiz dərəcədə zəruridir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə