"Azərbaycan müstəqil, balanslaşdırılmış siyasət yürüdür" - ŞƏRH EDİLDİ

"Dünənə kimi Azərbaycan regionda güclü dövlət kimi tanınırdısa, artıq dövlətimiz həm siyası, həm də iqtisadi cəhətdən dünyada söz sahibinə, aparıcı dövlətə çevrilmişdir. Bu, Prezident cənab İlham Əliyevin apardığı qətiyyətli, müdrik siyasətinin nəticəsidir. Bu gün Azərbaycan müstəqil, balanslaşdırılmış siyasət yürüdür. 44 günlük Vətən Müharibəsində şanlı qələbəmizdən sonra bütün dünya Azərbaycanın güclü orduya malik olduğunun şahidi oldu. Bütün bunların nəticəsidir ki, nüfuzlu beynəlxalq təşkilatlar, böyük dövlətlər Azərbaycanla əməkdaşlıq etməyə, bütün sahələrdə ölkəmizlə ikitərəfli əlaqələr qurmağa böyük maraq göstərirlər". Bu sözləri SİA-ya açıqlamasında deputat Kamilə Əliyeva deyib.

Onun sözlərinə görə, fevralın 4-də Fransa Respublikasının Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə video-formatda yürüş keçirildi: "Ümumiyyətlə, son vaxtlar Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yeni mərhələyə qədəm qoymuşdur. Avropa İttifaqı Azərbaycanla bir sıra müştərək iqtisadi layihələr həyata keçirməkdədir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə ölkə başçımız cənab İlham Əliyev arasında son vaxtlar bir neçə dəfə görüş keçirilib. Bu görüşlərdə iqtisadi əlaqələrlə yanaşı Azərbaycanla Ermənistan arasındakı münasibətlər müzakirə olunub. Bu gün Avropa İttifaqı iki dövlət arasında baş tuta biləcək sülh danışıqlarının baş tutmasında, sərhədlərin delimitasiya və demarkasiyası işlərində fəal iştirak etmək niyyətindədir. Avropa İttifaqı dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etmişdir. Prezident cənab İlham Əliyev də Avropa İttifaqı ilə Azərbaycan arasında dostluq münasibətlərinin olduğunu, lakin bəzi məsələlərdə Azərbaycanı narahat edən məqamların da olduğunu vurğulamışdır. Ölkə başçımız Avropa İttifaqının Ermənistana 2,6 milyard avro, Azərbaycana isə 150 milyon avro maliyyə yardımı ayrılmasından narazılığını bildirmişdir. Avropa İttifaqı cənab İlham Əliyevin haqlı narazılığını gec də olsa başa düşdü. Qurum bir neçə gün bundan əvvəl Azərbaycana 2 milyard avro maliyyə yardımı ayrılacağını bildirmişdir".

Deputat sözlərinə belə davam edib: "Bu gün Avropada yaşanan enerji böhranı konteksində Azərbaycan dövləti Avropanın enerji təhlükəsində mühüm rol oynamaqdadır. Cənub Qaz Dəhlizi vasitəsilə İtaliya və bir sıra Şərqi Avropa dövlətlərinə Azərbaycan qazı ixrac olunur. Bu ixracın yaxın vaxtlarda daha da genişləndiriləcəyi gözlənilir. Artıq Avropa dövlətləri, eləcə də Ermənistana havadarlıq edənlər başa düşdülər ki, Azərbaycanla dostluq onlara böyük fayda və inkişaf gətirəcək.

Yanvarın 4-də keçirilən dördtərəfli görüşdə də Azərbaycanın maraqlarına cavab verən bir sıra məsələlər müzakirə olundu. Humanitar əlaqələr, sərhədlərin müəyyənləşdirilməsi, sülh danışıqlarının baş tutması məsələləri də müzakirə olunub. Güman edirəm ki, bu görüş Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşmasına öz müsbət töhfəsini verəcək, Ermənistan öz təxribatçı hərəkətlərinə son qoyacaq, sülhün bərqərar olunmasında konstruktiv addımlar atacaq".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə