Aİ-nin Azərbaycana maliyyə paketi ayırması erməniləri özündən çıxarıb ANALİTİK+AKTUAL

Aİ-nin Azərbaycana maliyyə paketi ayırması erməniləri özündən çıxarıb ANALİTİK+AKTUAL

Gülünc və istehza doğurucu iddiaları ilə özləri-özlərinə təskinlik verirlər

Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu və regional kontekstdəki əhəmiyyəti get-gedə daha da artır və söz yox ki, bu reallıq Avropa İttifaqının (Aİ) da diqqətindən yayınmır. Yaxınlarda Aİ-nin ölkəmizə maliyyə paketi ayırması faktı da bu və bu kimi digər amilləri özündə ehtiva etməkdədir.

Yeri gəlmişkən, artıq bu fakt Ermənistanda kəskin narazılıq və isterika ilə qarşılanıb. Belə ki, prosesdə Fransa prezidenti Makronun Aİ-yə sədrlik edən ölkənin rəhbəri qismində iştirak etməsi İrəvandakı ictimai-siyasi dairələri özlərindən çıxarıb.

Erməni ictimai-siyasi rəyinin gülünc iddiaları

Daha bir maraqlı məqam isə budur ki, erməni sosial şəbəkələrində və KİV-lərində mövcud reallığın həzm edilməməsi açıq-aşkar özünü göstərir. Gülünc və istehza doğurucu iddialara nəzər salaq: “Avropa Azərbaycan qazına görə həmin vəsaiti ayırıb”, “Avropa Azərbaycanın Qarabağa “status” verməsinin əvəzində maliyyə paketi təyin edib”, “Əliyev Rusiyanı aldatdı və Qərbə tərəf keçdi, nəticədə Rusiya bizə kömək edəcək” və s.

Bütün bu hipotezlər ondan ibarətdir ki, Ermənistan Aİ-nin Azərbaycana təqdim etdiyi paketin əsas hədəflərini həqiqətən də həzm edə bilmir. Özü də həmin paket Azərbaycana qazın qiymətindən asılı olmayaraq verilir. Halbuki, Ermənistan həqiqətən də hadisələrin belə dəyişəcəyini gözləmirdi. Məhz bu reallıq erməni ekspert cəmiyyətinin başını sözün həqiqi mənasında dolaşığa salıb.

Ermənistanın ictimai-siyasi rəyi bir gerçəkliyi unudur ki, artıq real və əməli ilşlər görməyin vaxtıdır, boş-boş xülyalara dalaraq utopik fəzriyələr irəli sürmək isə çoxdan keçmişdə qalıb...

Aİ Qarabağ iqtisadi regionunun yalnız Azərbaycana deyil, Avropaya da verəcəyi töhfələrini yaxşı dərk edir

Aİ Azərbaycanla əməkdaşlığını ona görə möhkəmləndirmir ki, bu amili yalnız öz maraqlarına görə istifadə etsin, Aİ istəyir ki, Azərbaycan Avropa və Asiyanın kəsişən məxrəcində mühüm yer tutduğu, həmçinin Avropa məkanına daha sıx bağlı olması üçün bütövlükdə enerji təhlükəsizliyinin lokomotivi rolunu əlində cəmləşdirsin. Dünyada baş verən qlobal siyasi dəyişikliklər fonunda Aİ-nin güclü iqtisadiyyata malik perspektivli ölkələrlə əməkdaşlıq etməsindən başqa yolu da yoxdur və bu ölkələr sırasında liderlik edən dövlət məhz Azərbaycandır.

Başqa tərəfdən, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsindən sonra həmin torpaqların çoxşaxəli bərpası və inkişafı da Avropanın diqqəti mərkəzindədir və gələcəkdə Qarabağ iqtisadi regionunun yalnız Azərbaycana deyil, Avropaya da verəcəyi töhfələrini yaxşı dərk edir. Aİ dərk edir və bilir ki, 30 il ərzində bu torpaqlar talançılıqlara, məhvə məruz qalıb və bütün bunların kökündə dayanan baiskar tərəf Ermənistandır.

Reallıqla təskinlik arasındakı fərqin də necə olduğunu Azərbaycan əməli işləri ilə isbata yetirib

Bu baxımdan, Ermənistandan fərqli olaraq Azərbaycanın azad etdiyi torpaqlarda qısa müddət ərzində həyata keçirdiyi nəhəng miqyaslı işlər sübut edir ki, Qarabağ regionu Azərbaycanın əzəli, əbədi ayrılmaz hissəsidir və oradakı inkişaf, tərəqqi faktorları həm də Avropa məkanının gələcək əməkdaşlıq, inkişaf perspektivlərinə geniş şəraitlər, imkanlar yaradır. Hər halda, bunu Ermənistan cəmiyyəti də anlayır. Sadəcə, Aİ-nin Azərbaycana ayırdığı maliyyə vəsaitindən möhkəm narahatlıq keçirməklə son ümidlərinin də söndüyünü dərk edir, ona görə də yenidən ənənəvi utopik xəyallarına dalmaqla özünə təskinliklər verir. Hər halda reallıqla təskinlik arasındakı fərqin də necə olduğunu Azərbaycan əməli işləri ilə isbata yetirib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə