Sağ qalmış qurbanların danışdığı epizodlar insanı dəhşətə gətirir - ŞƏRH EDİLDİ
“1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min nəfərə yaxın əhalisi olan Xocalı şəhərində əsrin faciəsini törədiblər. Bildiyimiz kimi Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000-dən çox insan aldığı güllə yarasından əlil oldu. 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil.
Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilmişdir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, Xocalı soyqırımının sağ qalmış qurbanlarının danışdığı epizodlar insanı dəhşətə gətirir: “Xocalı sakinlərindən biri erməni hərbçilərinin tələb etdiyi "bu yerlər böyük Ermənistanın bir hissəsidir" sözlərini dilinə gətirmədiyinə görə ermənilər tərəfindən diri-diri yandırıldı. Ermənilər sağ qalmış insanlar üzərində təhqiredici hərəkətlər həyata keçirmişdilər. Bütün bunlar Ermənistanın Cenevrə konvesiyasının protokollarını pozaraq, müharibə qaydalarına zidd formada dinc sakinlərə qarşı həyata keçirilən soyqırım olduğunu təsdiqləyir”.
Deputat sözlərinə belə davam edib: “Bir gecədə yerlə-yeksan edilmiş bu Azərbaycan şəhərinin adı indi Xatın, Liditse və Sonqmi ilə yanaşı çəkilir. Dünya Xocalı qırğını haqqında əsl həqiqəti bilməli, başa düşməlidir ki, 20-ci əsrin sonunda bütün sivil bəşəriyyətin gözü qarşısında törədilmiş bu vəhşiliyə göstərilən biganəlik yüzlərlə dinc insanın ölümündə təqsirkar olanların bu vaxta qədər cəzasız qalması belə faciələrin dünyanın hər bir nöqtəsində təkrarlanmasına gətirib çıxara bilər. Beynəlxalq hüquqa görə belə hərəkətlər “genosid”, başqa sözlə “soyqırımı” anlayışına uyğundur və dünya ictimaiyyəti tərəfindən bu cür tanınmalıdır. Qəddarlığı və amansızlığı ilə fərqlənən Xocalı soyqırımı erməni millətçilərinin təcavüzkar siyasətinin ən qanlı səhifələrindən biridir desək yanılmarıq.
Hər il olduğu kimi, bu il də fevralın 26-da təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr olunacaq.
Bu günə kimi Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün bütün imkanlardan istifadə olunub. Bundan sonra da var gücümüzlə çalışıb, xalqımızın bu kədərli talehini dünyaya ətraflı çatdırmalıyıq”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB