"Ermənilərin törətdikləri qətliamlar xalqımız tərəfindən hər zaman yaddaşda qalacaq" AÇIQLAMA

"Xocalı soyqırımı ilə bağlı ölkə başçısının verdiyi sərəncamın mühüm əhəmiyyəti var. Təbii ki, sərəncam Xocalı soyqırımının dünya ictimaiyyətinə tanıdılması istiqamətində tədbirlərin görülməsi üçün müəyyən imkanlar yaradır". Bunu SİA-ya açıqlamasında tarix elmləri doktoru Nəsiman Yaqublu deyib.

Onun sözlərinə görə, vətəndaşlarımızın da üzərimizdə müəyyən öhdəliklər var ki, onları da biz yerinə yetirməliyik: "Xocalı soyqırımın dünyaya tanıdılması istiqamətində vətəndaşların üzərinə də yük düşür. Hər bir Azərbaycan vətəndaşı Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında səy göstərməlidir. Xocalı soyqırımın dünya ictimaiyyətinə tanıdılması ilə bağlı hələ çox işlər görülməlidir. Təbii ki, bir çox işlər bu istiqamətdə görülüb. Xocalı soyqırımı haqqında Azərbaycanda ilk tarixi kitabın yazarıyam. 1992-ci ildə Xocalı soyqırımı haqqında kitab yazdım. O zaman mən Ağdama gedərək ətraf kəndlərdən Xocalıda əsirlikdən qayıdan insanlarla görüşdüm. Xocalı qətlimanın şahidi oldum. Xocalı soyqırımı bütün azərbaycanlılar üçün ağrılı və unudulmaz hadisədir. Ermənilərin törətdikləri qətliamlar xalqımız tərəfindən hər zaman yaddaşda qalacaq. Burada yüzlərlə günahsız insan qətlə yetirildi və ya əsir götürülərək işgəcələrə məruz qaldı. Qeyd edim ki, Xocalı soyqırımı dünya ictimaiyyətini inandırmaq istiqamətində müəyyən işlərə nail olsaq da, hələ görülməmiş işlərimiz də var. Hər şeydən əvvəl onunla izah olunmalıdır ki, Xocalı soyqırımı haqqında dəhşətləri hadisənin şahidlərindən öyrənərək müxtəlif dillərdə filmlər, sənədli filmlər, kitablar hazırlamalıyıq. Eyni zamanda, müxtəlif tədbirlər keçirməklə yanaşı, həm də hüquqi müstəvidə işlərə davam etməliyik. Yəni beynəlxalq məhkəməyə verilməsi istiqamətində gücümüzü və səylərimizi daha da artırmalıyıq. Türkdilli müxtəlif xalqları bu işlərə cəlb etməliyik. Azərbaycanlıların diaspor fəaliyyətini xarici ölkələrdə gücləndirilməsinə şərait yaratmalıyıq. Xarici ölkələrdəki səfirliklərimiz Xocalı soyqırımın tanıdılmasında çalışmalarını artırmalıdır. Yəni ənənəvi tədbirləri yeni formalarla zənginləşdirməliyik. Bu xarici ölkələrdə keçirilən tədbirlərə yalnız azərbaycanlılar dəvət olunmamalıdır. Həmin ölkənin vətəndaşları və media qurumları, aparıcı siyasi xadimləri bu tədbirlərə cəlb olunmalıdır. Onlara izah olunmalıdır ki, Xocalı soyqırımı nədir? Eyni zamanda, bu proseslər ölkəmizdə də getməlidir. Azərbaycanda fəaliyyətdə olan səfirliklər bu hadisə ilə bağlı ciddi bilgilənməli və məlumatlanmalıdır. Nəhayət, bu hadisələr haqqında yazılar əsaslı faktlara söykənməlidir. Əsaslı faktlara söykənməyən məlumatlarla Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırmaq qeyri-mümkündür. Ermənilər vaxtı ilə bir amerikalı diplomatın vasitəsilə qondarma soyqırımları haqqında qondarma kitab yazaraq ingilis dilində hazırlayaraq dünyaya yaymışdılar. Bütün dünyaya çox ciddi təsir göstərmişdir. Biz isə Xocalı soyqırımı haqqında əsaslı təsirləndirən faktlarla çıxış edərək soyqırımı tanıdılması istiqamətində çalışmalıyıq".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə