Şuşa həm bugünün və gələcəyin gözləntilərinə cavab verir - POLİTOLOQ ŞƏRH ETDİ

"Şuşa Bəyannaməsinin çox böyük strateji mənası var. Məsələ ondadır ki, insanlar, nəsillər, xalqlar, toplumlar həmişə gələcəyi düşünərək bugün elə bir işlərə qol qoyurlar, onları həyata keçirirlər ki, sabitliyin, əmin-amanlığın bünövrəsi möhkəm olsun. Yəni, kövrəklik aradan qaldırılsın. Çünki biz görürük zaman ötdükcə yeni risklər, təhdidlər meydana gəlir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, bəzi məqamlarda artıq işlənmiş cavab formaları, konfiqurasiyalar gücdən düşürlər: "Ona görə də insanlar çalışırlar ki, qabaqlayıcı tədbirlər görsünlər, vaxtında elə bir işlər həyata keçirsinlər ki, birincisi sülhün, sabitliyin payaları möhkəm olsun. Digər tərəfdən də onların üzərində artıq yeni quruculuq planları, layihələr ərsəyə gəlsin. Bu baxımdan Şuşa Bəyannaməsi əyani surətdə göstərdi ki, Qafqaz bölgəsində, ümumiyyətlə Avrasiyanın bu həssas və çox strateji baxımdan əhəmiyyətli məkanında məhz Azərbaycan və Türkiyə artıq təhlükəsizliyin qarantı kimi çıxış edirlər. Onlar ümumiyyətlə xoşniyyətli qüvvələrin hamısına, o cümlədən Ermənistan üçün də bütün lazımi işlər görməkdən, insanların marağında olan layihələri həyata keçirməkdən ötrü yaşıl işıq yandırmağa israrlıdılar. Bəli, bu çətin məsələ idi. Çünki 30 ilə yaxın bir zamanda bu bölgə asılı vəziyyətdə idi. Çünki Ermənistan Azərbaycana qarşı təcavüz siyasətini həyata yetirdikdən sonra ipə-sapa yatmırdı, özünü normal bir tərzdə ifadə edə bilmirdi".

Tofiq Abbasov sözlərinə belə davam edib: "Ermənistan Azərbaycanın digər ölkələri, o cümlədən qonşularımızın sağlam proqmatik çağırışlarına ümumiyyətlə məhəl qoymurdu. Azərbaycanla Türkiyə iki müttəfiq dövlət, iki qardaş məmləkət kimi təşəbbüskarlığı öz üzərlərinə götürdülər. Təsadüfi deyil ki, sonradan Bakı Bəyannaməsi də imzalandı. Orada üçtərəfli format ərsəyə gəldi. Buraya Azərbaycan, Türkiyə və Pakistan daxil idi. Bu Açıq Qapılar siyasətinin bir əyani təsdiqidir. Yəni, biz hər bir sağlam qüvvəni qəbul etməyə hazırıq. Beləliklə, Azərbaycanın dilbər guşəsi olan Şuşada belə bir geosiyasi hadisə baş verdi ki, o həm bugünün, həm də gələcəyin gözləntilərinə cavab verir. Eləcə də bizə aydın, perspektiv cızmağa imkanlar yaradır.

Mənə elə gəlir ki, bu prosesdə Azərbaycan və Türkiyə tək deyillər və eləcə də bu bəyannamənin özü də çox gözəl bir nümunədir, çox gözəl bir presedentdir ki, ölkələr, xalqlar, qonşular həmişə sağlam ruhda olaraq əl-ələ verərək bütün çağırışların öhdəsindən gəlsinlər və qarşıda ola biləcək təhdidlərin də cavabını tapa bilsinlər".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə