Şuşa Bəyannaməsinin əhəmiyyəti nədən ibarətdir? - SİYASİ ŞƏRHÇİ DANIŞDI
“Türkiyə və Azərbaycan arasında indiyə qədər müxtəlif sahələri əhatə edən razılaşmalar, həm də ümumi dostluq, əməkdaşlıq və yardım haqqında müəyyən sənədlər, sazişlər, bəyannamələr imzalanmış olsa da Şuşa Bəyannaməsi öz məzmun etibarı ilə tamamilə yeni gücə malikdir. Bu bəyannamə iki ölkənin qardaşlığının və əməkdaşlığının daha fundamental şəkildə aparılmasını müəyyənləşdirən hüquqi sənəd nümunəsidir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.
Onun sözlərinə görə, bu sənədin artıq hər iki ölkənin parlamentində ratifikasiyadan keçməyə hazırlanması və Azərbaycanda artıq ratifikasiyadan keçməsi bir daha sübut edir ki, onun beynəlxalq hüquq və əməkdaşlıq sənədi kimi əhəmiyyəti var: “Şuşa Bəyannaməsi indiyə qədər iki ölkənin arasında imzalanmış digər sənədlərdən fərqli olaraq əməkdaşlığın rəsmi hüquqi əsaslarını qanun səviyyəsinə qaldırır və daha da gücləndirir”.
Aydın Quliyev sözlərinə belə davam edib: “Türkiyə ilə Azərbaycan arasında iqtisadi, siyasi, təhlükəsizlik və müdafiə sahəsində siyasətin yeni mərhələsinin başlanmasında Şuşa Bəyannaməsi olduqca böyük rol oynayacaq. Təkcə elə onu qeyd edək ki, iki ölkənin təhlükəsizlik şuralarının birlikdə iclaslarının keçirilməsinin məhz bəyannamədə təsbit edilməsi o deməkdir ki, indiyə qədər biz əgər hərbi sahədə iki ölkənin əməkdaşlığına rast gəlirdiksə, bundan sonra iki ölkənin artıq təhlükəsizlik sahəsində, hətta qüvvələri birləşdirməsinə qədər müttəfiqlik münasibətlərinə qədər görüləcək işlərin əsasları qanuni şəkildə müəyyən olunur”.
Şuşa Bəyannaməsi Türkiyə Azərbaycan əməkdaşlığını artıq hərtərəfli strateji müttəfiqlik səviyyəsinə qaldırır. Burada tam cəsarətlə demək mümkündür ki, artıq Azərbaycanla Türkiyə arasında hərbi müttəfiqliyin, hərbi müdafiə sahəsində əməkdaşlığın bünövrəsi qoyulur. Bundan sonra Türkiyə ilə Azərbaycanın hərbi, siyasi müttəfiqliyi və əməkdaşlığı tamamilə yeni məzmun kəsb edəcək.
Qarabağ müharibəsi davam etdiyi müddətdə belə əməkdaşlıqdan danışmaq çox çətin idi. Çünki Ermənistan bundan hər iki dövlətə qarşı istifadə və şantaj edə bilərdi. Amma Qarabağ münaqişəsinin başa çatmasından sonra Şuşa Bəyannaməsinin imzalanması tarixi bir zərurət idi və çox yaxşı ki, hər iki ölkənin rəhbərliyi bu zərurətə lazımi dəyəri verə bildilər. Şuşa Bəyannaməsi Vətən müharibəsindən sonra Azərbaycan və Türkiyənin diplomatiya sahəsində ən böyük uğurlarından biri sayıla bilər. Çünki bu tək diplomatik sənəd deyil”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB