2022-də Böyük sülh sazişi imzalanacaq? - DETALLAR - POLİTOLOQDAN AÇIQLAMA

"Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı dəqiq proqnozlar açıqlamaq olmaz". Bunu SİA-ya açıqlamasında politoloq Sahil İskəndərov deyib.

Sahil İskəndərov bildirib ki, bu müstəvidə cari ildə xeyli iş görüləcək və qarşılıqlı addımlar atılacaq: "Cənubi Qafqazda yaranmış reallıqlar və ümumiyyətlə dünyada gedən mürəkkəb siyasi proseslər sülh sazişinin imzalanmasını şərtləndirir. Düşünürəm ki, bu konteksdə Azərbaycan və Ermənistan münasibətlərinin kifayət qədər tənzimlənməsi, müsbət məcraya yönəlməsi eyni zamanda, Ermənistan və Türkiyə münasibətlərinin tənzimlənməsi həmin sülh sazişinin imzalanmasına böyük dəstək verə bilər. Bu baxımdan Azərbaycan tərəfinin əsas tələblərindən biri ilk növbədə sərhədlərin delitimasiyası və demarkasiyası ilə bağlıdır. Bu prosesə yardım edən ölkələr də töhfələrini verəcəklərsə, Ermənistan və Azərbaycan münasibətlərində ortaq məxrəcə gələcəklərsə, sülh sazişi daha tez imzalanacaq.

Düşünürəm ki, burada iki ölkə arasında sərhədlərin demarkasiyası və delimitasiyası konkret olaraq sülh sazişinin imzalanmasına böyük töhfə verə bilər. Düşünürəm ki, Böyük sülh sazişinin imzalanması prosesində bir qədər vaxt uzanacaq. Çünki, biz bilirik ki, sərhədlərin delimitasiya və demarkasiyası vaxt aparan prosesdir. Ermənistan tərəfindən vaxtaşırı müəyyən cığallıqların şahid olacağıq. Bu da prosesi ləngidəcək. Lakin düşünürəm ki, Azərbaycan,Türkiyə və Rusiyanın regionda yaratdığı yeni geosiyasi reallıq vadar edir ki, həm sərhədlərin delimitasiyası və demarkasiyası, həm də sülh sazişinin imzalanması real şəkildə özünü doğrultsun".

Politoloq fikirlərinə əlavə edib ki, Ermənistan prezidentinin istefa verməsi sülh sazişinin imzalanmasına ciddi təsir etməyəcək: "Çünki, Armen Sarkisyan bəyanatında elan etmişdi ki, prezident burada simvolik şəxsdir. Ermənistanda parlament üsuli idarə mövcuddur və Baş nazirin səlahiyyətləri daha böyükdür. Doğrudur, Armen Sarkisyan Qərb tərəfindən dəstəklənən prezident idi. Amma kənar qüvvələrin Paşinyanı idarə etmək istəkləri ola bilər. Düşünürəm ki, bu proseslərdə Ermənistan prezidentinin postunda kimin olması o dərəcədə vacib məqam deyil. Bəzən belə fikirlər də səsləndirilir ki, prezident postuna Rusiyanın əlaltısı olan Robert Köçəryan da əyləşdirilə bilər. Ermənistan konstitusiyasına görə prezidentin səlahiyyətləri məhduddur. Prezident prosesləri gecikdirə bilməz".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə