“Prezidentin sərəncamı subliminal effekt xarakteri daşıyır” -MİLLƏT VƏKİLİ ŞƏRH ETDİ

“Hər şeydən öncə vurğulamaq lazımdır ki, ölkəmizdə tematik illərin qeyd olunması təcrübəsi artıq kifayət qədər oturuşubdur.” Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.

Millət vəkii vurğulayıb ki, müxtəlif mövzularla bağlı ölkəmizdə tematik illər elan olunur və müvafiq istiqamətdə də daha koordinasiya olunmuş məqsədəyönəlik addımlar atılır.

“Cənab Prezident tərəfindən 2022-ci il “Şuşa İli” elan edildi və “Şuşa İli”-nin ölkə Prezidenti tərəfindən elan edilməsinin məqsədinin nədən ibarət olması imzalanmış sərəncamda aydın ifadəsini tapıb. Yəni, ümumi olaraq Şuşada görüləcək işlərin sürətləndirilməsi, başlıca məqsəd olaraq Şuşanın tarixi-mədəni simasının özünə qaytarılması, Şuşanın Azərbaycan ərazisi kimi, tarixi əzəli Azərbaycan ərazisi kimi dünyada tanıdılması, təbliğ olunması hesab edirəm ki, “Şuşa İli” çərçivəsində əsas hədəflərdən olacaqdır. Ölkə Prezidentinin imzaladığı sərəncamda Şuşa şəhərinin salınması tarixi qeyd olunur, Şuşa şəhərinin 270 illiyinin qeyd olunacağı vurğulanır və bütün bunlar hesab edirəm ki, çox mühüm subliminal mesaj xarakteri daşıyır.

Təbii ki, Azərbaycan Prezidentinin imzaladığı sərəncamlar həm də dünya ictimaiyyətinin diqqət mərkəzində olur. Ölkə Prezidentinin sərəncamı özündə mühüm tarixi informativ yük daşıyır. Yəni, cənab Prezident imzaladığı sərəncamda bir daha dünyaya xatırladır ki, Şüşa, müvafiq olaraq Qarabağ Azərbaycanın əzəli tarixi tirpaqlarıdır, orada yalnız Azərbaycan tarixi-mədəni irsi mövcuddur. Belə hesab edirəm ki, “Şuşa İli” çərçivəsində də bu istiqamətdə yenə də dünyanın məlumatlandırılması işi həyata keçiriləcəkdir. Ayrıca olaraq, Qarabağ tarixi, mədəniyyəti ilə bağlı təsəvvürlər dünya ictimaiyyətində möhkəmləndiriləcəkdir. Bu baxımdan ölkə Prezidentinin 2022-ci ili “Şuşa İli” elan etməsi bir çox istiqamətlərdə olduqca əhəmiyyətlidir.

Bunları bir daha belə konkretləşdirmək olar, bilirsiz, cənab Prezidentin imzaladığı sərəncam subliminal effekt xarakteri daşıyır. Yəni, dünya ictimaiyyətinin şüuruna bir daha yeridilir ki, Şuşa Azərbaycanın əzəli tarixi torpağıdır, əsası Pənahəli xan tərəfindən qoyulubdur. İkinci məqam ondan ibarətdir ki, “Şuşa İli” çərçivəsində Qarabağın tarixi-mədəni simasının özünə qaytarılması prosesini daha da sürətləndiriləcəkdir. Cənab Prezident bu istiqamətdə xüsusi səfərbərliyin anonsunu vermiş oldu, yəni həm Şuşanın bərpası istiqamətində resursların cəlb olunması, bu istiqamətdə xüsusi nəzarətin həyata keçirilməsi bütövlükdə əldə olunacaq nəticələrin səmərəliliyinə dəlalət edəcəkdir.

Təbii ki, ən böyük, ən vacib məsələlərdən biri də dünya informasiya məkanında bu mövzu ətrafında təbliğat işlərinin aparılmasıdır və həqiqətlərin dünyaya çatdırılması üçün də, düşünürəm ki, kompleks tədbirlər həyata keçiriləcək. Bir sözlə, 2022-ci ilin tematik olaraq “Şuşa İli” kimi müəyyənləşdirilməsi bütövlükdə, ölkəmizdə “Böyük Qayıdış” strategiyasının, işğaldan azad olunmuş ərazilərimizdə tikinti-quruculuq işlərinin həyata keçirilməsi fəaliyyətinin çox mühüm bir kompanentini təşkil edəcəkdir”, deyə Elşad Mirbəşiroğlu bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə