Misirin tədqiqatçı-jurnalisti 20 Yanvar faciəsindən yazıb

Misirin Orta Asiya və Şərqi Avropa ölkələri üzrə mütəxəssisi, tanınmış tədqiqatçı, jurnalist “Qanlı Yanvar...Sovet qoşunlarının Bakını işğal etməsi” adlı kitabın müəllifi Məhəmməd Sələmə “Yeni dünya” portalında 20 Yanvar faciəsi haqqında məqalə ilə çıxış edib.

SIA xəbər verir ki, məqalədə Azərbaycan xalqının XX əsrdə erməni-daşnak quldurları və bolşeviklər tərəfindən çoxlu sayda qırğınlara, talana və etnik təmizləməyə məruz qaldığı qeyd olunub. Müəllif yazır ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakıda silahsız dinc insanlara qarşı törətdiyi ağır cinayət bəşər tarixinin ən dəhşətli hadisələrindən biridir. Əliyalın və azadlıq uğrunda etiraz edən dinc sakinlərə divan tutan kommunist rejimi, onun başçısı Mixail Qorbaçov Azərbaycanın əzəli torpağı olan Qarabağı və digər əraziləri ələ keçirmək istəyən təcavüzkar Ermənistanı dəstəkləyib, Bakıda qırğın törədərək xalqın mübarizə əzmini sarsıtmağa çalışıb. Lakin bu faciə azərbaycanlıların müstəqillik və öz torpaqlarını qorumaq əzmini daha da möhkəmlədib.

Tədqiqatçı-jurnalist diqqətə çatdırıb ki, 20 Yanvar qırğınının əsas təqsirkarı olan və Qərbin “demokrat”, “sülhpərvər” adlandırdığı SSRİ Prezidenti Mixail Qorbaçovun 1990-cı ilin oktyabrında Nobel mükafatına namizəd göstərilməsi də “ikili standartların”, həmçinin müsəlmanlara qarşı ayrı-seçkiliyin əlaməti olub. Halbuki, Human Rights Watch təşkilatı öz hesabatında sovet ordusunun həmin vaxt Bakıda törətdiyi zorakılığı azərbaycanlıların müqavimətinə adekvat olmadığını və kollektiv cəzalandırma praktikasına çevrildiyini yazırdı.

M.Sələmə 20 Yanvar faciəsindən sonra Ermənistanın işğalçı siyasətinin daha da gücləndiyini, Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyini diqqətə çatdırıb. O əlavə edib ki, havadarlarının dəstəyinə arxalanan işğalçı ölkə BMT TŞ-in həmin ərazilərin dərhal və qeyd-şərtsiz azad edilməsinə dair dörd qətnaməsinə də əməl etmək istəmirdi. Münaqişənin həllində vasitəçi rolunu oynayan ATƏT-in Minsk qrupunun fəaliyyətinin səmərəsizliyi və ermənilərin hərbi təxribatları iqtisadi və hərbi cəhətdən qüdrətli dövlətə çevrilmiş Azərbaycanı problemi öz gücü ilə həll etməyə vadar etdi. Azərbaycan Ordusu qısa müddətdə, cəmi 44 gün ərzində ərazilərin böyük hissəsini azad etdi, ordusu darmadağın edilmiş Ermənistan qalan əraziləri döyüşsüz, diplomatik yolla boşaltmağa məcbur oldu.

“Hər il Ümumxalq Hüzn Günündə Bakıdakı Şəhidlər xiyabanına gələn azərbaycanlılar Vətən uğrunda canlarını fəda etmiş qəhrəmanların əziz xatirəsini yad edirlər. Şəhidlərin igidlik dastanı gələcək nəsillər üçün örnəkdir”, -deyə müəllif sonda qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə