Yaxud dəyişməyən xislət, yoxsa saxta populizm?
Fransa prezidenti Emmanuel Makron Brüsseldə keçirilən “Şərq Tərəfdaşlığı” sammiti çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla videogörüşünü müşayiət edərkən, özünün “Twitter” səhifəsində Ermənistana dəstək olacağını qeyd edib. Fransa prezidenti "Biz erməniləri heç vaxt tərk etməyəcəyik. Biz həmişə davamlı sülhün bərqərar olması üçün həll yolları axtaracağıq. Mən qarşıdan gələn bayramları sülh və humanitar sahədə nailiyyətlər dövrünə çevirməyə çağırıram"- yazıb.
Ancaq dekabrın 16-na keçən gecə isə Makronun vasitəçiliyi ilə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında daha bir görüş baş tutub. Fransa Prezidenti Emmanuel Makron feysbukdakı hesabında Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib. Qeyd edək ki, hətta o, Azərbaycan dilində status yazıb: «Biz davamlı sülh üçün həll yolları tapmalıyıq. Dünən axşam Prezident Əliyevlə, sonra da baş nazir Paşinyanla birgə irəlilədik”, - paylaşımda bildirilib. Bu yerdə qalırsan nə deyəsən. Göründüyü kimi, bir-birindən absurd olan fikirlər və yaxud Makronun absurd bəyanatları. Makron çıxışlarında dəfələrlə vurğulayıb ki, «Azərbaycan qoşunları Ermənistan ərazisini tərk etməlidir və tərəflər tutduqları mövqelərə qayıtmalıdırlar”, deyən Makron bildirib ki, “mən həmçinin bütün əsirlərin azad edilməsi, humanitar təşkilatların regiona çıxışına qoyulan məhdudiyyətlərin götürülməsi zərurəti və mürəkkəb minalanmış zonalar məsələsi haqqında düşünürəm”.
Bir-birindən absurd olan bu cümlələri oxuyarkən Fransa liderinin “soyuq duşa” ehtiyacı olduğu hiss olunur. Onun “Azərbaycan qoşunları Ermənistan ərazisini tərk etməlidir, tərəflər tutduqları mövqelərə qayıtmalıdırlar” açıqlaması bu ölkənin liderinin nə qədər absurd nəzər nöqtəsinə malik olduğunun sübutudur. Çünki hazırda Üçtərəfli Bəyanatdan sonrakı vəziyyətə uyğun olaraq Azərbaycan və Ermənistan arasında demarkasiya və delimitasiya məsələlərinin həllini tapmalı olduğu halda, bizim qoşunlarımızın öz sərhədlərimiz daxilində sərhəd postlarını qurmasını Ermənistanın sərhədini pozaraq bu ölkənin ərazisinə daxil olmaq kimi qələmə verən fransız lider, faktiki olaraq, Azərbaycana qarşı dezinformasiya kampaniyası aparmaqdadır. Ermənistan Baş nazirinin və Xarici İşlər Nazirliyinin Azərbaycan hərbçilərinin guya bu ölkənin sərhədlərini pozması haqqında qışqırıqlarının dünyanın heç bir nöqtəsində, hətta İrəvanın hərbi-siyasi müttəfiqi sayılan Rusiya və KTMT-də ciddi qarşılanmadığı və bu mövzuda adı çəkilən tərəflərin, faktiki olaraq, Ermənistanı tənqid etmələri fonunda Fransa prezidenti Makronun mövzuya qayıtması bu siyasətçinin nəinki Azərbaycana, eyni zamanda, sərhəd məsələlərinin həllində arbitr rolunda çıxış edən və Üçtərəfli Bəyanatın qarantı olan Rusiyaya qarşı demarşı kimi də başa düşmək olar.
Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva Fransa liderinin “Azərbaycan hərbçiləri Ermənistan ərazisini tərk etməlidir” bəyanatına cavabında bir daha da qeyd edib ki, Azərbaycan hərbçiləri öz doğma torpaqlarında xidmət göstərirlər: “Təəssüf hissi ilə qeyd etmək istərdik ki, 1997-ci ildən Fransa həmsədr qismində fəaliyyət göstərsə də Fransa tərəfindən heç zaman Ermənistan qoşunlarının işğal altında olan Azərbaycan torpaqlarından çıxarılması əlaqədar çağırış edilməmişdir. Baxmayaraq ki, bu BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələbi idi”.
Azərbaycan XİN Makronu fakt qarşısında qoyaraq dönüb öz davranışlarına baxmağı məsləhət görür. 30 ilə yaxın vaxt ərzində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyi, erməni hərbçilər minlərlə kv/km ərazidə qeyri-qanuni fəaliyyətlə məşğul olduğu zaman ağzına su alan Paris indi heç bir sərhəd pozuntusu olmadığı halda az qala hər həftə Bakıya qarşı gülünc bəyanatlar səsləndirir. Bu ərköyün və dünyada reytinqi ayaqlar altında olan, Fransa tarixində xalq qarşısında legitimliyi ən aşağı həddə sayılan Makron bugünkü Ermənistan torpaqlarının tarixi Azərbaycan torpaqları üzərində qurulduğunu da unutmamalıdır və burnunu bu məsələyə soxmamalıdır. Və 44 günlük Vətən Müharibəsin ilə Ermənistan qoşunları Azərbaycan ərazisindən çıxarılıb, işğala son qoyuldu. Və beləcə, "Dağlıq Qarabağ münaqişəsi" ifadəsi tarixə qovuşduğu halda bu gün Fransa "Dağlıq Qarabağ münaqişəsi"ni yenidən gündəmə gətirmək istəyi Ermənistanın sərsəm ritorikasını dəstəkləməkdən başqa bir şey deyil.
Azərbaycan Prezidenti: “Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Ümumiyyətlə, bu söz, ifadə işlədilməməlidir”
Fransa "Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb" deyirsə, buyursun, zəhmət deyilsə, rəsmi Bakıya anlatsın ki, problem necə həll olunmalıdır. Azərbaycan Prezidenti İlham Əliyev sözügedən məsələ ilə bağlı deyib: "Əgər dırnaqarası Dağlıq Qarabağın statusundan söhbət gedirsə, mən demişəm, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Ümumiyyətlə, bu söz, ifadə işlədilməməlidir. Dağlıq Qarabağ yoxdur, Qarabağ var. İyulun 7-də imzaladığım Fərman əsasında Qarabağ iqtisadi zonası yaradıldı, vəssalam. Bütün Qarabağa aid olan rayonlar orada birləşib. Şərqi Zəngəzur iqtisadi zonası yaradılıb. İndi Ermənistanda bu məsələ ilə bağlı isterikaya qapılırlar. Buna ehtiyac yoxdur, Şərqi Zəngəzur bizim tarixi torpağımızdır, Qərbi Zəngəzur bizim tarixi torpağımızdır. Biz tarixi unuda bilmərik, kiminsə siyasi maraqlarının girovuna çevirə bilmərik. Gəlsinlər, açsınlar tarixi sənədləri, xəritələri, baxsınlar, sovet hökuməti Zəngəzuru nə vaxt Azərbaycandan qoparıb Ermənistana verib. Bu, yaxın tarixdir - 101 il bundan əvvəl. Yəni, biz deyək ki, bu, olmayıb? Nəyə görə? Biz həqiqəti deyirik. Bizim dədə-baba torpağımızdır: bütün Zəngəzur - Şərqi və Qərbi Zəngəzur. İndi Ermənistanda deyirlər ki, İlham Əliyev ərazi iddiası ilə çıxış edir. Əgər Şərqi Zəngəzur varsa, deməli Qərbi Zəngəzur da var. Bəli, Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır. Demişəm ki, biz oraya qayıtmalıyıq. Bunu hələ on il bundan əvvəl demişəm. Mənim çıxışlarım hamısı mətbuatda var. Demişəm ki, bizim dədə-baba torpağımızdır, biz oraya qayıtmalıyıq və qayıdacağıq və qayıdırıq. Heç kim bizi dayandıra bilməz. Mütləq qayıdacağıq, çünki bunun başqa yolu yoxdur".
Bəli, 44 yaşlı Emmanuel Makron Fransanın ən ziddiyyətli prezidentlərindən biri, bəlkə də ən birincisidir. Fransız siyasətçilər Makron haqqında belə deyirlər: “O, hamı ilə dostdur, amma heç kimin dostu deyil”. İngilis siyasətçilərin də gəldiyi qənaət budur: “Makron erməniləri müdafiə etməyə məhkum və məcburdur, onu qorxudan əsas məsələ isə odur ki, prezident kimi birtərəfli mövqeyi sonda Fransanın ATƏT-in Minsk qurpundakı həmsədrlikdən uzaqlaşdırılması, regionda təsir imkanlarının hədsiz şəkildə azalması ilə nəticələnə bilər”.
Fransız siyasətçilər hesab edirlər ki, “Makronun Qarabağ məsələsindəki hazırkı mövqeyi onun ənənəvi və axına qarşı getmə instinkti (psixoloji durumu) və Fransanın maliyyə sistemindəki erməni dostlarının olması ilə bağlıdır”. Türkiyəli ekspertər düşünürlər ki, Makron kiçik hərəkətlərdən özünə böyük düşmənlər qazana bilmək “qabiliyyətinə” malikdir. Türkiyə prezidenti Ərdoğanın beynəlxalq tədbirdə şəkil çəkdirən zaman Makronun zorla özünü sıraya soxması, salam vermək üçün uzatdığı əlinin havada qalması onu affekt vəziyyətinə sala biləcək qədər “təhlükəli” haldır. Çünki Makron dövləti yox, öz hüquqlarını və oliqarxiyanın mövqeyini qoruyur. Elə sonda Makronun dediyi fikir bir daha onun xislətini göstərir: «Biz heç vaxt erməniləri tək qoymayacağıq. Həmişə davamlı sülh üçün həll yolları axtaracağıq. Qarşıdan gələn bayramların sülh və humanitar sahədə nailiyyətlər dövrünə çevrilməsinə çağırıram”.
Bəli, bu, Makronun sifəti və xislətidir. Makronun və onun kimi ikili standartlardan çıxış edən qərəzli Qərb liderlərinin yarıtmaz mövqeyi Azərbaycanı haqq işindən yayındıra bilməyəcək. Buna əmin ola bilərsiniz!
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB