Ermənistanın təxribatlarını zaman-zaman görəcəyik - POLİTOLOQ ŞƏRH ETDİ

“Ermənistan tərəfindən sərhəddə təxribatlar birbaşa onu göstərir ki, Nikol Paşinyan və onun rəhbərlik etdiyi hökümət Ermənistanda heç bir prosesə tam olaraq nəzarət edə bilmir”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Natiq Miri deyib.

O, qeyd edib ki, sınıq-salxaq olan erməni ordusu hələ də müəyyən təmizləmələrə baxmayaraq Rusiyanın ciddi şəkildə təsiri altındadır. “Heç kimə sirr deyil ki, ordunun əksər böyük zabitləri, xüsusilə də yüksək rütbəli zabitləri Rusiyanın əks kəşfiyyat idarəsi ilə bilavasitə əlaqəli olan insanlardır. Ən nəhayət Ermənistanın revanşist qüvvələri, xüsusilə də Qarabağ klanına bağlı zabitləri var ki, hələ də onlar hərbi hissələrdə və nazirlikdə təmsil olunurlar. Bu da əlbəttə ki, hərbi təxribatların törədilməsinə çox rahatlıqla imkan yaradır. Doğrudur, Nikol Paşinyan və onun yeni təyin etdiyi silahdaşı Surel Patityan müəyyən təmizləmələr görmək istəyir, ancaq düşünürəm ki bu uzunmüddətli bir işdir, çünki, Ermənistan ordusu demək olar ki, Rusiyanın nəzarətindədir. Bu nəzarətdən erməni ordusunu çıxarmaq üçün illərlə ordunu yenidən təşkilatlandırmağa və yeni kadrların tapılmasına ehtiyac var. Belə ixtisaslaşmış kadrlar isə bu gün Ermənistanda mövcud deyil. Belə zabitlərin yetişməsi bir neçə aya əmələ gələcək məsələlər deyil. Bu cür situasiya var olduqca Ermənistandan bizə qarşı olan təxribatları zaman-zaman görəcəyik".

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə