Bundan sonrakı mərhələ Azərbaycanın yeni inkişaf tarixinin başlanğıcıdır - DEPUTAT ŞƏRH ETDİ
“Tarix keçmiş siyasət, siyasət isə bugünkü tarixidir. Azərbaycan Prezidentinin 2003-cü ildən başlayaraq bu günə qədər həyata keçirdiyi siyasət xalqımızın dövlətçilik tarixinin elə mühüm bir səhifəsini təşkil edir ki, bu gün də, yüz illər sonra da Azərbaycan xalqı bu tarixlə və onu yaradan lideri ilə daima fəxr edəcək. Ona görə ki, həyata keçirilən bu siyasət mümkün olmayanı mümkün etdi. Bizi nəticə etibarilə tarixi Zəfərə qovuşdurdu. Prezident İlham Əliyev ən mürəkkəb şəraitdə ən doğru qərarları qəbul etməyi bacardı”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputatın sözlərinə görə, əldə etdiyimiz qələbənin miqyası və əhəmiyyəti haqqında bu gün təkcə Azərbaycan xalqı deyil, bütün dünya danışır: “Ancaq xüsusi olaraq qeyd etmək lazımdır ki, tarixi zəfərimiz necə böyük, necə möhtəşəmdirsə, bu qələbəyə gələn yol da elə qələbəmiz qədər möhtəşəmdir. Qlobal imperializmin milli dövlətləri beynəlxalq münasibətlər sisteminidə təzyiq altında saxladığı bir vaxtda milli iradəyə əsaslanan müstəqil dövlət qurmaq, müstəqil qərar qəbul etmək olduqca çətindir. Bunun üçün cəsarət, siyasi-diplomatik uzaqgörənlik, qətiyyət kimi keyfiyyətlər tələb edilir ki, bunların da hamısı eyni vaxta çox nadir hallarda bir siyasi liderdə olur. Prezident İlham Əliyev hakimiyyətə gəldiyi gündən öz xalqına arxalanaraq ölkəmizin sosial-siyasi, iqtisadi, idarəetmə kimi mühüm sferalarında da tarixi islahatlar apararaq güclü dövlət qurmağı bacardı. Bu islahatların fəlsəfəsini də, məzmununu da vətəndaşın rifahının daha da yaxşılaşdırılması, ordumuzun gücləndirilməsi, iqtisadiyyatımızın yeni innovativ əsaslarda təşkil edilməsi, demokratik-hüquqi dövlət quruculuğunun daha da təkmilləşdirilməsi kimi əsas istiqamətlər təşkil edirdi. Ölkəmizdə yeni komplimentar institutlaşma və struktural yenilənmə o cümlədən, kadr islahatları həyata keçirildi. 2003-cü ildə sonra isə Ordu quruculuğu prosesində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tamamilə yeni bir mərhələ başladı”.
H.Babaoğlu vurğulayıb ki, bu mərhələ indiki müzəffər ordumuzun yenidən komplektləşdirilməsi və yenidən təhciz edilməsi mərhələsidir: “Buna paralel olaraq həm də Azərbaycanda ilk dəfə hərbi sənayenin yaradılması mərhələsidir. Alınan strateji qərarlar ötən müddət ərzində milli ordumuzda kordinal keyfiyyət dəyişikləri yaratdı. 2016-cı il aprel döyüşlərində isə ilk dəfə düşmən üzərində qələbə qazanmaqla öz gücünü göstərməklə həm də özünəinamı bərpa etdi. Hərbi-psixoloji baxımdan bu olduqca mümhüm hadisə idi. Çünki məğlub hesab edilən bir ordu artıq bu yalançı mifdən özünü xilas edə bilmişdi. Cəmisi dörd il sonra isə Azərbaycan Ordusu sübut etdi ki, o dünyanın ən yaxşı təhciz edilmiş ən döyüşqabiliyyətli və ən vətənpərvər ordularından biridir. Artıq bir ildir ki, Prezident İlham Əliyev tərəfindən işğaldan azad olunmuş ərazilərimizin bərpasının təməl daşı qoyulub. Önümüzdəki tarixi mərhələdə xalqımızın 30 illik arzusu, Böyük Qayıdış baş tutacaq. Bu təməl daşı əslində Azərbaycan dövlətçilik tarixinin əbədi divarlarına qoyulan yeni bir qat yeni bir mərhələnin başlanğıcıdır. Bu gün Ermənistan dövlətinin iflas etməsi, haqq etdiyi şəkildə küncə sıxışdırılması, öz sərhədlərini qorumaq üçün yeni sahiblər axtarışına çıxması da məhz mümkün olmayanı mümkünetmə sənətinin yaratdığı reallıqdır. Bütün bunlar Azərbaycan Prezidentinin həyata keçirdiyi milli-strateji siyasət və rasional-praqmatik fəaliyyət nəticəsində baş tutub. Bundan sonrakı mərhələ isə Azərbaycanın yeni inkişaf tarixinin başlanğıcıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB