Azərbaycan reallığı: Türk dünyasının siyasi-iqtisadi mərkəzi kontekstində ANALİTİK+AKTUAL

Bakının, həqiqətən də, regional gücdən beynəlxalq gücə çevrilməsi faktoru özünü bir daha təsdiqləyir

Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı Zəfəri ölkəmizin yalnız iqtisadi imkanlarını deyil, həmçinin, siyasi diplomatik uğurlarını ön plana çəkməkdədir. Əbəs deyil ki, məhz Vətən müharibəsi başa çatdıqdan sonra regionun iqtisadi dirçəlişi ilə bağlı atılmağa başlayan qətiyyətli addımlar növbəti perspektivləri müəyyən etdi. İşğaldan azad olunmuş ərazilərimizdə sıfırdan başlayan bərpa-inşaat işləri ilə yanaşı, artıq beynəlxalaq miqyaslı nəqliyyat-kommunikasiya reallıqlarının həyata keçirilməsi şərtləri də önəm kəsb etməyə başladı. Xüsusilə, türkdilli ölkələrlə əməkdaşlıq platformaları sözügedən mənada özünü daha çox nümayiş etdirir.

Yeri gəlmişkən, bir müddət əvvəl İstanbulda Türk Dövlətləri Təşkilatının toplantısı, ardınca isə Türkmənistanda İƏT-in XV Zirvə Toplantısında Mərkəzi Asiya dövlətlərinin Azərbaycanla həmrəylik nümayiş etdirmələri də deyilənləri kifayət qədər təsdiq edir. Bu baxımdan da, regionda siyasi-iqtisadi yeniliklərin baş verməsi prosesində yer alan türkdilli dövlətlərin Azərbaycana, eləcə də Azərbaycanın da onlar tərəfə olan sürətli inteqrasiyası özündə digər əhəmiyyətli məqamları ehtiva etdirməkdədir.

Sirr deyil ki, Azərbaycanın iqtisadi qüdrəti həm də onun regional və beynəlxalq miqyasdakı müstəqil, eləcə də balanslı fəaliyyətinə geniş zəmin yaradır. Bu baxımdan, ölkəmizin Türk Dövlətləri Təşkilatındakı maraqlarına iki mühüm aspektdən yanaşma etmək olar.

1. Simvolik və ideoloji faktor

Azərbaycan öz müstəqilliyini özünün türk kökləri və digər türkdilli ölkələrlə birləşmək, bir araya gəlmək, eyni ənənəvi amalları bölüşmək, milli özünüdərk dalğasında əldə edib. Ümumiyyətlə, Bakı üçün TÜRKSOY təşkilatında olmaq, daha sonra isə Türk Şurasında təmsil edilmək hər zaman əhəmiyyət kəsb edib. Təbii ki, özünə məxsus olan müstəqil dövlətçlik ideologiyasını və legitimliyini, xarici dünyaya çıxış əldə etməsini və özünü təsdiq etməsi üçün bu əhəmiyyətli faktordur.

2. Siyasi-strateji aspekt

Bəllidir ki, Azərbaycan həm coğrafi, həm də tarixi-mədəni planda Türkiyə və Mərkəzi Asiya ölkələrinin ortasında yerləşən məkandır və bu baxımdan, onun böyük Türk dünyasında özünəməxsus yeri və rolu mövcuddur. Bu kimi mövqe və siyasi cərəyan həm də onu isbat edir ki, Azərbaycan Cənubi Qafqazda həssas məkanda yerləşir və müxtəlif nəqliyyat-kommunikasiya yolları vasitəsi ilə Avropa ilə Asiyanın kəsişmə nöqtəsindədir. Bu nöqtə bütövlükdə dünyaya iqtisadi impuls verən mühüm gerçəklik kimi dəyərləndirilə bilər.

Azərbaycan dünyanın həm müsəlman, həm çağdaş avropalı, həm də türk, eyni zamanda, Şərq və postsovet ölkəsi qapısıdır

Son dövrlərə qədər Bakının qarşısında dayanan bir nömrəli məsələ Ermənistanla münaqişə vəziyyəti, həmçinin, Qarabağ problemi idi. Azərbaycanın xarici siyasətinin tərkib hissələrindən biri də, məhz bu faktorlar olub. 1994-cü ildə əldə olunmuş atəşkəsdən sonra Bakı addım-addım öz statusunu və rolunu istifadə edərək müxtəlif konfiqurasiyalarda və ölkələrin birləşdikləri təşkilatlarda yer almağa başladı. O cümlədən, Azərbaycan dünyanın həm müsəlman, həm çağdaş avropalı, həm də türk, eyni zamanda, Şərq və postsovet ölkəsi qapısıdır. Bu kimi mühüm xüsusiyyətlər, ilk növbədə, Azərbaycanı müxtəlif inteqrasiyalı birliklərdə özünü rahat, müstəqil, qətiyyətli siyasət aparmasına kifayət qədər şərait yaradır. Azərbaycanın Ermənistanın da üzv olduğu KTMT hərbi alyansında təmsil edilən türkdilli ölkələr tərəfindən birmənalı dəstək görməsi isə ayrıca məqamdır. Bu məqam Bakı üçün çox əhəmiyyətlidir. Təsəvvürünüzə gətirin, KTMT-nin üç dövləti Aşqabadda keçirilən Zirvə görüşünün yekun bəyanatında Azərbaycanı Qarabağ Zəfəri ilə bağlı rəsmi şəkildə təbrik etdi. Belə uğurları isə hər ölkə qazana, əldə edə bilmir - Azərbaycan isə bax, bu səddi də aşmağa müvəffəq oldu.

Zəngəzur dəhlizi - Qazaxıstan, Özbəkistan, Qırğızıstan və artıq Türkmənistan Azərbaycanla birlikdə potensial iqtisadi bağlılıq yaratmaq gücündədirlər

Bu gün həm də Turan ideologiyası ətrafında cərəyan edən hadisələr açıq olmasa da, bir sıra siyasi dairələrin bağlı qapılar arxasında ciddi narahatlıqlarına səbəb olmaqdadır. Məlumdur ki, qarşıda dayanan Zəngəzur dəhlizinin gerçəkliyə çevrilməsi planı həm də Turan yolu kimi qiymətləndirilir. Bu gün həmin yola dəhliz də, nəqliyyat-kommunikasiya xətti də digər adlar da demək olar, amma bu yolun reallığa çevrilməsi kökündə Turan yolu ideyasını önə çıxarır. Hansı ki, bu yoldan yalnız Türk dünyasına deyil, dünyaya yeni qapı açılır və bu qapı Azərbaycanın iqtisadi qüdrətinə dəlalət edir. Bu baxımdan, türkdilli ölkələr Azərbaycan üçün iqtisadi baxımdan vacibdirlər və əhəmiyyət kəsb edirlər.

Təbii ki, Azərbaycanın digər beynəlxalq layihələrdə (TAP, TANAP, "Şimal-Cənub") aparıcı mövqeyə sahiblənib və bunun kökündə dayanan əhəmiyyətli məqamlardan biri də budur ki, Bakı yalnız regiondakı mövqeyini deyil, həm də Türk dünyasının mövqeyinin güclənməsində lokomotiv rolunu oynamaqdadır və bu da son deyil...

Məsələyə daha dərin yanaşma edək: bir tərəfdən Türkiyə birmənalı Azərbaycanın dəyişilməz və əbədi ticari, sərmayəçi partnyorlarındandır. Başqa tərəfdən, məhz Mərkəzi Asiyanın türkdilli dövlətləri – Qazaxıstan, Özbəkistan, Qırğızıstan və artıq Türkmənistan potensial iqtisadi sinregiya yaratmaq gücündədirlər ki, onlar öz potensialları ilə TRASEKA (TRACECA) və Çinin “Bir kəmər, bir yol” layihələrinin inkişafına, o cümlədən, Bakının milyardlarla dollarlar yatırdığı infrastruktur obyektlərinə - Ələt azad iqtisadi zonası və limanına, Bakı-Tbilisi-Qars dəmir yoluna qoşula bilərlər!

Bütün bunlar isə Azərbaycandan başlayan, Zəngəzur dəhlizindən qaynaqlanan ümumtürk platformasının və yaxud yeni Türk dünyasının, həmçinin alyansının yaradılması istiqamətində mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mərkəzi Asiya respublikaları ilə iqtisadi əlaqələrin gücləndirilməsi bu layihələrdən gələcək regional əhəmiyyət, dividend baxımından nəhəng perspektivlərə nail olmaq mümkündür. Və əgər bu planların realizəsi sürətlənərsə, Hindistan, Çin kimi münbit və böyük iqtisadi potensiallara malik olan ölkələr də regionun təqdim etdiyi layihələrdən öz töhfələrini ala bilərlər. Belə olan halda Bakının həqiqətən də regional gücdən beynəlxalq gücə çevrilməsi faktoru özünü bir daha təsdiqləyir, eləcə də Türk dünyasının siyasi-iqtisadi mərkəzi amili də bu kontekstdən göstərilə bilər.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə