"Rusiya ilə sıx əlaqələrimiz və dialoqlarımız var" - POLİTOLOQ ŞƏRH ETDİ

"Rusiya ilə Azərbaycan arasında əlaqələr siyasi, iqtisadi əlaqələrlə yekunlaşmır. Humanitar sahələrdə də Rusiya ilə sıx əlaqələrimiz və dialoqlarımız var və bunlar illər öncədən başlayaraq davam edir. Bu da əlbəttə ki, Rusiya tərəfinin diqqətindən yayınmır. Onu da qeyd etməliyik ki, bu əlaqələr son illərdə daha sürətlə davam edir. Son həftə ərzində Azərbaycan və Rusiya ekspertləri səviyyəsində birgə dəyirmi masalar və tədbirlər təşkil edilib və Rusiyanın humanitar sahələrinə cavabdeh olan müxtəlif sahənin insanları Azərbaycana səfər edib. Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Rusiya Milli Elmlər Akademiyası prezidentinin və digər tanınmış şəxslərin Azərbaycana gəlməsi humanitar sahələrdə Azərbaycan, Rusiya münasibətlərinin yüksək qiymətləndirilməsindən xəbər verir". Bunu SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

O, qeyd edib ki, digər tərəfdən Ermənistanda daha acınacaqlı vəziyyət yaranır: "Bir tərəfdən Ermənistan Rusiyanı özünün müttəfiqi kimi görür və Rusiyaya tez-tez müraciət edərək onun tərəfindən çıxış etməsini istəyir. Digər tərəfdən isə rusiyafobiya düşüncələri Ermənistanda günü-gündən artır. Həmçinin də anti-rus addımları artır. Ermənistanda bir dənə də olsa rus dilində məktəb yoxdur. Son illər ərzində Rus kanalları Ermənistan kanallarından uzaqlaşdırılır. Hərçənd ki, erməni siyasi rəhbərləri tez-tez bu faktı irəli çəkir ki, Rusiyanın Ermənistana hansısa borcu var, Ermənistan Rusiya üçün çox böyük işlər görür. Ancaq görünən odur ki, Rusiya Ermənistan üçün daha çox işlər görür. Bunu faktlar da sübut edir. Məsələn, Ermənistanın sərhədlərini rus sərhədçiləri qoruyur. Ermənistanda təhlükəsizliyi Rusiyanın 102-ci bazası qoruyur. Ermənistanın əmək resurslarının böyük hissəsi Rusiyada yerləşir. Rusiyadan Ermənistana müəyyən pullar köçürülür. Bu da Ermənistan büdcəsi üçün xüsusi yer tutur. Ancaq ermənilər Rusiyanı borclu çıxardır, humanitar sahədə Rusiyanı sıxışdırıb çıxarır. Ancaq bu təkcə Ermənistanda baş vermir. Vaxtilə işğal olunan ərazilərdə də bunları müşahidə etmək olardı. Rusiyanın prosavlav kilsəsinə aid olan məbədlərini Ermənistan mənimsəyib. Kilsələr dağıdılıb və ya erməniləşdirilib. Əlbəttə ki, bu Rusiyanın nəzərindən qaça bilməzdi".

İlqar Vəlizadə fikirlərini belə izah edib: "Ona görə də, Rusiya humanitar sahələrdə əlaqələrin inkişafında özünə daha çox Azərbaycanı tərəfdaş görür. Rusiyanın siyasi xadimləri, ən ali adamları, prezidenti dəfələrlə bəyan edib ki, Azərbaycan-Rusiya münasibətləri bu mənada nümunəvi sayıla bilər. Bu da əlbəttə ki, digər sahələrdəki əlaqələrə müsbət təsir göstərir. Yəni iqtisadi-siyasi sahədə. Rusiya biznesi Azərbaycanda özünü rahat hiss edir. Rusiyalı turistlər Azərbaycana rahat gəlib-gedirlər. Azərbaycan Rusiya üçün ən əsas turistik istiqamətlərdən biri sayılır. Humanitar sahədəki əlaqələrin inkişafı bu baxımdan çox əhəmiyyətli rol oynayır".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə