"Rusiya Azərbaycana daha yaxın mövqedədir" - PARTİYA SƏDRİ ŞƏRH ETDİ

"Azərbaycan Prezidenti həm Soçi görüşündə, həm də İqtisadi Əməkdaşlıq Təşkilatının Aşqabadda keçirilən görüşündə, dəfələrlə səsləndirdiyi fikiri bir daha səsləndirdi. Qarabağa heç bir status verilməyəcək. Ermənilər xam-xəyallarla yaşamasınlar və Paşinyan, Ermənistan rəhbərliyi öz xalqını sülhə hazırlasın. Sülh sazişi üzərində iş başlanmalıdı və qısa müddətdə bu saziş imzalanmalıdı". Bunu SİA-ya açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.

O, qeyd edib ki, bu erməniləri həddən artıq qorxudur. Soçi görüşündə də hamımız bir qəribə məqama şahid olduq. Üçtərəfli görüşdə sülh sazişi məsələsi müzakirə olunmadı. Nə Putin, nə də Azərbaycan dövlət başçısı bu məsələ barədə danışmadı. Gözlənilmədən, Paşinyan Azərbaycan Prezidentinin Rusiya dövlət başçısı ilə görüşündə səsləndirdiyi bir fikrə münasibət bildirmək ehtiyacı hiss etdi. O, dedi ki, sülh danışıqları yalnız Minsk qrupunun vasitəçiliyi ilə aparıla bilər. Bununla aşıq şəkildə özünün strateji müttəfiqi olan Rusiyaya etimadsızlığını ortaya qoydu. Bir sözlə mən sənə inanmıram, sənin vasitəçiliyini istəmirəm dedi və istəyirəm ki, sülh danışıqları Minsk qrupunun vasitəçiliyi ilə olsun.

Paşinyan nədən belə istəyir? Bu barədə Abutalıb Səmədov fikrini belə izah edib: "Çünki Minsk qrupunun iki həmsədri Amerika və Fransa açıq şəkildə ermənipərəst mövqe tutur və Rusiya da göz qabağındadır ki, Azərbaycana daha yaxın mövqedədir. Təbiidir ki, Paşinyanın bildiyi daha çox şey var ki, bu hələ ictimaiyyətə məlum deyil. Ona görə də, bu cür heç yerində olmayan məlumat vermək məcburiyyətində qaldı. Hazırda belə bir mübarizə gedir ki, sülh müqaviləsi kimin vasitəçiliyi ilə imzalansın. Azərbaycan və Rusiyanın, eyni zamanda Türkiyənin mövqeyi ondan ibarətdir ki, bu məsələdə Minsk qrupu həmsədrlərinin iştirakı azuolunmazdır. Çünki onlar ədalətli deyillər və ermənipərəst mövqelərindən çıxış edirlər. Təbiidir ki, biz istəyirik ki, burada əsas vasitəçilər Rusiya və Türkiyə olsun. Dördlər formatında bu məsələ müzakirə olunsun. Təbiidir ki, ermənilərin havadarları çalışır ki, bunun qarşısını alsınlar. Elə Brüsseldə olacaq həmin görüş də bu məqsədə xidmət edir. Nəyin bahasına olursa-olsun danışıqları Minsk qrupunun çərçivəsində aparmaq, Aİ-nı da bu məsələyə qoşmağa çalışmaq və Rusiyanı imkan daxilində kənarda saxlamağa çalışmaq Brüsseldə keçiriləcək görüşün məqsədidir. Təbiidir ki, əsas da Türkiyəni bu prosesdən kənarda saxlamaq istəyirlər. Belə bir mübarizə gedir. Biz də əlimizdən gələni etməliyik ki, Azərbaycan və Türkiyənin istədiyi olsun və qısa müddətdə sülh sazişini imzalamaq mümkün olsun".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə