“Bizə düşmən lazım deyil” - POLİTOLOQ ŞƏRH ETDİ

“Ümumiyyətlə, Soçi görüşü Azərbaycanın maraqlarına xidmət edən bir səviyyədə keçdi. Onsuz da Azərbaycan bir qalib dövlət kimi Ermənistana qarşı öz şərtlərini irəli sürmüşdü və o şərtlərin də həyata keçirilməsində israrlı idi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, noyabrın 16-da sərhəddə baş verən hadisələr bir daha dövlətimizin gücünü göstərdi və Azərbaycan ordusunun orada göstərdiyi şücaət, qəhrəmanlıq birmənalı şəkildə Ermənistanı tamamilə çökdürdü: “Baxmayaraq ki, şəhid verdik, qazilərimiz oldu, yaralılarımız oldu. Yəni, bütün bunların hamısı Vətən üçün idi. O da çox uğurlu bir gediş oldu”.

Brüssel görüşündən öncə Soçi görüşünün keçirilməsinə münasibət bildirən politoloq qeyd edib ki, bu, Rusiyanın Qafqazdakı maraqlarına çox ciddi ziyan vururdu: 'Azərbaycan indiki şəraitdə balanslaşdırılmış siyasət yürütməli idi və Azərbaycan Prezidenti bu yolu seçdi. Çünki, müharibədən sonrakı şəraitdə Qafqazda yaranmış yeni düzən birmənalı şəkildə Azərbaycanı öz maraqlarına uyğun olaraq balanslaşdırılmış siyasət yürütməyə vadar edir. Oyunun qaydalarını Azərbaycan müəyyənləşdirdiyinə görə və Azərbaycanın diqtəsi altında hadisələr həyata keçdiyinə görə Azərbaycan üçün görüşün harada keçirilməsinin fərqi yox idi".

Politoloq sözlərinə belə davam edib: “Nəzərə alsaq ki, ötənilki 44 günlük müharibədə Rusiya əvvəldən bu işlərə mane olmadı. Onun biganə qalması Azərbaycan üçün kifayət idi. Yəni, bir növ Rusiyanın Azərbaycana "siyasi borcu" var idi. Yəni, ona dəstək demək olmaz. Amma bütün hallarda maneçilik törətməməyin özü çox böyük bir şey idi və Soçi görüşündə birmənalı şəkildə Putin Azərbaycanın tələb etdiyi məsələlərə toxundu. Üçtərəfli müraciətdə də tərəflər əsas üç məsələdə eyni mövqeyə gəldilər. Bu üç məsələnin üçünü də Azərbaycan irəli sürmüşdü. Yəni, biri Ermənistanla sərhədlərin delimitasiya demorkasiyası, ikincisi sülh müqaviləsinin hazırlanması, üçüncü kommunikasiyaların, yəni, Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələ idi. Ermənistan çox gözəl başa düşürdü ki, bu məsələlərin hansı biri kənarda qalsa Azərbaycan öz ərazi bütövlüyü adı altında BMT nizamnaməsinin 51-ci maddəsinə görə Qazaxın 7 kəndini işğaldan azad etmək məcburiyyətində qalacaqdı. Antiterror əməliyyatı həyata keçirəndən sonra Ermənistan tamamilə blokadaya düşür. Çünki, Ermənistanın Gürcüstana yolu da bağlanacaqdı. Belə bir şəraitdə Paşinyan ağıllı qərar çıxardı. Düzdür, üçtərəfli görüşdə Paşinyan yenə də Ermənistanın daxili publikası üçün bir şeylər danışdı, bir şeylər sayıqladı, amma bütün hallarda əvvəlcədən Qarabağın Azərbaycanın olduğu məsələsini konkret şəkildə gündəmə gətirdi və Naxçıvanla Azərbaycan arasında kommunikasiyanın açılmasında örtülü də olsa onu da gündəmə gətirdi. Düzdür, orada bir az özünə uyğun olaraq bildirdi ki, Azərbaycana Naxçıvanla hardan yol keçməsini biz qərar veririk. Bu təbiidir indi bir dövlət başçısı kimi elə deməlidir. Yəni, birmənalı şəkildə Paşinyan öz ampulasında idi. Amma, diqqət etdinizsə, üçtərəfli görüşdə Putin İlham Əliyevi diplomatik qaydalara uyğun necə yüksək səviyyədə qarşıladı və Paşinyanla necə görüşdü. Yəni, o isti-soyuq münasibətlərə diqqət etmək lazımdır. İkincisi, dəyirmi masada olan söhbətdə Azərbaycan Prezidenti bir dəfə də olsun Paşinyana baxmırdı. Paşinyan günahkar uşaqlar kimi elə gözünü İlham Əliyevə zilləmişdi. Azərbaycan xalqı bu cür baxışlara illərlə həsrət idi. Yəni, erməninin qorxaq, ürkək həm də bir yaltaqcasına baxışlarını görmək, hiss etmək lazım idi. İlham Əliyev həm də bədən dili ilə Paşinyana bir dərs keçdi. Ümumilikdə qəbul olunmuş həmin müraciət birmənalı şəkildə göstərir ki, Zəngəzur dəhlizinin açılmasında Rusiya çox maraqlıdır. Çünki, Rusiyanın Avropaya çıxışı Ukrayna və Belarusiya məsələsinə görə artıq blokadaya alınıb. Onun yeganə çıxış yolu Azərbaycan üzərindən həm Aralıq dənizinə Avropaya çıxmağa həm də fars körfəzinə çıxmaq üçün ancaq Azərbaycan üzərindən bu mümkündür. Azərbaycan Prezidenti də bu məsələni çox gözəl başa düşürdü. Ona görə də hələlik Rusiyanı siyasi cəhətdən özündən küsdürməmək siyasəti çox düzgündür”.

“Hazırda bizə düşmən lazım deyil. Çünki, İlham Əliyevin əsas məqsədi Azərbaycanın qonşuları ilə sıfır problem siyasətidir. Biz kiminsə ərazi bütövlüyünə, ərazisinə gözümüzü dikməmişik. Amma eyni zamanda öz ərazi bütövlüyümüzü bərpa edib qonşularla əmin-amanlıq şəraitində yaşamaq istəyirik. Bizə hər hansı bir problem lazım deyil. Həmçinin Azərbaycan həm də özünün hazırlığını həyata keçirir”.

“Ümumiləşdirsək, Soçidə keçirilən görüş birmənalı şəkildə Azərbaycan Prezidenti İlham Əliyevin proqnozlaşdırdığı bir siyasi xətt üzrə tamamlandı və inanıram ki, ilin sonuna qədər həm dəhlizin açılması, həm də sərhədlərlə bağlı bir razılaşma əldə olunacaq. Yəni, bir növ Putin Azərbaycan Ermənistan məsələsini Brüsseldə həll olmasını qabağına aldı. Bu da Azərbaycanın maraqlarına uyğundur”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə