Cənubi Qafqazda cərəyan edən proseslərin fonunda Ermənistan tərəfinin oyunbazlığı təbii ki, diqqətdən yayınan deyil və bu, eyni zamanda, Rusiyanın diqqət mərkəzindədir, hansı ki, reaksiyasız ötüşməyəcəyi indidən bəllidir. Çünki bu oyunbazlığı Ermənistan həm də Rusiyaya qarşı edir və ermənilər, işləri düşən kimi yalvardıqları böyük rus qardaşlarını indi oyundankənar vəziyyətə salmaq niyyətindədirlər, hansı ki, bunu Rusiya tərəfi çox yaxşı başa düşür. Əbəs yerə deyil ki, Vladimir Putin erməni baş nazirinin “geopolitik kələkbazlıq” etməsinin onlar üçün acı nəticələr vəd etməsi barədə xəbərdarlıq da edib və sonuncu dəfə Paşinyanla telefon danışıqlarının həmişəkindən fərqli olaraq məhz Kreml rəhbərinin təşəbbüsü ilə baş tutması da təsadüfi deyil.
Hadisələrin gedişinə diqqət etsək görərik ki, hər dəfə hərbi məğlubiyyətin ardınca erməni baş nazir Nikol Paşinyan dərhal və birinci növbədə Rusiyaya, prezident Vladimir Putinə müraciət edərək, kömək üçün yalvarır. Hər dəfəki hərbi məğlubiyyətin ardınca Nikol Rusiya tərəfinə yalvarır ki, Azərbaycanı atəşkəsə razı salmaq üçün ruslar vasitəçilik etsinlər. Məsələ burasındadır ki, Paşinyanın Azərbaycan Prezidenrti ilə görüşü barədə Sergey Lavrovun belə anonsunu verdiyi Moskva görüşünə erməni baş nazir əhəmiyyət vermədi və indi Brüsseldə görüşməyə razılıq verir, hansı ki, bu, rusların çətin ki, ürəyincə olsun. Əksinə, erməni baş nazirin Azərbaycan Prezidenti ilə görüşünün təşkili barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeldən xahiş etməsini Rusiyanın həzm edəcəyi inandırıcı görünmür. Rusiya tərəfi bunu Ermənistana bağışlayan deyil və çox güman ki, erməni baş nazirinin bu seçiminin, bu qərarının, əslində isə, oyununa reaksiyasını yaxın zamanda hamı müşahidə edəcək.
Həqiqətən də, çox təəccüblü görünür ki, niyə Paşinyan Rusiyada təşkil olunacağı planlaşdırılan görüşdən yayındıqdan sonra Brüsseldə görüşməyə razılıq verib? Sözsüz ki, bu hal heç də təsadüfi deyil və burada müəyyən qaranlıq məqamların olması dərhal bəlli olur. Bəlli olur ki, Ermənistan tərəfi bu dövlətin ənənəsinə uyğun olaraq ikibaşlı oyun oynayır, özü də bu dəfə onu hər vəziyyətdən xilas edən böyük qardaşına qarşı oynayır. Sanki bu oyunun ağır nəticələrini dərk etmirlər ermənilər. Bu toplumun Qərbdəki himayədarlarının sifarişi ilə oyunlar oynaması, eləcə də Rusiyaya qarşı xəyanəti birinci dəfə deyil, amma rusları bölgədən sıxışdırmaq niyyətləri ermənilərin böyük qardaşları üçün qəbuledilməzdir və necə deyərlər, “bu həna o hənadan deyil”.
Yüksək səviyyəli görüşün harada, necə keçirilməsinin Azərbaycan üçün qəti şəkildə fərqi yoxdur və konstruktiv danışıqlardan yayınan tərəf kimi görünməyin əleyhinə olan ölkəmiz, görüş təklifinə savaşın qalibi statusunda razılıq verib, hansı ki, bunun rəsmi Bakı ilə Kreml arasındaki münasibətlərə xələl gətirməyəcəyi gün kimi aydındır. Ancaq eyni sözləri Ermənistan tərəfi barədə qətiyyən söyləmək olmaz və indi təkcə Kreml deyil, hər kəs yaxşı bilir ki, görüşün Brüsseldə keçirilməsinin təşəbbüskarı Ermənistan tərəfi, onun baş naziri Nikol Paşinyandır, hansı ki, bu xahişi məhz o Avropa İttifaqı səlahiyyətlilərindən xahiş edib. Əlbəttə, bu da ondan xəbər verir ki, Ermənistan hər dəfə çətin duruma düşərkən yalvardığı Rusiyanı deyil, Avropanı deçdi və hətta onları prosesə cəlb etməklə, rusları bölgədən uzaqlaşdırmağa da cəhd etdi. Təbii ki, başda elə baş nazir Paşinyan olmaqla, ermənilər buna görə Rusiyaya cavab verməli olacaqlar və Ermənistan tərəfinin Qərblə Rusiya arasındakı təhlükəli, ikibaşlı oyunlarının qurbanına çevriləcəyi gün uzaqda deyil. Cənubi Qafqazda baş verən prosesləri belə Rusiyanın nəzarətindən çıxarmaq istəyənlərə rusların reaksiyası özünü çox gözlədən deyil.
Yəqin ki, Paşinyan regiondakı sülhməramlı qüvvələrin də “torbasını tikmək”, onları uzaqlaşdırmaq, yerinə də Fransa, yaxud ABŞ hərbi kontingentini dəvət etmək arzundadır və Rusiya siyasi dairələri, eləcə də bu ölkənin prezidenti İrəvanın belə hiyləgər siyasətindən artıq çoxdan xəbərdardır. Nəzərə çatdırmaq yerinə düşərdi ki, bir çox rus politoloqları Ermənistanın cəzalandırılmasının labüd olduğunu artıq çəkinmədən bəyan edirlər. Məsələn, hərbi ekspert İqor Korotçenko açıq şəkildə ifadə edir ki, hazırda rəsmi İrəvanın siyasəti geopolitik kələkbazlıq üzərində qurulub və Rusiya artıq Azərbaycanın dəstəklənməsi istiqamətində bütün mümkün addımları atmalıdır. Bir sözlə, Rusiya siyasi dairələri Cənubi Qafqazda Azərbaycan kimi etibarlı tərəfdaşın Ermənistan kimi etibarsız müttəfiqdən daha sərfəli olması qənaətindədirlər. Onlar əmindirlər ki, Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə qarşı çıxmağın ermənilər üçün nə qədər təhlükəli olduğunu hələ də anlaya bilməyib.
Doğrudur, postmünaqişə dövrü üçün vacib olan münasibətlərin normallaşdırılması baxımından danışıqlar əhəmiyyətlidir. Brüsseldə görüşün təşkil olunması sonrakı dövrdə belə heç bir vasitəçi olmadan hər iki ölkənin müzakirələr aparması imkanı verir və bu baxımdan hər iki ölkənin maraqlarına cavab verir. Ən azından mövcud vəziyyətdə tərəflərin razılaşmalar əldə etməsinin vacibliyi danılmazdır və bu istiqamətdə atılan addımlar müsbət qiymətləndirilməlidir. Amma Ermənistanın bundan əvvəl Rusiya paytaxtında görüşdəndən boyun qaçırıb indi Brüsseldə danışıqlara razılıq verməsi nəticə etibarı ilə ermənilər üçün heç də yaxşı sonluq vəd etmir. Belə bir təəssürat yaranır ki, Ermənistan danışıqlarda belə Rusiyanın iştirakından narazıdır və bu da Kremlin ürəyincə ola bilməz. Təbii ki, Brüsseldə görüş barədə danışıqlar təsdiq edir ki, Avropa İttifaqı sərhədlərin delimitasiya və demarkasiya prosesində vasitçi olmaqda maraqlıdır və həm də Aİ-nin bölgədəki güc balansında öz yerini tutmaq maraqlarını da ortaya qoyur.
Maraqlıdır, Rusiya Avropa İttifaqının bölgədə vasitəçi olmaq istəyinə, eləcə də Ermənistan tərəfinin ikibaşlı oyunlarına müşahidəçi mövqe sərgiləyəcək, yaxud kənardan tamaşa edəcəkmi? Noyabr ayının ilk ongünlüyündə iki ölkə rəhbərinin Moskvada görüşü barədə proqnozlar verən Rusiya tərəfi Brüsseldə görüşün keçirilməsi ilə barışacaqmı? Bəzi politoloqlar iddia edirlər ki, 15 dekabr tarixində Brüsseldə nəzərdə tutulan görüşdən əvvəl bu görüşün məhz Moskvada keçirilməsi üçün Rusiya əlindən gələni əsirgəməyəcək və elə Avropa İttifaqının özünün ofsaytda qalmasına çalışacaq. Çünki, Rusiya bölgədəki yerini, vasitəçilik missiyası adı altında öz mövqeyini kiminləsə bölüşmək niiyyətində ola bilməz və bununla barışacağı belə inandırıcı görünmür. Rəsmi Moskva hər zaman çalışıb ki, azərbaycanlılarla ermənilər arasında əlaqə birmənalı şəkildə yalnız Rusiyanın vasitəçiliyi ilə reallaşdırılsın.
Bir daha qeyd edək ki, Şarl Mişelin irəli sürdüyü təşəbbüslər Azərbaycan tərəfindən dəstəklənir və burada məhz danışıqlardan, sülhün bərqərar olunmasında başqa ölkəmizin hansısa bir niyyəti yoxdur, bunu da hər kəs yaxşı bilir. Azərbaycan sərhədlərinin delimitasiyası, demarkasiyası, ərazi bütövlüyünün tanınması istiqamətində bütün təmaslara hazırdır və ölkəmiz üçün bunun kimin vasitəçiliyi ilə reallaşmasının fərqi yoxdur. Güclü və qalib tərəf olan Azərbaycan həmişə olduğu kimi, haqqın, ədalətin, sülhün, əmin-amanlığın, əməkdaşlığın tərəfindədir. Ermənistan isə bundan fərqli olaraq, tamamilə başqa çirkin niyyətlər güdür, özü də hər zaman olduğu kimi. Bütün bunların da təbii ki, Ermənistanın haqsız, özü də məğlub tərəf olmasının fonunda baş verməsi anlaşılandır. Çünki haqqın, ədalətin, qanunun təntənəsi ermənilər üçün sərf edən deyil və bu halda onların bu zamana qədərki bütün fəaliyyətləri puça çıxmış olur. Elə bu baxımdan da ermənilər uzun zamandır oynadıqları çirkin oyunları yenə də davam etdirmək, bulanıq suda balıq tutmaq niyyətindədirlər. Lakin bu dəfə çirkin niyyətlərinin baş tutacağına heç özləri belə inana bilməz. Qarşlarında hiyləgərliklərini yaxşıca tanıyan, bilən Rusiya var və bu dəfə zərbənin məhz özlərinə dəyəcəyi qorxusundan buna rəvac verəcəkləri heç inandırıcı deyil.
Təbii ki, ermənilər üçün həlledici söz, illər, onilliklər boyu olduğu kimi, onsuz da yenə də Rusiyaya məxsusdur. Brüsseldə görüşüb bununla Avropa İttifaqını bölgəyə dəvət etsələr də, etməsələr də ermənilərin ipi rusların əlində olub və bundan sonra da belə olacaq. Müqəddəratı hər zaman Rusiyadan asılı olan bir toplumun bundan başqa heç bir çarəsi qalmır. Əslində, Avropa İttifaqının bölgədə iştirakı bizim üçün zərrə qədər fərq eləmir və bir tərəfdən də Ruiyanın proseslərdə monopolist olmasının qarşısını alır. Amma, heç də ermənilərə bu sərfəli sayılmır. Avropa İttifaqının proseslərdə iştirakından sonra heç də ermənilər rusların əhatəsindəki kimi ərköyünlük nümayiş etdirə bilməzlər. Ən başlıcası da ona görə ki, Rusiya artıq bu toplumun oyunbazlıqları fonunda iç üzlərini yaxşı tanıyır və təhlükəli oyunlarından ehtiyatlanır. Bu səbəbdən də Rusiya sözsüz ki, qabaqlayıcı tədbirlərini də alır və bu böyüklükdə dövlət üçün Ermənistan hədsiz dərəcədə kiçik bir ölkədir və bu kiçik ölkənin məhvinin reallaşdırılması Moskva üçün ən asan işdir. Bir sözlə, indi Ermənistanın bilavasitə taleyi atacağı addımlardan birbaşa asılıdır və Moskvada görüşməkdən boyun qaçırdıqdan sonra Brüsseldə görüşə Nikol Paşinyanın razılaşmasından sonra bu həssaslıq daha da artıb. Daha dəqiq desək, bundan sonra oyunbazlığı Ermənistana baha başa gələ bilər və bu da həmin ölkənin sonuna gətirib çıxarar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB