Qardaş Türkiyənin qəti mövqeyi - MƏQALƏ

İkinci Qarabağ müharibəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş torpaqlarını azad edən Azərbaycan Respublikasının qələbəsi ilə başa çatmışdır. Türkiyə hərbi əməliyyatların ilk günündən Azərbaycanı ədalətli mübarizəsində dəstəkləmiş ona siyasi və diplomatik dəstək göstərmişdir. Bələ ki, Azərbaycanı bu müharibədə birbaşa dəstəkləyən Türkiyə Respublikası və Pakistan ilə yanaşı, İsrail, Ukrayna, Gürcüstan da Azərbaycanyönlü mövqeyini gizlətməmişdir. Qeyd edək ki, diplomatik müstəvidə Azərbaycanın belə güclü mövqeyə sahib olması - əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və son iki onillikdə uğurla davam etdirilmiş böyük dövlət strategiyasının nəticəsi olaraq qəbul edilməlidir.

Müharibənin başladığı tarixdən etibarən, sentyabrın 27-də Türkiyə Müdafiə naziri Hulusi Akar Azərbaycanın tərəfində olduğunu bildirərək Ermənistanın mövqeyinin Cənubi Qafqazda sülh və sabitliyin ən böyük əngəli olduğunu vurğulamışdır. Sonrakı günlərdə Türkiyənin Azərbaycana dəstəyinin bariz nümunəsi olaraq Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Bakıya səfərləri baş tutmuş, bu səfərlər gedişində türkiyəli nazir Azərbaycanın hər zaman dost ölkəyə güvənə biləcəyini bir daha bəyan etmiş, hərbi əməliyyatlar gedişində hər iki tərəfin itkilərindən Paşinyanın məsuliyyət daşıdığını bildirmişdir.

Müharibənin başa çatıb sülhməramlıların bölgəyə yerləşdirilməsi gedişində də Azərbaycanın Türkiyə ilə sıx əməkdaşlığı aktual qalmışdır. Bu istər siyasi, istərsə də diplomatik müstəvidə davam etmişdir. Prezident İlham Əliyev çıxışında bildirmişdir ki,“Bu bizim müştərək qələbəmizdir, Türkiyə - Azərbaycan birliyinin təsdiqidir”.

Əslində dünya mətbuatında adı çəkilən məsələ ilə bağlı çox qısa bir müddət ərzində böyük sayda analitik yazıların ortaya çıxması, siyasi debatların keçirilməsi və təhlillərin aparılması bir tərəfdən Azərbaycan – Türkiyə dostluq münasibətlərinin analoqu olmayan bir əməkdaşlıq ənənəsindən xəbər verirsə, digər tərəfdən də, bu münasibətlərin yüksələn xətlə artmasının bəzi böyük gücləri çox ciddi narahat etdiyinin də göstəricisidir. Eyni dil, din və tarixi köklərə malik olan iki ölkənin həm də hərbi-siyasi əməkdaşlığı, iqtisadi əlaqələri və diplomatik gücü təkcə Cənubi Qafqaz bölgəsində deyil, böyük bir Avrasiya coğrafiyasında Azərbaycan-Türkiyə amilinin möhkəmlənməsi deməkdir.

İyunun 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan işğaldan azad olunan Şuşa şəhərinə tarixi səfər edib və Qarabağın ürəyi olan Şuşada tarixi bəyannaməyə imza atılıb. Bu tarixi sənəd iki qardaş ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinin, eləcə də ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsi məntiqi nəticəsi olaraq ölkələrimizin regional və beynəlxalq rolunu, çəkisini daha da artıracaq.

Şuşa bəyannaməsi müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müstəqillik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək, bu müharibədə Azərbaycanın yanında olduğunu bildirdi. Bu gücümüzə güc qatdı, Qarabağ zəfərində mühüm rol oynadı. Xüsusən Rəcəb Tayyib Ərdoğanın Bakıda Azadlıq meydanında keçirilən Zəfər paradında Prezident İlham Əliyevlə yan-yana dayanması ölkələrimizin birliyini, xalqlarımızın qardaşlığını bir daha bütün dünyaya nümayiş etdirdi.

Birinci Qarabağ müharibəsindən fərqli olaraq, İkinci müharibə Türkiyənin siyasi iştirakı və vasitəçiliyi ilə sonlandı. Artıq yeni dövrdə Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa yerinə, Rusiya və Türkiyənin müşahidəçi və vasitəçi rolu önə çıxacaq.

10 noyabr bəyanatı hərbi fazanı yekunlaşdırsa da, Dağlıq Qarabağ münaqişəsinin birdəfəlik həll edildiyini söyləmək çətindir. Münaqişənin gələcəyində və mümkün növbəti hərbi fazalarında Türkiyənin zəmanətçimiz olaraq iştirak etməsi son proseslərdə Azərbaycanın əsas qazanclarından biri oldu. Digər tərəfdən, şübhəsiz ki, rəsmi Bakı Dağlıq Qarabağla yanaşı, digər bütün sferalarda Türkiyə ilə çox yaxından əməkdaşlıq etmək fürsətindən məmnunluq duyur. Güman ki, bundan sonrakı mərhələdə də hərbi-strateji müstəvidə Azərbaycan və Türkiyə Ordularının sıx əməkdaşlığı və müəyyən dərəcədə inteqrasiyası prioritet ola bilər.

Turanə Zeynalova

Xəzər rayonu, 262 nömrəli tam orta məktəbin müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə