"Dünyaya gücümüzü və birliyimizi nümayiş etdirdik" AÇIQLAMA

"27 sentyabrda xalq və dövlət olaraq şəhidlərin Anım Günü qeyd edildi". Bunu SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib.

Deputat qeyd edib ki, bu Anım Günü ölkə prezidentinin müvafiq sərəncamına əsasən həyata keçirildi: "Dünən ölkəmizin hər bir guşəsində, başda paytaxt Bakı olmaqla şəhidlərin müqəddəs xatirələrinə həsr olunmuş anım tədbirləri həyata keçirildi. Anım tədbirlərinin ən böyüyü Bakı şəhərində həyata keçirilən yürüş idi. Ölkə rəhbəri, xilaskar prezident müzəffər Ali Baş komandan Cənab İlham Əliyev və birinci-vitse prezident Mehriban Əliyevanın birbaşa iştirakları ilə möhtəşəm bir yürüş baş tutdu".

Jalə Əliyeva bildirdi ki, paytaxtın mərkəzi küçələrində əllərində 2907 şəhidimizin şəkilləri ilə həkk olunmuş plakatlarla irəliləyən böyük insan seli bütün dünyaya Azərbaycanın gücünü və xalq birliyinin əhəmiyyətini bir daha nümayiş etdirdi: "Həmin gün şəhidlərimizin şəkillərini başımız üzərində tutmağımızla şəhidlərimizi bir daha ən yüksək zirvəyə qaldırmış olduq. Bu yürüş böyük məna kəsb edirdi. Bu yürüşün əhəmiyyətli məqamlarından biri də dünyaya gücümüzün və birliyimizin nümayiş etdirilməsi idi, həm də Azərbaycan üçün şəhidlərin nə qədər əhəmiyyətli olduğunu və bizim üçün başuçalığı gətirdiklərini bir daha dünyaya göstərdik. Dünən eyni zamanda ölkə prezidenti xalqa tarixi müraciətini etdi. Bu müraciətində cənab Prezident ölkənin yenilməzliyini, ordunun gücünü, qüvvətini bir daha dünyaya çatdırmış oldu".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə