Prezident Anadolu agentliyinə müsahibəsində İran tırları ilə bağlı məsələyə aydınlıq gətirib

İran tırlarının qanunsuz olaraq Qarabağ bölgəsinə getməsi birinci dəfə baş vermir. Bu, işğal dövründə də dəfələrlə olan hadisələrdir. Bu tırlar müntəzəm olaraq oraya gedirdi. Bizim məlumatımız var idi. Ancaq dəqiq məlumat, yəni, indiki qədər dəqiq məlumat, əlbəttə ki, yox idi. Bunu nəzərə alaraq, biz müxtəlif kanallarla İran tərəfinə narazılığımızı ifadə edirdik. Ancaq bu proses davam edirdi.

SİA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türkiyənin Anadolu agentliyinə müsahibəsində danışıb.

İran tırlarının müharibədən sonra da oraya getməyə davam etdiyini bildirən dövlətimizin başçısı deyib: “Belə olan halda, mən bizim Prezident Administrasiyasının əməkdaşlarına göstəriş verdim ki, İranın Azərbaycandakı səfiri ilə danışsınlar. Biz bunu rəsmiyyətə salmaq istəmirik, dostcasına danışsınlar və söyləsinlər ki, buna son qoyulmalıdır. Bu, bizə qarşı hörmətsizlikdir. Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlikdir, buna son qoyulmalıdır”.

Prezident qeyd edib ki, bu söhbətdən sonra İran tırlarının üzərinə erməni nömrələrini yapışdıraraq saxtakarlığa yol verdilər və bizi aldatmağa çalışdılar. “Təbii ki, belə olan halda, bir ay keçəndən sonra biz artıq rəsmi qaydada diplomatik nota verdik. İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət edildi, ona iradlar bildirildi və xahiş olundu ki, buna son qoyulsun. Bu, avqust ayının ortalarında olan məsələdir. Biz ümid edirdik ki, buna son qoyulacaq. Ancaq buna baxmayaraq, avqustun 11-dən sentyabrın 11-nə qədər yenə də İrandan gələn 60-a yaxın tır qanunsuz olaraq Qarabağa hərəkət etdi. Bunun qabağını almaq üçün biz artıq praktiki addımlara keçdik. Yəni, bizim davranışımız, addımlarımız məsuliyyətlidir, dostluq əlaqələrinə əsaslanandır. Birinci dəfə şifahi xəbərdarlıq, ikinci dəfə rəsmi nota, üçüncü dəfə postlar - gömrük, sərhəd, polis. Beləliklə, biz Azərbaycan ərazisindən keçən yola artıq nəzarət etməyə başladıq və ondan sonra Qarabağa gedən tırların sayı sıfra endi. İndi baxın, buna gətirib çıxarmaq lazım idimi?”, - deyə Prezident İlham Əliyev sual edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...