Ermənistanın yenidən silahlanması ilə bağlı narahatlığımızı Rusiya anlayışla qəbul edir Azərbaycan Prezidenti

Ermənistanın yenidən silahlanması ilə bağlı bizim narahatlığımız Rusiya tərəfindən anlayışla qəbul olunur.

SİA xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkiyənin Anadolu agentliyinə müsahibəsində Ermənistanın silahlandırılması prosesinin yenidən başlaması barədə erməni mediasının açıqlamalarına dair sualı cavablandırarkən bildirib.

Dövlətimizin başçısı deyib: “Bu məsələdən xəbər tutanda biz dərhal Rusiya tərəfinə sorğu göndərdik və maraqlandıq ki, əcəba bu, nə məsələdir. Biz eyni fikirləri də bölüşürük. Ancaq bizə məlumat gəldi ki, Ermənistan mediasında çıxan bu açıqlama həqiqəti əks etdirmir. Yəni, Rusiya müdafiə naziri belə sözlər deməmişdir. Bu, Ermənistan təbliğatının növbəti çirkin əməlidir, belə söz deyilməmişdir. Bizə rəsmi qaydada bildirildi ki, belə planlar yoxdur. Ermənistan ordusunun yenə də pulsuz silahlandırılması ilə bağlı Rusiya tərəfindən yetərincə dəqiq cavab aldıq və biz bu məsələni artıq gündəlikdən çıxardıq”.

Azərbaycan Prezidenti qeyd edib ki, bu, Ermənistanın öz çirkin əməllərindən əl çəkmədiyini göstərir. “Bax ortalığa atılan bu yalan, birincisi, çox böyük yanlışlıqdır. Çünki əgər sən Rusiya müdafiə nazirinin demədiyi sözləri yayırsansa, bu, ən azı məsuliyyətsizlikdir və bu, təxribatdır. İkincisi, - bunu biz işğal dövründə və işğaldan sonra dəfələrlə görmüşük, - Ermənistan və Rusiyada fəaliyyət göstərən erməni lobbisi hər gün, müntəzəm olaraq çalışır ki, Rusiya-Azərbaycan münasibətlərində bir çat yaransın. Onların gündəlik peşəsi Azərbaycanı ləkələmək, Rusiya mediasında Azərbaycan haqqında mənfi imic yaratmaq, Rusiya-Azərbaycan münasibətlərinə kölgə salmaqdır. Hesab edirlər ki, belə olan halda, revanşist qüvvələr nə vaxtsa yenə də baş qaldırıb bizə qarşı yeni savaşa çıxa bilərlər. Amma onlar yanılırlar. Birincisi, Rusiya-Azərbaycan münasibətləri kifayət qədər yüksəksəviyyəli münasibətlərdir. Biz bütün məsələləri açıq şəkildə müzakirə edirik – prezidentlər səviyyəsində, müdafiə və xarici işlər nazirləri səviyyəsində. Hansısa tərəfi narahat edən istənilən məsələ ilə bağlı biz dərhal təmasda oluruq və məsələləri həll edirik”, - deyə Prezident İlham Əliyev bildirib.

Dövlətimizin başçısı deyib ki, bu gün Rusiya-Azərbaycan münasibətlərində hansısa təcili məsələni həll etməklə bağlı bir mövzu da yoxdur: “Çünki bu münasibətlər kifayət qədər müsbətdir. Ermənistanın bu təbliğat cəhdləri onlara uğur gətirməyəcək. Ermənistanın yenidən silahlanması ilə bağlı bizim narahatlığımız Rusiya tərəfindən anlayışla qəbul olunur”.

Bütün xəbərlər Facebook səhifəmizdə