"Dəmir yumruq" əməliyyatı Azərbaycanın Zəfəri ilə başa çatdı TƏHLİL

Prezident İlham Əliyev: "Biz elə ilk gündə düşmənin müdafiə xəttini yarmağa nail olduq"

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı zamanı rəşadətli ordumuz düşmənə ilk gündən başlayaraq ağır zərbələr vuraraq, öz torpaqlarını erməni təcavüzündən azad etdi. Vətən müharibəsinə qədər Azərbaycanın bütün sülhsevər səylərinə baxmayaraq, Ermənistan siyasi və hərbi təxribatlar vasitəsilə danışıqlar prosesini pozmağa çalışırdı. Beynəlxalq sülhün və təhlükəsizliyin əsas təminatçısı kimi çıxış edən BMT Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 822, 853, 874 və 884 saylı dörd qətnamə qəbul edib ki, bu qətnamələrə əməl olunmayıb. Qətnamələrdə Azərbaycan ərazilərinin işğalı pislənilib, güc tətbiqi vasitəsilə ərazi iddialarının reallaşdırılmasının qəbuledilməzliyi vurğulanıb. Ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı bir daha təsdiq edilib və işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunub. Bu və ya digər sənədlərə məhəl qoymayan Ermənistan işğalçılıq siyasətindən əl çəkmir və Azərbaycanın sərhədlərini atəşə tutur, dinc əhalini, mülki obyektləri və yaşayış tikintilərini hədəfə alırdı.

Ötən ilin 12 iyul və 27 avqust tarixlərində Ermənistan hərbi hissələrinin Azərbaycan sərhədlərində törətdiyi təxribatlar Ermənistanın çirkin niyyət və planlarını əks etdirirdi. Ermənistanın bu və ya digər təxribatları Azərbaycan Ordusunu cavab tədbirlərinə vadar etdi və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında bir yumruq olaraq birləşdi və Azərbaycan ordusunun gücü, qətiyyəti, peşəkarlığı, vətənpərvərliyi nəticəsində təcavüzkar erməniləri torpaqlarımızdan təmizlədi. 30 ilə yaxın bir zamanda beynəlxalq hüququn tələb və təkidlərinə məhəl qoymayan Ermənistan döyüş meydanında artıq uduzduğunu ilk günlərdən dərk etdi. "Hərbi əməliyyatların birinci gününün sonunda biz Kəlbəcər rayonunda, Murovdağda və Ağdərə istiqamətində strateji əhəmiyyətli yüksəklikləri, həmçinin 6 kəndi – Füzuli rayonunda 4 və Cəbrayıl rayonunda 2 kəndi azad etdik. Biz elə ilk gündə düşmənin müdafiə xəttini yarmağa nail olduq və bundan sonra bütün 44 gün ərzində yalnız irəli getdik". Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu "Nasionalnaya oborona" jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya verdiyi müsahibəsində bildirib.

"BİZ ÇOX GÜCLÜ HƏRBİ TƏRKİB HİSSƏ YARATDIQ VƏ İKİNCİ QARABAĞ MÜHARİBƏSİ BUNU GÖSTƏRDİ"

"Gəlin, həmin günə - 2020-ci il sentyabrın 27-nə qayıdaq. Həmin gün necə başlandı? Sizə necə məruzə etdilər ki, Ermənistan döyüş əməliyyatlarına başlayıb, ümumiyyətlə, həmin gün hadisələr necə inkişaf edirdi" sualını cavablandıran dövlət başçısı bildirib ki, müdafiə naziri mənə məlumat verdi ki, təmas xəttindəki mövqelərimiz və bəzi yaşayış məntəqələrimiz Ermənistan tərəfindən artilleriya atəşinə məruz qalıb: "Adekvat cavab vermək qərara alındı və beləliklə, biz müharibəyə qoşulduq. Məlum oldu ki, bu, labüd idi". Azərbaycan ordusu ilk gündən düşmənin müdafiə xəttini yarmağa müvəffəq oldu və 44 gün ərzində yalnız qələbə xəbərləri aldıq. Azərbaycan xalqı, ordumuz Ali Baş Komandanın ətrafında bir yumruq olaraq birləşdi və Vətən müharibəsində öz gücünü nümayiş etdirdi. Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərilsə də Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsi hər şeyi demiş oldu. Dövlət başçısının dünyanın aparıcı mediasına verdiyi 30-a yaxın müsahibəsində Azərbaycanın iradəsini ortaya qoymuş oldu.Azərbaycan Ordusunun qarşısında davam gətirə bilməyən ermənilər təcavüzkar siyasətlərini davam etdirərək, dinc əhalini hədəfə aldılar və yaşayış məntəqələrini ballistik raketlərdən atəşə tutdular. Dövlət başçısı tərəfindən prioritet elan edilən ordu quruculuğu sayəsində Azərbaycan Ordusu ən müasir silahlarla silahlanmış, dünyanın ən güclü orduları sırasında özünə layiqli yer tutmuşdu. Peşəkarlığı yüksək olan Azərbaycan Ordusunun ən yüksək texnologiyalara məxsus hərbi texnikalarla silahlanması və ölkəmizin də inkişaf etmiş hərbi-sənaye kompleksinə malik olması qələbəmizi şərtləndirən amillərdəndir. Azərbaycan Ordusu həm hərbi potensialına, həm də döyüş qabiliyyətinə görə nəinki bölgədə, dünya miqyasında güclü ordular sırasındadır. Son illərdə ordu quruculuğunda əhəmiyyətli islahatlar həyata keçirilib, bu məsələ ilə bağlı dövlət başçısı tərəfindən ardıcıl olaraq addımlar atılıb ki, bunun da müsbət nəticələri özünü 44 günlük Vətən müharibəsində büruzə verdi. "Silahlı qüvvələrin döyüş qabiliyyətinin artırılması üzrə gündəlik böyük iş aparılırdı", - deyən Cənab Prezident qeyd edib ki, döyüş qabiliyyətli silahlı qüvvələri olmayan ölkə necə texniki vasitələrə malik olsa belə, onun döyüşdə, xüsusən müharibədə, özü də belə əlverişsiz coğrafi şəraitdə qalib gəlməsi mümkün olmazdı: "Əslində, bu tədbirlər kompleksi onunla nəticələndi ki, biz çox güclü hərbi tərkib hissə yaratdıq və İkinci Qarabağ müharibəsi bunu göstərdi".

"ERMƏNİSTANI İŞĞAL EDİLMİŞ ƏRAZİLƏRİ KÖNÜLLÜ ŞƏKİLDƏ TƏRK ETMƏYƏ MƏCBUR ETMƏK ÜÇÜN TƏSİR VASİTƏLƏRİNDƏN İSTİFADƏ ETMƏYƏ ÇALIŞIRDIQ"

Ermənistan 2016-cı il aprel döyüşlərində Azərbaycanın gücünü görmüş oldu. Vətən müharibəsi başlayanda artıq Ermənistan güclü ordu ilə üz-üzə qaldığını anlayırdı. "Biz, həmçinin 2016-cı ilin aprelində döyüş əməliyyatlarının gedişində öz imkanlarımızı çox məhdud şəkildə nümayiş etdirdik", - deyən dövlət başçısı o vaxt işğal altındakı ərazilərin bir hissəsinin azad edildiyini və bizim erməni tərəfin işğala son qoyması barədə mühüm qərar qəbul etməsinə imkan verdiyimizi diqqətə çəkib: "Təəssüf ki, o vaxt biz dayananda erməni tərəf bizim bu hərəkətimizi düzgün başa düşmədi və bu, onlara baha başa gəldi. Biz, həmçinin 2018-ci ilin mayında Naxçıvan Muxtar Respublikası ilə Ermənistanın sərhədində, necə deyərlər, qan tökülmədən əməliyyat aparmaq imkanlarımızı nümayiş etdirdik. Buna görə biz öz potensialımızı, nəyə qadir olduğumuzu bilirdik və təbii ki, ermənilərdən fərqli olaraq, düşmənin imkanlarını sayıq qiymətləndirir və Ermənistanı işğal edilmiş əraziləri könüllü şəkildə tərk etməyə məcbur etmək üçün təsir vasitələrindən istifadə etməyə çalışırdıq. Mənim Ermənistana qarşı sanksiyalar tətbiq edilməsi barədə beynəlxalq qurumlara bütün çağırışlarımın məqsədi bu olub".

"HƏRBİ ƏMƏLİYYATLAR APARILAN DÖVRDƏ BİZ BİR DƏFƏ DƏ PROVOKASİYALARA UYMADIQ"

Bu müharibədə Azərbaycan mülki insanlarla müharibə aparmadı və Ermənistandan fərqli olaraq etnik təmizləmə həyata keçirmək niyyətində deyildi. Amma Ermənistan tərəfindən mülkü əhaliyə dəfələrlə atəş açıldı. Bərdə, Gəncə, Tərtər kimi şəhərlərimiz ziyan çəkdi. Mənfur düşmən tərəfindən mülki şəxslər qətlə yetirildi və yaralandı. "Hərbi əməliyyatlar aparılan dövrdə biz bir dəfə də, provokasiyalara uymadıq", - deyən Prezident bildirib: "Hətta ermənilər şəhərlərimizi bombalayanda, uşaqlarımızı və qadınlarımızı öldürəndə də biz Ermənistana eyni şəkildə cavab vermədik, biz onların şəhərlərini bombalamadıq. Hərçənd, bizi coşduran emosiyaları başa düşmək olardı. Biz hərbi cinayətlər törətməmişik. Hərbi əməliyyatın elə ilk günündə mən hərbi qulluqçulara çox sərt göstərişlər vermişdim ki, hərbi cinayətlər törətməyi özünə rəva görənlər ciddi cəzalandırılacaqlar".İkinci Qarabağ müharibəsinin gedişində Ermənistan Azərbaycanın şəhərlərinə dəfələrlə zərbələr endirdi. "Müharibə dövründə kimin kim olduğunu, kimin vicdanlı döyüş apardığını və kimin yatmış şəhərlərə alçaqcasına hücum etdiyini hamı gördü", - deyən Azərbaycan Prezidenti qeyd edib ki, gecə vaxtı Gəncənin yaşayış məhəlləsinə, yatan insanlara və uşaqlara operativ-taktiki raket zərbələri endiriləndən sonra Ermənistan rəhbərliyi bəyan etdi ki, onların bu məsələyə heç bir aidiyyəti yoxdur: "Bilirsiniz, bu, ifrat həyasızlıqdır. Bəs kim edib? Biz özümüz vurmuşuq? Onlar illər boyu deyirdilər ki, azərbaycanlılar erməniləri ittiham etmək üçün Xocalıda soyqırımını özləri təşkil ediblər. Yəqin ki, bu, dünyada analoqu olmayan həyasızlıqdır. Hərçənd, bu tipli raketlər barədə az-çox anlayışı olan bütün insanlara məlumdur ki, tapşırıq verilir, hədəf seçilir və raket düz həmin hədəfə doğru gedir. Yəni, hədəf məhz Gəncə şəhərinin əsas prospektində mülki əhalini məhv etmək idi. Onların siyasətinin və deyərdim ki, mənliyinin göstəricisi budur".

Dövlət başçısı Tərtər şəhərinin cəbhə xəttinin bilavasitə yaxınlığında yerləşdiyindən daha çox zərər çəkdiyini ifadə edib: "Bu kiçik şəhərə 16 mindən çox mərmi atılıb. Beləliklə, onlar döyüş meydanında məğlubiyyətin acığını çıxmağa və ya bizdən qısas almağa çalışırdılar. Bu, birincisi. İkincisi, onlar düşünürdülər ki, bizi dayandıracaqlar. Onlar fikirləşirdilər ki, zərər çəkmiş insanlar öz ölkəsinin hakimiyyətindən hərbi əməliyyatların dayandırılmasını tələb edəcəklər, onların niyyəti belə idi. Lakin onlar yanılırdı. Onlar ordunun döyüş qabiliyyəti və Azərbaycan xalqının mənəvi ruhu baxımından bizi lazımınca qiymətləndirmirdilər".Bacarıqlı, təcrübəli komandanlıq altında idarə edilən döyüşlərdə meydanından vahimə içində qaçan düşmənin yüzlərlə müxtəlif döyüş texnikası, silah-sursatı məhv edildi və qənimət kimi ələ keçirildi. Canlı qüvvə və döyüş texnikası sarıdan böyük itkilərə məruz qalan Ermənistan ordusu darmadağın edildi və "Dəmir yumruq" əməliyyatı Azərbaycanın Zəfəri, Qələbəsi ilə başa çatdı.

Dövlət başçısı müharibənin gedişində olan bütün reallıqlara nəzər salaraq 44 günlük tarixi müharibədə baş verənləri bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmış oldu. Düşmən tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz qətiyyəti, dəmir iradəsi ilə reallaşdı.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə