Cənab Prezident konstruktiv gündəliyi ortaya qoyub POLİTOLOQ ŞƏRH ETDİ

Cənab Prezident konstruktiv gündəliyi ortaya qoyub POLİTOLOQ ŞƏRH ETDİ

BMT-nin Baş Assambleyasında çıxış adətən proqram xarakterli olur və hər bir dövlət başçısı həm dünyada gedən proseslər, həm də öz ölkələrinin həyatı, fəaliyyəti, nailiyyətləri haqqında məlumat verirlər və xüsusi mesajlar çatdırırlar. Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Fərhad Məmmədli deyib.

Politoloqun sözlərinə görə, cənab Prezidentin bu çıxışı da kifayət qədər geniş çıxış idi və ölkə başçısı həm Azərbaycan Respublikası kimi bir dövlətin rəhbəri olaraq, eyni zamanda Qoşulmama Hərəkatının rəhbəri kimi çıxış edirdi və qlobal məsələlərə münasibət də, belə deyək ki, məhz bu iki rolda çıxış edərək təqdim olunurdu.

“Xüsusi mesajlara gəlincə, xüsusi mesajlar məhz Zəngəzur dəhlizi və komunikasiyaların açılması haqqındadır. Bu, özü-özlüyündə post-münaqişə dövrünün, post-münaqişə atmosferinin bizim bölgədə dərinləşməsinin bir göstəricisidir ki, artıq revanşı, yaxud yenidən müharibəni istəyən qüvvələrə qarşı olan bir addımdır. Əlbəttə ki, Azərbaycan da post-münaqişə dövrünün dərinləşməsini istəyən bir ölkədir.

Digər tərəfdən cənab Prezident konstruktiv bir gündəliyi ortaya qoyub. Komunikasiyaların açılması, həm Azərbaycanın, həm Ermənistanın və digər dövlətlərin, ümumilikdə regionda hamının marağındadır və məhz bu konstruktiv gündəliklə irəli getməyi ölkə başçısı məsləhət görürdü. Çünki, əgər konfrontasiya yolu davam edəcəksə, 26-26 ilin təcrübəsi də onu göstərdi ki, nəticədə erməni tərəfi uduzur və Azərbaycan onsuz da öz istəklərinə tez, yaxud gec nail olur. Amma konstruktiv gündəlik hər tərəfin mənfəət götürməsi, qarşılıqlı asılılığın formalaşması, nəticədə qarşılıqlı tanınma, ərazi bütövlüyünün tanınması və iki dövlət arasında olan münasibətlərin münaqişədən sülhə, əməkdaşlığa keçməsidir. Bu əlbəttə çox vacib olan mesajdır. Çünki, artıq vaxt gedir və Ermənistan tərəfi nə qədər bu komunikasiyaların açılması prosesini, demarkasiya, delimitasiya, sülh müqaviləsinin imzalanması məsələsini gecikdirirsə, o qədər də Azərbaycanı Ermənistanın bu yola gətirilməsi üçün məcburi addımlar atmasına gətirib çıxarır. Cənab Prezidentin BMT Baş Assambleyasında olan çıxışı da məhz buna mesaj idi ki, Ermənistan daha tez bir vaxtda bu konstruktiv addımlara müsbət cavab versin”, deyə politoloq Fərhad Məmmədli bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə