“Qətiyyətin arxasında müəyyən razılaşmalar dayanır” ANAP SƏDRİ MÜNASİBƏT BİLDİRDİ

“Bu il, iyulun 20-də Moskvada Vladimir Putinlə keçirdiyi görüşdən danışarkən Prezident İlham Əliyev xüsusi vurğuladı ki, o, Rusiya prezidenti ilə “eyni zamanda, müharibədən sonra yaranmış vəziyyəti, o cümlədən, Zəngəzur dəhlizini və postmünaqişə dövrünü” müzakirə edib və bu məsələlərə münasibətdə heç bir fikir ayrılığının olmadığını bir daha əmin olub. N.Paşinyanın “Zəngəzur dəhlizinin”açılması ilə bağlı səsləndirdiyi fikirlər, məhz bu amillə, Azərbaycan və Rusiya prezidentlərinin eyni mövqedə olması və bunun nəticəsi kimi Rusiyadan gələn “komanda” ilə əlaqədardır. Ümid etmək olar ki, bu istiqamətdə işlərin sürətləndirilməsi itirilmiş bir neçə ayın əvəzini çıxmağa imkan verəcək”.

Bunu SİA-ya açıqlamasında ANAP-ın sədri Abutalıb Səmədov bildirib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanla sülh müqaviləsini imzalamaq barədə təkliflərinə erməni tərəfi uzun müddət heç bir cavab vermədi: “Çünki Rusiyanın vasitəçiliyi ilə keçiriləcək danışıqların nəticəsinin ermənilərə yaxşı heç nə vəd etmədiyini anlayırdı. Ermənilər onu da dərk edirdilər ki, Azərbaycanın dövlət başçısının 10 noyabr bəyanatının imzalanmasından sonra söylədiyi - “status cəhənnəmə getdi”- sözləri elə-belə deyilməyib və bu qətiyyətin arxasında müəyyən razılaşmalar dayanır”.

ANAP-ın sədri onu da bildirdi ki, bu vəziyyətdə, Ermənistanın Minsk Qrupunun vasitəçiliyi ilə danışıqların aparılması təşəbbüsü ilə çıxış etməsi Rusiyanı şübhəsiz ki, qəzəbləndirər və ermənilərə baha başa gələ bilərdi: “Bu səbəbdən uzun müddət Azərbaycan tərəfinin təkliflərini cavabsız buraxan Ermənistan Minsk Qrupu həmsədrlərinin tərəfləri onun vasitəçiliyi ilə birbaşa danışıqlara dəvət etməsi təklifindən dərhal yapışdılar. Baş nazir N.Paşinyan elan etdi ki, Minsk Qrupunun təklif etdiyi qaydada birbaşa danışıqlara hazırdır. Azərbaycan Prezidenti də belə danışıqlara hazır olduğunu bəyan etdi.

Ermənilərin bu davranışında bütün işlərində olduğu kimi bir hiyləgərlik varmı? Təbii ki, var. Onlar yaxşı anlayırlar ki, istədiklərinə yalnız Minsk Qrupunun vasitəçiliyi ilə nail ola bilərlər. Təkcə Rusiyanın arbitrliyi ilə aparılan danışıqlar 44 günlük müharibədə olduğu kimi Azərbaycanın istəklərinin reallaşması ilə nəticələnə bilər. Təsadüfi deyil ki, iki ay əvvəl, Moskvada Rusiya prezidenti ilə görüşdükdən sonra Azərbaycan prezidenti qətiyyətlə bəyan etdi ki, “Biz - Rusiya və Azərbaycan hesab edirik ki, müharibə başa çatıb, münaqişə başa çatıb”. Məhz bu bəyanatdan sonra Ermənistan rəhbərliyi Minsk Qrupu həmsədrlərinin 29 iyul müraciətindən “saman çöpü” kimi yapışdılar. Tamamilə mümkündür ki, bu təklifi Minsk Qrupuna elə ermənilər özləri ötürmüşdülər. Demək lazımdır ki, həm Azərbaycan, həm də Rusiya Minsk Qrupunun fəallaşmasında qətiyyən maraqlı deyil. Əsas tərəflərin belə mövqe tutması səbəbindən onun vasitəçiliyi ilə birbaşa danışıqlar aparılması təşəbbüsünün hansısa razılaşmaya gətirib çıxarması qeyri-mümkündür. Çünki bir tərəfdən Rusiya buna imkan verməyəcək, digər tərəfdən, Azərbaycan da inzibati-ərazi vahidi kimi ləğv olunan “Dağlıq Qarabağa” hər hansı status vermək cəhdlərinə qarşı kəskin etiraz edəcək. Bu səbəbdən, təklif olunan birbaşa danışıqların hər hansı nəticəyə gətirib çıxaracağına inanmaq sadəlövhlükdür”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə